Laçın rayonunda Torpaq çərşənbəsinə həsr olunmuş Novruz yarmarkası keçirilib. Tədbir rayondakı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə təşkil olunub.
Həkəri çayının sahilində keçirilən bayram yarmarkasında Laçında fəaliyyət göstərən bir sıra müəssisə və təsərrüfatlar öz məhsullarını nümayiş etdiriblər. Yarmarkada “Naxışlı” tikiş evi, “Latifa” tekstil və dekor məhsulları, “Can Laçın” müalicəvi otlar və kompot istehsalı, “Pirşağı” yerli ayaqqabı istehsalı, “Yurd” Qalereyası, xalçaçılıq emalatxanası, arıçılıq təsərrüfatları, “Raisa İz” milli şirniyyatları, Həkəri Balıq Təsərrüfatı, “RiverSide” ailəvi istirahət mərkəzi və “Laçın” çörək sexi iştirak ediblər.
Yarmarka çərçivəsində, həmçinin xalqımızın qədim adət-ənənələrini əks etdirən eksponatlar nümayiş etdirilib, ziyarətçilərə milli dəyərlərimizin zənginliyi təqdim olunub.
Bayram şənliyi Dədə Qorqud, Keçəl, Kosa və Bahar qızının meydana daxil olması ilə daha da rəngarəng və şən ovqat alıb. Tədbir Laçın rayon məktəblilərinin hazırladığı konsert proqramı, milli rəqslər və musiqi nömrələri ilə davam edib.
Daha sonra Laçın rayonunda keçirilən ictimai tədbirlərdə fəal iştirak edərək fərqlənən şəxslərə təşəkkürnamələr təqdim olunub.
Tədbir çərçivəsində “Azərçay” brendi, “Araz”, “OBA”, “Al” və “Rahat” marketlər şəbəkəsi tərəfindən iştirakçılara müxtəlif bayram sovqatları təqdim olunub.
Sonda Novruzun əsas rəmzlərindən olan bayram tonqalı alovlandırılıb və tədbir iştirakçıları birlikdə baharın gəlişini, yenilənmə və ümid rəmzi olan Novruz bayramını böyük coşqu ilə qeyd ediblər.
Bundan əlavə, Torpaq çərşənbəsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər.
Xüsusi nümayəndəliyin rəsmisi əvvəlcə şəhid Rəsul Şahverdiyevin ailəsində olub. Şəhidin həyat yoldaşı İntizar Zülfüqarova ilə görüş zamanı ailənin qayğıları ilə maraqlanılıb, Novruz bayramı münasibətilə təbriklər çatdırılıb.
Sonra şəhid Vaqif Salmanzadənin evində olaraq şəhidin həyat yoldaşı Suqra Həmidova ilə görüş keçirilib, ailənin sosial vəziyyəti və gündəlik qayğıları ilə maraqlanılıb.
Paşa ƏMİRCANOV
XQ


