Maarifçi mütəfəkkirin həmişəyaşar irsi

post-img

Xəzər Universitetində Azərbaycan tarixşünaslıq elminin əsasını qoyan alim, şair və ədib Abbasqulu ağa Bakıxanovun əsərlərinin təqdimatı olub. Mərasim maarifpərvər alimin anadan olmasının 230-cu ildönümü münasibətilə universitetin nəzdində fəaliyyət göstərən Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun dəstəyi ilə təşkil edilib.

Xəzər Universitetinin təsis­çisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ensiklopedik zəka sahibi Abbasqulu ağa Bakıxanovun zəngin həyat yolundan, yaradıcılığından, Azərbaycan tarixşünaslığın­dakı rolundan danışıb.

Sonra çıxış edən Nizami Gəncəvi adına Milli Azərbay­can Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin de­putatı, akademik Rafael Hü­seynov Abbasqulu ağa Ba­kıxanovun tərcümə və nəşr olunan əsərlərinin əhəmiyyə­tini vurğulayıb. O bildirib ki, “Təhzibi-Əxlaq” əsərini 1980-cı illərdə tanınmış tərcümə­çi-alim Məmmədağa Sulta­nov tərcümə edib, lakin sovet ideoloji-siyasi yanaşmaları bu əsərin tam şəkildə Azərbay­can oxucusuna çatdırılmasına mane olub. Alim qeyd edib ki, bu əsərlərin yeni tərcümədə və farsca orijinal mətnləri ilə birlikdə yenidən oxucu au­ditoriyasına təqdim edilməsi Bakıxanovun dərin məzmunlu və əhatəli yaradıcılığı ilə bağlı gələcək tədqiqatlar üçün yeni cığırların açılmasına zəmin yaradır.

Əsərləri tərtib və tərcümə edən müəlliflər – Şəhram Oro­mi və Hədiyyə Zəhra Əhmədi kitabların çapa hazırlanma­sı prosesindən danışıblar. Diqqətə çatdırılıb ki, Bakıxa­novun 1831–1837-ci illərdə fars dilində nəsrlə yazılmış “Təhzibi-əxlaq” əsəri Azərbay­canda və İranda mövcud olan 4 əlyazma nüsxəsi əsasında çapa hazırlanıb, tərcümə və şərh edilib. 1829-cu ildə fars dilində irfani mövzuda yazıl­mış mənzum “Mirat ül-cəmal” əsərinin isə Tehranda İran Milli Kitabxanası və Sənədlər Mərkəzində saxlanılan ye­ganə və tam əlyazma nüsxəsi əsasında ilk dəfə elmi-tənqidi mətni hazırlanıb, xülasə şək­lində Azərbaycan dilinə tər­cümə olunub. 

Sonda Bakıxanovlar nəs­linin davamçısı, görkəmli bəstəkar, Xalq artisti, “Şöhrət” ordenli professor Tofiq Ba­kıxanov çıxış edərək əsərləri tərtib və tərcümə edən müəl­liflərə, eləcə də təqdimat mə­rasiminin təşkilatçılarına min­nətdarlığını bildirib.

XQ

Mədəniyyət