Gəncə: Uşaq evindən universitetə gedən yol

post-img

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bu günlərdə şəhər üçün qürurverici bir hadisəyə imza atıb. O, 4 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsinin yetirməsi, ali məktəbə qəbul olaraq tələbə adını qazanan Ayşən Quliyeva ilə görüşüb. Bu görüş sadəcə rəsmi bir təbrik mərasimi olmayıb,  bu həm də bir övladın dövlətin qayğısı ilə necə yüksəldiyinin bariz nümunəsi olub.

Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, eləcə də İcra Hakimiyyəti Aparatının əməkdaşları iştirak edib.       Gənclərin təhsilinə və inkişafına böyük önəm verən Niyazi Bayramov Ayşəni təbrik edərək onun timsalında bütün gənclərə uğurlar arzulayıb. O, çıxışında qeyd edib ki, ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən biri gənclərin hərtərəfli inkişafı və təhsilə bərabər çıxışının təmin olunmasıdır:“Ayşənin uğuru bir daha göstərdi ki, istək, əzmkarlıq və dövlət qayğısı bir araya gələndə hər şey mümkündür. Biz hər bir gəncin yanındayıq.”

4 saylı Uşaq evi Sosial Xidmət Müəssisəsinin direktoru Nazilə İsmayılova isə Ayşənin illər ərzində göstərdiyi əzmkarlığı və təhsilə olan bağlılığını xatırladıb. Onun sözlərinə görə, Ayşən Gəncə şəhəri S.Vəliyev adına 34 saylı məktəbin fəal və çalışqan şagirdlərindən biri olub. Uşaq evinin müəllim və tərbiyəçiləri tərəfindən ona daim dəstək göstərilib, fərdi hazırlıqlarla universitetə qəbul imtahanına peşəkar səviyyədə hazırlanıb.

Ayşən Quliyeva Gəncə Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə, “Biznesin idarə edilməsi” ixtisasına qəbul olunub. Bu uğur təkcə onu sevindirməyib, yüzlərlə uşaq da sevinib, sabaha, gələcəyə ümidləri çoxalıb.

Görüş zamanı xüsusi vurğulanıb ki, Ayşən kimi gənclərin qazandığı uğurlar digər uşaq evi sakinləri üçün də güclü motivasiya mənbəyidir. Bu cür uğurlar onların cəmiyyətə inteqrasiyasını sürətləndirir, gələcəkdə öz ayaqları üzərində möhkəm dayanaraq uğurlu karyera qurmaq imkanlarını genişləndirir.

Ayşənin sevinc dolu baxışları, həyəcanla danışdığı gələcək planları və minnətdarlıqla səsləndirdiyi sözlər bir daha sübut etdi: dövlətin himayəsində böyüyən hər bir gəncin uğur hekayəsi yazmaq haqqı var. Yetər ki, o gəncə inanılsın, şərait yaradılsın və ən əsası – diqqət göstərilsin.

Bu gün Ayşənin adı universitet siyahılarında, sabah isə ölkəmizin inkişafında olacaq.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri





Sosial həyat