Estetik tərtibat şəhərləri gözəlləşdirir, turist axınını artırır
Şəhərlərin mənzərəsini yalnız binalar, yollar və parklar deyil, həm də onların ruhunu əks etdirən ictimai incəsənət nümunələri formalaşdırır. Divar rəsmləri, heykəllər, installyasiyalar və müxtəlif bədii layihələr şəhərlərin ümumi görünüşünə rəng və dinamika gətirir, sosial inkişafa təkan verir.
İctimai incəsənət mədəniyyəti muzeylərin divarları arasından kütləvi məkanlara daşıyır və onu hər kəs üçün əlçatan edir. Eyni zamanda, şəhərin mədəni özəlliyini və tarixini özündə əks etdirir. İçərişəhərdəki kiçik heykəllər və installyasiyalar qalanın zəngin tarixindən bəhs edir, sənət layihələri isə gənclərin yaradıcılığını təşviq edərək şəhər məkanını özünüifadə platformasına çevirir. Bu sənət növü müxtəlif sosial qrupları birləşdirir, insanlar arasında əlaqələri gücləndirir və tolerant mühit formalaşdırır.
İctimai incəsənətin rolu təkcə sosial faydalarla məhdudlaşmır, onun iqtisadi tərəfi də qazanc gətirir. Maraqlı divar rəsmləri və digər sənət nümunələri şəhərlərin turizm potensialını artırır və yeni cəlbedici marşrutlar yaradır.
Dünyanın bir çox yerində ictimai incəsənət şəhərsalmanın ayrılmaz hissəsidir. Məsələn, Berlin divarının qalıqları üzərindəki "Şərq Tərəfi Qalereyası" və Nyu-Yorkun küçə sənəti ilə məşhur Bruklin kimi məkanlar hər il milyonlarla turisti cəlb edir. Çilinin Valparaiso şəhəri isə bütövlükdə “açıq hava qalereyası”dır. Bu incəsənətin təkan verdiyi turizm axını yerli iqtisadiyyata birbaşa töhfə verir. Sənət əsərlərinin yerləşdiyi məkanlar kafe, restoran və kiçik bizneslərin yaranmasına səbəb olur. Barselonada Gaudi parkları, Berlində müasir küçə sənəti, San Pauloda “Batman Alley” kimi yerlər şəhərlərin tanınma nişanına çevrilib.
Azərbaycanda da son illərdə bu sahədə diqqətçəkən işlər görülür. Paytaxtımız, sadəcə, tarixi abidələr və müasir memarlıq əsərləri ilə deyil, həm də maraqlı incəsənət nümunələri ilə diqqəti cəlb edir. Şəhərin tarixi mərkəzi olan İçərişəhərdən bayır şəhərə keçdikcə fərqli sənət nümunələrinə rast gəlmək mümkündür. Heydər Əliyev Mərkəzi ətrafındakı parkda müasir installyasiyalar sərgilənir. Ağ Şəhər layihəsində isə rəngarəng heykəllər şəhərin yeni görünüşünü tamamlayır. Dənizkənarı Bulvar bütünlüklə açıq hava qalereyasıdır. Bulvar boyu yerləşən müasir heykəllər və installyasiyalar sakinlər və turistlər üçün geniş estetik mühit yaradır.
Şəhərdə küçə sənəti də inkişaf etməkdədir. Ağ Şəhər və Nərimanov rayon ərazisində rast gəlinən qraffiti və mural rəsmləri Bakının, sadəcə, turizm mərkəzi deyil, həm də sənətin inkişaf etdiyi şəhər olduğunu göstərir. Küçə sənətinə aid maraqlı nümunələrə Bakının müxtəlif yerlərində, o cümlədən Qala qəsəbəsində, "Olimp" mağazasının yaxınlığında, Tiflis və Azadlıq prospektlərində, eləcə də 3-cü mikrorayon dairəsində rast gəlinir. Park Bulvarın dayanacağında qraffiti festivalından qalan rəsmlər də diqqəti cəlb edir.
Beləliklə, şəhərləri cazibədarlaşdıran bu sənət növündən, sadəcə, boş divarları bəzəmək üçün deyil, insanların sosial və mədəni həyatını zənginləşdirmək, gəlir əldə etmək və ən əsası, cəmiyyəti estetik duyğu-düşüncələr çevrəsində toparlamaq, əyləndirmək, düşündürmək üçün istifadə olunur.
Arzu ƏLİYEVA
XQ