Ulu babaların misilsiz mənəvi yadigarı olan Novruz bayramı 10 ildir ki, Əfqanıstan, Azərbaycan, Hindistan, İran, İraq, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanın ortaq mirası olaraq Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi siyahısına salınıb. Əslində isə bu xalq bayramının yaşı minilliklərlə hesablanır.
Min illər öncə günəşin cənub yarımkürəsindən şimala keçdiyi, gecə ilə gündüzün bərabərləşib təbiətin yenidən oyandığı gün insanlar tərəfindən bayram edilib. Novruz fərqli dillərdə danışan, fərqli inanclar daşıyan insanları eyni günəşin doğuşunu, eyni yazın gəlişini, eyni yenilənmə sevincini paylaşmağa təşviq edir.
Novruz dünyada müxtəliflik içində birliyin mümkün olduğunu hər il yenidən xatırladır. Dünya səviyyəsində Novruzun bəşəriyyətin qeyri-maddi mədəni iri kimi qorunması yalnız bir bayramın deyil, həm də mətbəx ənənələrinin, xalq oyunları və adətlərinin, ümumiyyətlə, bir çox etnoqrafik yadigarların mühafizə olunmasıdır.
Adətən, Zərdüşt dünyagörüşünə bağlanan, işıq-zülmət mübarizəsinin simvolizmi olaraq tonqallarla qeyd edilən bu bayramın rəmzi olan səməni onun məhz təbiətlə bağlılığının sübutudur. Novruz bayramı minilliklərdir təbiətin oyanışını simvolizə edən səməni cücərdilməsi ilə müşayiət olunur.
Novruzun hər çərşənbəsi özünəməxsus rituallar və yeməklərlə qeyd olunur. Su çərşənbəsində ev-eşik təmizlənir, od çərşənbəsində tonqallar qalanır, buğda qovrulur, yel çərşənbəsində yelləncəklər asılır, torpaq çərşənbəsində kükülü plov bişirilir. Novruzun özünəməxsus şirniyyatları – şəkərbura, paxlava, qoğal süfrələri bəzəyir. Süfrəyə S hərfi ilə başlayan yeddi təam qoyulur.
Ən qədim Novruz təamlarından biri isə “səməni” və ya “səməni halvası” dır. Əsasən tərkibi cücərdilmiş buğda, su və undan ibarət olan səməninin tərkibi onun qədimliyindən xəbər verir. “Səməni”, “səməni halvası”, “sumalak” (Özbəkistan) kimi adlarla tanınan bu qədim təam eyni tərkiblə müxtəlif qatılıqda hazırlanır. Bəzi regionlarda qatı halva şəklində olan “səməni halvası”, bəzilərində isə qatı maye şəklində “səməni” bişirilir.
Səməni bişirmək üçün buğda müəyyən qədər cücərdilir, sonra nişastası çıxarılaraq su və unla qarışdırılaraq bişirilir. Nəticədə, çox şirin dadlı buğda rənginə yaxın duru səməni və ya qatı, tünd rəngli halva alınır. Səməni halvasına zövqə görə qoz-fındıq ləpəsi və kişmiş də əlavə oluna bilir. Səməni adətən müəyyən bir niyyətlə bişirilib qonum-qonşuya paylanır və onu içənlər “Allah niyyətini qəbul etsin!” deyir.
Bir zamanlar qonum-qonşuların toplaşaraq böyük qazanlarla bişirib paylaşdığı səməni bu gün unudulmaq təhlükəsi ilə üz-üzədir. “Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi Siyahısı”na daxil edilmiş Novruz isə tam olaraq qorunmalıdır. Çünki Novruz bir bayramdan, Novruz süfrəsi isə bir bayram yeməyindən ibarət deyil. Novruz süfrəsi həm də nəsildən-nəslə ötürülən etnoqrafik mirasdır.
Novruz süfrəsindəki hər nemət ayrıca məna daşıyır: cücərən buğda – həyatı, yenilənməni, boyanan yumurta – yeni doğulan günəşi, şirniyyatlar – gələcək xoşbəxtlik müjdəsini, niyyət edilib bişirilən səməni ümidi ifadə edir. Süfrə ətrafında toplanan nəsillər arasında, sanki, görünməz bir körpü qurulur: nənənin əllərindən alınan resept, ata evinin ətri, uşaqlığın dadı Novruzu bir bayramdan çox özünəqayıdış kimi səciyyələndirir.
Zəminə RƏSULOVA,
Dövlət Turizm Agentliyi Qoruqları İdarəetmə Mərkəzinin elmi işçisi

