Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) bu günlərdə əlamətdar bir görüşə ev sahibliyi edib. Türkiyə Respublikasının İğdır Universitetinin rektoru, eyni zamanda Türkiyə Azərbaycan Dərnəyinin (TAD) prezidenti Prof. Dr. Ekrem Gürel ADAU-ya rəsmi səfər edib. Səfər çərçivəsində iki qardaş ölkənin ali təhsil ocaqları arasında əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub.
ADAU-nun rektoru Zəfər Qurbanov qonağı səmimiyyətlə qarşılayaraq bildirib ki, Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətləri artıq sadəcə emosional təməl üzərində deyil, strateji tərəfdaşlığa əsaslanan sistemli əməkdaşlığa çevrilib:
“Elm və təhsil sahəsindəki inteqrasiyamız artıq konkret nəticələr vermək mərhələsinə çatıb. Bu günkü görüşümüz də universitetlərimiz arasında elmi-tədqiqat, tədris, tələbə və müəllim mübadiləsi sahələrində əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir.
Zəfər Qurbanov vurğulayıb ki, qarşılıqlı səfərlər və birgə təşəbbüslər yalnız universitetlərin inkişafı ilə məhdudlaşmır – bu, bütövlükdə aqrar sahədə mütəxəssis hazırlığı sisteminə yeni nəfəs verir:
“Birgə layihələr, ortaq elmi konfranslar, müştərək təhsil proqramları, o cümlədən innovativ təşəbbüslər hər iki ali təhsil ocağı üçün faydalı olmaqla yanaşı, ölkələrimizin kənd təsərrüfatı sektorunun gücləndirilməsinə də real töhfə verəcək.”
Prof. Dr. Ekrem Gürel isə səmimi qarşılanmaya görə təşəkkürünü bildirərək qeyd edib ki, İğdır Universiteti Azərbaycanla elm və təhsil sahəsində əməkdaşlığı daim prioritet hesab edir:
“Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığa böyük önəm veririk. Aqrar təhsil sahəsində də bu yaxınlıq və əməkdaşlıq bizi daha yüksək hədəflərə aparacaq. Əminik ki, qarşılıqlı səylər aqrar sahədə ixtisaslı kadrların yetişdirilməsi üçün mühüm baza yaradacaq.”
Səfər çərçivəsində ADAU-nun müasir infrastruktur imkanları qonaqlara təqdim olunub. Prof. Dr. Ekrem Gürel və nümayəndə heyəti Universitetin müasir elmi laboratoriyaları, qapalı balıq yetişdirmə laboratoriyası, vivariumu və yenidən qurulan ADAU TV studiyası ilə tanış olublar. Bu obyektlər ADAU-nun yalnız tədris deyil, həm də praktiki biliklərin formalaşdırılması baxımından mühüm potensiala malik olduğunu bir daha nümayiş etdirib.
Bu səfər bir daha göstərdi ki, “Bir millət, iki dövlət” şüarı artıq elm və təhsildə konkret nəticələrlə yaşayır. ADAU ilə İğdır Universiteti arasındakı əməkdaşlıq isə gələcək illərdə iki ölkənin aqrar sahədə lider mövqeyini daha da möhkəmləndirəcək.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Gəncə