Azərbaycanlı alimin Daşkənddə “su və torpaq dərsi”

post-img

Azərbaycan Elm və Təhsil Nazirliyi Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev Özbəkistana səfəri çərçivəsində Daşkənddəki “İrriqasiya, Meliorasiya və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi” İnstitutunda olub, qurumun rəhbəri ilə görüşüb. Görüşdə institutun rəhbərliyi və eimi işçiləri iştirak ediblər.

Əlövsət Quliyev elmi heyət qarşısında çıxış edib, əməkdaşların müxtəlif sualları­na cavab verib, fikir mübadiləsi aparıb. O, Özbəkistanda və Azərbaycanda torpaq­ların şoranlaşması, su mənbələrindən səmərəli istifadə, su itkisinin qarşısının alınması, ta qədimdən fəaliyyət göstərən kəhrizlərin dirçəldilməsi və bu istiqamət­də digər problemlərə toxunub. 

Professor öz məruzəsində bildirib ki, sudan səmərəli istifadə, su itkisinin qarşı­sının alınması Azərbaycan Prezidentinin diqqət mərkəzindədir. Dövlət başçısı de­yib: “Bizim su ehtiyatlarımız o qədər də geniş deyil və əsas su mənbələrimiz sər­hədlərimizin kənarında formalaşır. Ona görə hər damcı su bizim üçün önəmlidir”. 

Görüşdə qeyd edilib ki, bu sahədə türkdilli ölkələrin mütəxəssislərinin birgə fəaliyyəti çox faydalı olar. Türk xalqları ta qədimdən sudan səmərəli istifadə etmək mədəniyyətinə malikdirlər. Uzun zaman ərzində türklər yaşadıqları ərazilərdə kifayət qədər kəhriz, ovdan, sərdabə, ərzaq saxlacı, qırxpillə, etibarlı və təmiz suyu olan su quyuları inşa etmişlər. Bun­lar quraq iqlim zonalarında ən etibarlı su mənbəyi kimi bu gün də öz əhəmiyyətini saxlamaqdadır. 

Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri

Daşkənd

Mədəniyyət