Cahana sığmayan Nəsimi poeziyası

post-img

Heydər Əliyev Fondunun dəstəyi ilə üç dildə hazırlanan “İmadəddin Nəsimi. Mən bu cahana sığmazam” kitabının martın 17-də Bakı Kitab Mərkəzində təqdimatı keçirilib.

Layihənin rəhbəri Maya Dzirkvelişvilidir. Kitab layihənin həmmüəllifi Taleh Ziyadovun təşəbbüsü ilə hazırlanıb. Nəşrin sponsorları Gürcüstanın “Wondernet Express Investment Group” şirkəti və Dimitri Abduşelişvilidir.

Azərbaycan, ingilis və rus dillərində hazırlanan kitabın xüsusi bölməsində 47 il ömür sürmüş dahi şairin 47 seçilmiş əsərinə yer verilib.

Təqdimat mərasimində gürcüstanlı həmfikirləri adından çıxış edən Mamuka Murjikneli kitabın nəşrinin Azərbaycan xalqı və mədəniyyəti üçün böyük nailiyyət olduğunu qeyd edib.

Kitabın tərtibatında fəal iştirak etmiş Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi deyib: “Kitabın üç dildə nəşri bizi çox sevindirdi, həm də çox böyük çətinliklər yaratdı. Çünki Nəsimi irsi o qədər simvolik, o qədər rəmzlərlə, dərin fəlsəfi məsələlərlə zəngin olan xəzinədir ki, onu başqa dillərə çevirəndə necə alınacağı bizi çox düşündürdü”. Filologiya üzrə fəlsəfə doktoru, professor Səadət Şıxıyeva Nəsimi irsinə çox gözəl bir töhfənin hazırlandığını, ilk dəfə belə nəfis nəşrin şahidi olduğunu söylədi.

Layihənin koordinatoru, tarixçi-alim Səbuhi Əhmədov Nəsimi irsinin təbliği ilə bağlı görülən işlərdən danışıb və bunların dahi şairin xatirəsinə layiqli bir töhfə olduğunu bildirib. Kitabın Nəsimi irsinə qayıtmaq üçün unikal bir fürsət olduğunu qeyd edən S.Əhmədov fikirlərinə belə davam edib: “Bu istiqamətdə işə başlayanda bir az tərəddüd etdik. Nəsiminin ədəbi irsi, fəlsəfi düşüncəsi o qədər zəngin idi ki, əvvəlki kitablardan fərqli bir iş ortaya çıxarmaq üçün çalışdıq. Ən yaxşı nəşriyyat, ən yaxşı dizayn qrupu, ən tanınmış tərcüməçilər bu işə cəlb olundu və ortaya gözəl bir iş çıxdı”.

Tədbir bədii hissə ilə davam edib.

XQ

Mədəniyyət