Bahar oğlu

post-img

Rüstəm Məlikov – 70

Sərlövhəyə çıxarılan bu ad yazıçı Seyfəddin Dağlının 20 mart 1899-cu ildə dünyaya gəlmiş görkəmli dramaturq Cəfər Cabbarlının həyatından bəhs edən eyniadlı bioqrafiq-bədii romanından götürülüb. Haqqında söhbət açdığımız tanınmış jurnalist Rüstəm Məlikov da 70 il əvvəl Salyanda həmin gün dünyaya göz açıb.

Rüstəm hələ orta məktəb illərindən bu əziz günlərdə dünyaya gələn yaradıcı insanların həyatı barədə bilgilər toplayıb və onların yaradıcılığını özünə örnək götürüb. Seyfəddin Dağlının “Bahar oğlu” əsəri və “Bahar nə xoş gəlir, ruha dad verir, Xəyala, duyğuya qol-qanad verir”, – deyən Səməd Vurğunun “Bahar və mən” şeiri həmişə masasının üstündə, əlinin altında olub. Məhz bu maraq onu sözə, ədəbiyyata bağlayıb və çox çəkməyib ki, öz duyğu və düşüncələrini yazıya köçürməyin peşəkar yolunu seçib – BDU-nun jurnalistika fakültəsində təhsil alıb.

Rüstəm Məlikovun ilk qələm təcrübələrinin çap olunduğu tarixdən 50 ildən çox bir müddət keçir. Yazıçı Gülhüseyn Hüseynoğlunun “Mücrü”sündən bəhrələnərək, İmaməddin Nəsiminin haqqında yazdığı mənsur şeiri Salyanda nəşr olunan “Qələbə” qəzetində çap olunanda çox sevinib.

Peşəkar jurnalist fəaliyyətinə Azərbaycan Televiziyası və Radio Verilişləri Şirkətinin Salyan Rayon Radio Verilişləri Redaksiyasında başlayan Rüstəm müəllim sonralar rayonun “Qələbə” qəzetində müxbir, 2005-ci ildən 2025-ci ilə qədər qəzetin baş redaktoru işləyib. Hazırda isə ötən il MEDİA reyestrindən qeydiyyatdan keçərək “Ana Kürüm” adı ilə çap olunan qəzetin təsisçisi və məsul redaktoru kimi yaradıcılıq fəaliyyətini davam etdirir. Qəzet müstəqil ictimai-siyasi və maarifləndirici nəşr olaraq cəmiyyətdə ekoloji düşüncənin formalaşmasına və ictimai fəallığın artırılmasına mühüm töhfələr verməkdədir.

Rüstəm Məlikov, eyni zamanda, 15 ildən çoxdur ki, “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri kimi rayonda sanballı ekoloji maarifləndirici layihələr icra edir. Onun Salyan Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri kimi fəaliyyəti də təqdirəlayiqdir. İctimai nəzarət mexanizmlərinin gücləndirilməsi istiqamətində ardıcıl təşəbbüslərlə çıxış edir.

Onun dövlət və cəmiyyət qarşısındakı xidmətləri layiqincə qiymətləndirilib. Prezidentin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb, Azərbaycan milli mətbuatının 150 illik yubileyi medalı ilə təltif edilib. Həmçinin Azərbaycan Mətbuat Şurası tərəfindən Ali Media mükafatına layiq görülüb.

Rüstəm Məlikov Salyan rayonunun tanınmış şəxsiyyətlərinin həyatından bəhs edən 4 bədii-publisistik kitabın da müəllifidir. O, Azərbaycan Yazıçılar Birliyinin təqdimatı ilə 2024-cü ildə Prezident təqaüdçüsü olub.

Səmimi, mehriban insan olan Rüstəm müəllim hər zaman yolu Salyana düşən həmkarlarını bir ev sahibi kimi sevinə-sevinə qarşılayıb dost qayğısını əsirgəmir. Məsələn, ötən il rayon mərkəzindən xeyli uzaq olan bir kənddə şəhid ailəsinə baş çəkmək istəyirdik. Rüstəm müəllimdən “Ora necə getmək olar?” – deyə soruşduq. “Birlikdə gedəcəyik” – dedi və iş-gücünü atıb bizi özünün şəxsi minik avtomobilində həmin kəndə apardı, üstəlik də, şəhid balamızın haqqında yazını hazırlamaqda bizə lazımi kömək göstərdi. Biz ona təşəkkür edəndə isə dedi ki, dəyməz, mən bundan mənəvi zövq alıram. O, bax, belə həssas, dostcanlı bir insandır.

Ədəbi-publisistik və ictimai fəaliyyətini uğurla davam etdirən qələm dostumuz Rüstəm Məlikovu 70 illik yubileyi münasibətilə təbrik edir və ona gələcək fəaliyyətində yeni nailiyyətlər arzulayırıq.

Ə.DOSTƏLİ
XQ

Mədəniyyət