Amerikalı Marta necə aşıq oldu?
Azərbaycanın zəngin musiqi irsi, dərin folklor ənənələri və sazın sehrli sədaları dünyanın müxtəlif guşələrindən insanları cəlb edir. Bu musiqi xalqın ruhunu, tarixini və ənənələrini daşıyan canlı yaddaşdır. Elə buna görədir ki, fərqli mədəniyyətlərdən olan insanlar belə bu sədalara biganə qala bilmir, ölkəmizi daha yaxından tanımağa can atırlar.
Onlardan biri də Azərbaycana olan sevgisi ilə sazda ifa etməyi öyrənmiş, amerikalı olsa da, ürəyi Azərbaycanla döyünən Marta Lauiridir. Dilimizi, milli musiqimizi öyrənən Marta aşıq sənətinin incəliklərini də mənimsəyib. Bu gün o, övladlarını Azərbaycan bayrağı altında böyüdür, onlara Vətən sevgisi aşılayır.
Amerikalı aşığın bu torpaqlara olan sevgisini özündən eşitmək üçün onunla həmsöhbət olduq.
– Azərbaycanla ilk tanışlığınız necə olub, sizi ölkəmizə belə dərindən bağlayan nə idi?
– Əslində, bu hekayə çox illər əvvəl başlamışdı. Mən 2005-ci ildə Rusiyaya getdim və Pyatiqorsk Dövlət Dilçilik Universitetinə qəbul oldum. Orada Qafqazdan gələn tələbələrlə dostlaşdım. Onlara çox böyük hörmətim vardı. Çünki öz mədəniyyətlərinə çox bağlıdırlar və bu bağlılıq hər sahədə hiss olunur.
Xüsusilə, müsəlman qızlarında güclü ailə dəyərləri, valideynə hörmət, təhsilə ciddi yanaşma və mədəni kimliklərini qorumaq istəkləri diqqətimi çəkdi. Onlar tez-tez milli adət-ənənələrindən danışardılar. Bütün bunlar məndə dərin sevgi hissləri yaratdı. Qaraçaylar və məhsəti türkləri arasında dostlarım vardı. Elə orada ikən Azərbaycanı tanıdım. Sonralar bir neçə dəfə Qafqaza getdim və o dağlara, sözün əsl mənasında, bir könüldən min könülə valeh oldum.
Rusiyadan ABŞ-a qayıtdıqdan sonra içimdə qəribə bir hiss var idi, sanki Qafqaz dağları məni özünə çağırırdı. Çünki bu dağlarda yaşayan xalqlar çox qədimdir, adət-ənənələrinə, rəqslərinə, mətbəxlərinə çox bağlıdırlar, öz millətləri, tarixləri ilə fəxr edirlər. Amerikada elə şey yoxdur, bizdə hər şey çox qarışıq və yenidir.
Mən Dallas şəhərində, Texasda təhsil alırdım. O illərdə Amerikada Azərbaycan haqqında geniş məlumat yox idi, indiki qədər tanınmırdı. Amma sanki mən hara getsəm, qarşıma mütləq Azərbaycan adı, ölkə ilə bağlı ornamentlər çıxırdı. Daha sonralar isə rusdilli insanlar axtarmağa başladım ki, dili unutmayım. Nə qədər axtarsam da, Dallasda ruslara rast gəlmədim. Amma daha doğma–Qafqazdan olan məhsəti türkləri ilə qarşılaşdım, tanış oldum. Onlar həm rus dilində, həm də öz ana dillərində danışırdılar. Bu icmaya “Ahısqa türkləri” deyirlər. Mən də onlara kömək etməyə başladım. Çünki ingilis dilini o qədər də yaxşı bilmirdilər.
Həmin ailə ilə tanışlıq Azərbaycana olan marağımı daha da artırdı, hətta bəzi amerikalılar məni azərbaycanlı kimi tanıyırdılar. Bir müddət sonra yay tətilində dostlarımla Bakıya gəldim. Şəhəri gəzdik, orada yaşayan amerikalılarla tanış olduq.
– Sazda ifa etməyi necə öyrəndiniz?
– Bakı böyük şəhərdir, halbuki mən Amerikada daha kiçik bir şəhərdə böyümüşəm. Ona görə də Bakıya gələndə bu böyüklük, səs-küy və küləkli hava mənə bir qədər yad təsir bağışladı. Bir gün şəhərdə gəzərkən təsadüfən bir ustanın sazda ifa etdiyini gördüm. Bu mənzərə məni çox təsirləndirdi, öz-özümə dedim ki, əgər bir daha Azərbaycana gəlsəm, mütləq bu alət və milli musiqi haqqında öyrənəcəyəm.
