Mirhaşım Talışlı-100
Görkəmli tədqiqatçı-alim, filologiya üzrə fəlsəfə doktoru, tanınmış şair, Prezident təqaüdçüsü, respublikanın Əməkdar müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Mirhaşım Talışlı 1926-cı ilin Novruz günündə yurdumuzun cənub mirvarisi Lənkəranda dünyaya göz açıb. İlk şeirlərini 13-14 yaşlarında yazıb. Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsi şair Əliağa Vahid 1942-ci ildə Lənkərana gələndə onun şeirlərini dinləyib və ona “Müsafir” təxəllüsünü verib.
Ömrünün təxminən 75 ilini ədəbi yaradıcılığa həsr edən Mirhaşım Talışlı "Lənkəran", “125 yaşlı məktəb”, “Lənkəran: ensiklopedik məlumat” kitabı, “Dedim ki sözüm qala” və 4 cildlik seçilmiş əsərlərin müəllifidir. Mirzə İsmayıl Qasirin XIX əsrdə Lənkəranda yaratdığı “Fövcül füsəha” ədəbi məclisini 1990-cı illərin əvvəllərində yenidən bərpa edib. 70 ildən çox Lənkəran ümumtəhsil məktəblərində müəllim, Lənkəran Dövlət Universitetində kafedra müdiri vəzifəsində işləyib. Təhsil sahəsində səmərəli fəaliyyətinə görə 1979-cu ildə respublikanın Əməkdar müəllimi fəxri adına, 2006-cı ildə ədəbiyyatımızın inkişafında böyük xidmətlərinə görə dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. Görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev 1998-ci il oktyabr ayının 5-də Lənkəranda seçicilərlə görüşü zamanı onun əməyini yüksək qiymətləndirib: “Bizim dostumuz, Lənkəranın ən böyük ziyalılarından biri Mirhaşım Talışlının burada oxuduğu şeir məni çox heyran etdi. Buna görə ona xüsusi təşəkkür edirəm. Lənkəranın həmişə böyük, yüksək ziyalı insanları olubdur. Mən bir dəfə televizora baxırdım. Lənkərandan veriliş gedirdi. Mirhaşım Talışlı Lənkəranın tarixi, keçmişi haqqında danışır, söhbət aparırdı. Siz bunları yaxşı bilirsiniz. Amma mən sizə deyim, bu verilişə diqqətlə, axıradək baxdım. Nə qədər ağıllı, nə qədər zəkalı bir insandır, nə qədər Azərbaycanı sevən bir insandır, nə qədər Azərbaycana sədaqətli bir insandır. Mən sizə təşəkkür edirəm”.
Azərbaycan Yazıçılar Birliyi Lənkəran Bölməsi və AMEA Lənkəran Regional Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə ədəbiyyatşünas alim, şair Mirhaşım Talışlının anadan olmasının 100 illiyinə həsr olunmuş "Dedim ki sözüm qala" adlı yubiley tədbiri keçirilib. AYB Lənkəran Bölməsinin sədri, yazıçı, dramaturq Qafar Cəfərli yubilyarın ömür yolu, təhsil və ədəbiyyat sahəsində misilsiz xidmətləri barədə məlumat verib. Sonra Lənkəran Dövlət Universitetinin professoru, respublikanın əməkdar müəllimi Yədulla Ağazadənin Mirhaşım Talışlının həyatı və zəngin ədəbi yaradıcılığı haqqında məruzəsi dinlənilib. Astara Pedaqoji Kollecinin direktoru, filologiya elmləri doktoru, professor Kamran Kazımov, LDU- nun dosenti, Lənkəran Tarix və Diyarşünaslıq Muzeyinin direktoru Leyla Məcidova, Lənkəran Regional Elmi Mərkəzinin direktor müavini Samir Kərimov, pedaqogika elmləri namizədi Tükəzban Cahangirova, tədqiqatçı-jurnalist, yazıçı Hacı Etibar Əhədov, yubilyarın "Lənkəran" monumental kitabının həmmüəllifi Böyükağa Hüseynbala oğlunun qızı Sevinc Məmmədova və oğlu Mahmud Həsənov, ağsaqqal ziyalı Fəxrəddin Canıyev, şairlərdən Ağamir Cavad, Xatirə Xatun, Ziyafət Yəhya, Səyavuş Süleymanlı, Allahverdi Bayrami, Hacı Allahverən Nəzərov, Xudaverdi Cavad, Əhməd Haqsevər, Sərraf Talıb və başqaları yubilyarla bağlı xatirələrini bölüşüblər. Lənkəran şəhərindəki C.Cabbarlı adına musiqi məktəbinin muğam üçlüyünün iştirakı ilə istedadlı, peşəkar muğam ustası İmanverdi Ağayev yubilyarın qəzəllərini ifa edib.
Ə.HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

