Uşaq dünyasının nəğməkarı

post-img

Oqtay Zülfüqarov – 95

Neçə-neçə nəsil onun mahnıla­rı ilə böyüyüb. Ömrünün 60 ilindən çoxunu Azərbaycan mədəniyyətinin inkişafına həsr edən Oqtay Zülfüqa­rov 500-dən çox uşaq mahnısı yazıb. İlhamını körpələrin şirin sözlərindən, saf baxışlarından alardı. Yaratdığı nəğmələri sevimli balaların dilindən eşitmək onun ömrünə ömür qatırdı. Bu barədə söz düşəndə deyərdi: “Mən xoşbəxtəm ki, uşaqlarla işləyirəm. Uşaqlar məni cavanlaşdırır, qocal­mağa qoymurlar”. Elə uşaqlar da onu fəxrlə özlərinin nəğməkar babası sa­yırdılar. 

Oqtay Zülfüqarov 1929-cu il mayın 31-də Bakının Pirşağı qəsəbəsində anadan olub. Onda ilk musiqi vərdişlərinin yaran­masına, bəlkə də, ləpədöyənində böyü­düyü Xəzərin nəğməli sahillərinin aurası səbəb olub. Musiqi məktəbinin violoncel sinfini, ardınca Asəf Zeynallı adına Mu­siqi Məktəbi və Dövlət Konservatoriyasını bitirib. Böyük bəstəkar, professor Qara Qarayevin tələbəsi olub. Silsilə uşaq nəğ­mələri ilə tanınıb. Bəstəkarın “Yaz gəlir”, “Maşınımı sürürəm”, “Qucağında, nənə, sən”, “Lavaş”, “Kim sevirsə idmanı”, “Fut­bolçular”, “Can nənə”, “Qonaqlıq”, “Nağa­ra”, “Göy Xəzər”, “Gözəl Bakı”, “Bayraq”, “Gözəl Vətən”, “Ad günü”, “Musiqi bayra­mı” kimi mahnıları dillər əzbəridir. 

O, uşaqlar üçün “Qız-ulduz”, “Pişik və Sərçə” və “Meşə nağılı” operalarını da ya­zıb. “Şəngülüm, Şüngülüm və Məngülüm” adlı musiqili komediya, violoncel və fleyta üçün konsertlər, simfonik poemalar, kan­tatalar, 4 simfoniya, 2 balet, instrumental pyeslər, teatr və kino üçün musiqi yazan bəstəkar böyük simfonik orkestr üçün ya­ratdığı “Şənlən, mənim xalqım” uvertüra­sı kimi bir çox məşhur musiqi əsərlərinin, dərsliklərin də müəllifidir. Uvertürası ilə Moskva müsabiqəsində laureat adına la­yiq görülüb. 

Uzun illər “Tumurcuq” və “Aysel” Uşaq Mahnı Teatrı Oqtay Zülfüqarovun rəhbər­liyi ilə Azərbaycan Dövlət Televiziyasında verilişlər hazırlayıb. Dövlət Uşaq Filarmo­niyasının bədii rəhbəri işləyib. Bəstəkar həm də şeirlər yazıb və onlar “Oxuyur Ay­sel” adlı topluda işıq üzü görüb. 1972-ci ildə isə Əməkdar incəsənət xadimi adına, 2000-ci ildə Xalq artisti adına, 2009-cu ildə “Şöhrət” ordeninə layiq görülüb. Pre­zidentin fərdi təqaüdçüsü olub. 