Sonradan magistratura üçün Qafqazda universitet axtaranda Xəzər Universiteti haqqında oxudum, bəyəndim və buranı seçdim. Azərbaycana yenidən qayıdanda artıq fərqli bir yol tutdum. Universitetdə oxuya-oxuya anladım ki, mən dili daha dərindən öyrənmək və mədəniyyətə daha yaxından bələd olmaq istəyirəm. Bu məqsədlə azərbaycanlı ailə axtarmağa başladım və nəhayət, Keşlə qəsəbəsində yaşayan Quliyevlər ailəsində yerləşdim.
Ailənin oğlu tez-tez saz çalırdı. Onun ifasını dinləyəndə bu alətə və mahnılara çox yaxınlıq hiss edirdim. Çünki musiqiyə həmişə xüsusi marağım olub. Amerikada olarkən gitara çalır, dostlarımla bir yerdə mahnılar oxuyurduq. O anların yaratdığı birlik və səmimiyyət hissi mənim üçün çox dəyərli idi. Azərbaycana gəldiyim ilk günlər bu mühit üçün darıxmağa başladım. Çünki burada insanlarla birlikdə musiqi ifa etmək imkanım yox idi. Amma sazda ifa olunan musiqiləri dinləyəndə fərqli atmosferlə qarşılaşdım. İnsanlar bir yerə yığılır, əl çalır, bəzən rəqs edir, bəzən də oxuyurdular. Bu isə mənə xoş ovqat bəxş etdi, elə həmin andan qərara gəldim ki, saz çalmağı öyrənməliyəm.
Bunun üçün müəllim axtardım və onun vasitəsilə yavaş-yavaş sazın sirlərini öyrəndim. Uşaqlıqdan musiqi alətləri ilə məşğul olduğum üçün o qədər də çətin olmadı. Amma burada əsas fərq o idi ki, mən əvvəllər notlara baxaraq ifa etməyə öyrəşmişdim, sazda isə xalq mahnıları, adətən, əzbərdən ifa olunur. Bu da bir az çətinlik törədirdi. Şeirlər öyrənməyə başladım. Bu da Azərbaycan dilini qavramağıma çox böyük təsir göstərdi. Xüsusilə Səməd Vurğunun əsərlərini oxuduqca anladım ki, poeziya ilə musiqi bir-birindən ayrılmazdır.
– Sizcə, aşıq sənəti Azərbaycan xalqının ruhunu və tarixini necə əks etdirir?
– Zaman keçdikcə, hiss etdim ki, aşıq sənəti daha çox kənd mühitindən qaynaqlanır. Yay aylarında həmin ailə ilə birlikdə Gədəbəyə getdim və orada maraqlı bir mənzərə ilə qarşılaşdım. Demək olar ki, hər evdə saz vardı. Bəzisi köklənmiş, bəzisi isə illərlə istifadə olunmamış vəziyyətdə idi. Amma yenə də o evlərdə yaşlı bir insanın sazı götürüb asta-asta ifa etdiyini görmək olurdu. Mənim üçün aydın oldu ki, Azərbaycan xalqının ruhu, hiss və düşüncələri ən çox saz havasında öz əksini tapır.
– ABŞ-da insanlar sazı və aşıq musiqisini necə qarşılayırlar?
– Mənə elə gəlir ki, Qərb ölkələrində saz və ümumiyyətlə, Azərbaycan musiqi alətləri haqqında kifayət qədər məlumat yoxdur. Halbuki orada insanlar yeni və fərqli musiqi üslublarına açıqdırlar. Sadəcə, bu aləti çox eşitmədikləri üçün hələ ona tam qiymət verə bilmirlər. Amma inanıram ki, eşitsələr, mütləq bəyənərlər. Çünki mən evimə gələn qonaqlara saz ifa edirəm, onlar bunu böyük maraqla qarşılayır, çox bəyənirlər, hətta bu aləti ifa etməyi öyrənmək istəyənlər də olur.
Bu gün dünyada musiqinin və mədəniyyətin yayılmasında rəqəmsal platformaların rolu böyükdür. Əgər sosial şəbəkələrdə tanınmış şəxslər, influenserlər saz ifa etsələr və ya bu alət haqqında danışsalar, düşünürəm ki, daha geniş auditoriya bu mükəmməl aləti tanıyar və sevər.
Hazırda sazı evimin baş köşəsinə qoymuşam. Onu daim ifa etməyi düşünürəm ki, ailəm, uşaqlarım da bu səsi eşitsin, gələcəkdə bu sənətə maraq göstərsinlər.
Söhbəti yazdı:
Ləman TƏHMƏZ
XQ

