Çağdaş udmurt ədəbiyyatının, mədəniyyətinin görkəmli nümayəndəsi, Xalq yazıçısı Vyaçeslav Ar-Serginin “Sonuncu hərbi əmr” kitabı Azərbaycanda nəşr olunub. Bu, nəinki müəllifin, ümumən udmurt ədəbiyyatının Azərbaycanda, o cümlədən Qafqazda işıq üzü görən ilk kitabı olmaq özəlliyi ilə seçilir.
Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ortaq işi olan “Sonuncu hərbi əmr”in layihə rəhbəri Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı, məsləhətçiləri – Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa, Tatarıstanda yaşayan soydaşımız, tanınmış ictimai xadim İsmət Orucəliyev, rəyçiləri isə BAMF prezidenti Umud Rəhimoğlu, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, DGTYB başqanı İntiqam Yaşardır.
Udmurt yazıçısının hekayələrini ruscadan Azərbaycan dilinə DGTYB Məsləhət Şurasının üzvləri olan ədiblər – Ruhəngiz Əliyeva, Rəsmiyyə Sabir, Həyat Şəmi, Şahnaz Kamal, Talehə Əliyeva, İbrahim İlyaslı, Şəfəq Sahibli, Şahməmməd Dağlaroğlu çevirib. Kitabın redaktorları Əkbər Qoşalı və DGTYB üzvləri Xəyalə Zərrabqızı, Xəyalə Sevildir.
“Avrasiya PRESS” Nəşriyyat Evində çıxan kitaba Umud Rəhimoğlu “Ön söz” yazıb. Redaktorların qələmə aldığı “Kiçik əhvalatlar... Böyük həqiqətlər” adlı tanıtım yazısında isə yazıçının hekayələri əsasında ədəbi portreti yaradılıb.
Vyaçeslav Ar-Serginin hekayələrinin əsas süjet xətti kompozisiya strukturundan daha çox yazıçının özü ilə mükaliməsi şəklində qurulur. Xalq yazıçısı sanki təhtəlşüur qatında yazdığı hekayələrlə ruhundan süzülənləri, xoşməramlı gizlinlərini oxucusuna pıçılıdayır.
Vyaçeslav Ar-Sergini oxuyarkən onun hisslərinə ortaq olur, əsər boyu ədibin qəhrəmanları ilə birgə düşünür, onlarla gülür, ağlayırıq...
Zərifə HÜSEYNOVA
XQ