Həzin mahnılarından biri Teymur Elçi­nin müəllifi olduğu “Səhər-səhər bağçada bir sərçə dən yeyirdi” sözləri ilə başlanan bəstəkarın səpdiyi sənət toxumları çox sağlam cücərtilər verib. Leyla, Züleyxa və Cahangir adlı musiqiyə bağlı layiqli öv­ladları var. Oğlu Cahangir Zülfüqarov ata yolunu davam etdirir, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının mu­siqi hissə müdiridir. Bir sıra tamaşaya mu­siqi bəstələyib, sənədli filmlərə mahnı və romanslar yazıb. Əməkdar incəsənət xa­dimidir. Cahangir müəllim fleyta və simfo­nik orkestr üçün bəstələdiyi “Ümid adası” simfonik qravürlərini atasının xatirəsinə ithaf edib. Həmin əsərdə fleytada solo ifa Cahangir müəllimin qızı, beynəlxalq müsabiqə laureatı Əminə Zülfüqarovaya məxsusdur. Onun nəvələri Emili Zəkiyyə, İnarə, Əfrasiyab estafetin gənc davamçı­larıdır.

Cahangir Zülfüqarovun “XQ”yə müsahibəsində dediklərindən: 

– Atam bütün varlığı ilə musiqiyə bağlı idi. Na yazdısa, ürəklə yazdı. Buna görə də əsərləri əbədiyaşarlıq qazanıb. Çoxlu yetirmələri var. Qayğıkeş müəllim, ailə başçısı, uşaq dünyasının bilicisi idi. Bu gün də saf bəhrələri ilə ətrafa işıq, sevgi, mərhəmət saçır. Onun bütün keyfiyyətləri­ni yaşatmağa çalışmağımla fəxr edirəm...

Bir vaxtlar çalışdığım dövlət televizi­yasında mərhum iş yoldaşlarım Firudin Ağayevlə Oqtay Babazadənin ssenari müəllifi və quruluşçu rejissoru olduqları “Leyla və onun dostları” adlı bədii-sənədli film Oqtay Zülfüqarovun qızı, balaca mü­ğənni Leylaya həsr olunub. Həmin film Ümumdünya gənclər festivalında II mü­kafata layiq görülüb, 70-ci illərdə tez-tez göstərilirdi. Leyla xanım hazırda Bakı Xo­reoqrafiya Kollecində dərs deyir. 

Züleyxa xanım ailəsi ilə ABŞ-da yaşa­yır, musiqiyə sıx bağlı soydaşlarımız kimi tanınırlar. Nəvəsi, rejissor Şamil Nəcəfza­dənin kiçik qızı Məryəm artıq tanınmış xo­reoqrafdır. Bir sözlə, bu nəsildə musiqiyə bağlı olmayan kimsə yoxdur.

Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direkto­ru, Əməkdar incəsənət xadimi Nazim Kazımov:

– Əvvəla, fəxrlə deyim ki, Oqtay Zül­füqarov bizim kollecin yetirməsi olub. Demək olar, bütün yubileylərində şəxsən iştirak etmişəm. Foyemizdə şəkli asılıb, hər gün salam verib ötürük. Biz həm də onunla ailəvi dost olmuşuq. Novxanıda­kı bağ evini öz əlləri ilə tikib qurmuşdu. Təbiəti sevirdi, ona görə də əsərləri çox təbiidir onun. Bəstəkarlığı bir ayrı aləm idi. Mənim diplom rəhbərim, professor Vidadi Xəlilov Oqtay Zülfüqarovdan gözəl bir monoqrafiya yazıb. Bəstəkar, rəssam, şair, yazıçı, müəllim, rejissor, heykəltəraş, bir sözlə, tam yaradıcı insan olan Oqtay Zülfüqarov gözəl, dolğun bir həyat yaşa­yıb. Həmişə qəlbimizdədir. 

Qeyd edək ki, ötən həftə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının səhnəsin­də böyük musiqiçi Oqtay Zülfüqarovun 95 illiyinə həsr edilmiş konsert proqramı verilib. Xatirə gecəsi uşaqların fəal işti­rakı ilə qeyd olunub. Uşaq filarmoniyası­nın “Şəms” uşaq xoru, “Güləbətin” vokal ansamblı bəstəkarın məşhur mahnılarını ifa ediblər. Bütün çıxışlar çöhrələrə təbəs­süm qondurub. 

Ə.DOSTƏLİ
XQ

Mədəniyyət