Xəzər Universitetinin qapısından ilk dəfə tələbə kimi daxil olanda 1994-cü il idi. Ölkə müstəqilliyini yenicə bərpa etmişdi, cəmiyyət dəyişir, yeni ideyalar, yeni düşüncə tərzi formalaşırdı. Xəzər Universiteti bu dəyişikliklərin içində doğulan və gələcəyə yönələn ümid idi. Mən belə bir zamanda artıq 4 il idi ki, fəaliyyət göstərən və sürətlə tanınmağa başlayan Xəzər Universitetinin tələbəsi oldum. Universitet ingilis dilində keyfiyyətli təhsil verən ali təhsil müəssisəsi kimi diqqət mərkəzinə çevrilirdi. Biz ABŞ universitetlərində istifadə edilən eyni dərslikləri oxuyur və amerikalı müəllimlərdən dərs alırdıq. Buradakı mühit, müəllimlər və tələbələr fərqli idi.
Quruculuq işlərinin və təşəbbüskarlığın arxasında işıqlı şəxsiyyət - professor Hamlet İsaxanlı dayanırdı. Onun uzaqgörənliyi, cəsarəti və zəhməti sayəsində Azərbaycanda belə bir universitet modeli formalaşmışdı. O, hələ sovet dövründə Avropa və Şimali Amerika universitetlərində dərs demiş, fərqli akademik mühitlərə yaxından bələd idi. Bu ideyanı reallığa çevirmək heç də asan olmadı. Sovet sistemindən təzəcə ayrılmış bir mühitdə yeni tipli universitet yaratmaq, fərqli düşüncə tərzini qəbul etdirmək böyük səbir və əzm tələb edirdi. Professor Hamlet İsaxanlı bu uzun və çətin yolu “Xəzərin sorağında” kitabında ətraflı şəkildə təsvir edir. Kitabda yalnız universitetin yaranma tarixini deyil, həm də bir ideyanın necə doğulduğunu, necə qorunduğunu və necə inkişaf etdiyini görmək mümkündür.
Zaman keçdikcə universitet mənim üçün həm təhsil aldığım, öyrəndiyim, inkişaf etdiyim və müxtəlif vəzifələrdə çalışdığım, akademik mühitə çevrildi. Auditoriyada dərs demək, müxtəlif idarəetmə və akademik vəzifələrdə çalışmaq mənə Xəzəri yalnız bir tələbənin baxış bucağından deyil, həm də universitetin daxilindən görmək və tanımaq imkanı verdi.
Bu gün Xəzər Universiteti Azərbaycan ali təhsil sistemində keyfiyyətli tədris modeli ilə yanaşı, güclənən elmi-tədqiqat və innovasiya fəaliyyəti ilə seçilən aparıcı akademik mərkəzlərdən biridir. Müasir dünyada universitetlər yalnız bilik ötürmür, cəmiyyətin sosial-iqtisadi inkişafına da töhfə verir. Xəzər Universiteti də məhz bu yanaşmanı əsas götürərək son illərdə elmi-tədqiqat fəaliyyətini genişləndirmişdir. Müxtəlif sahələri əhatə edən tədqiqat mərkəzləri və laboratoriyalar universitetin elmi potensialının formalaşmasında və beynəlxalq elmi əməkdaşlıqların qurulmasında mühüm rol oynayır.
Universitetdə fəaliyyət göstərən tədqiqat mərkəzləri müxtəlif elmi istiqamətləri əhatə edir və multidissiplinar yanaşma təşviq edir. Müasir tədqiqat infrastrukturu ilə təchiz olunan laboratoriyalar həm tələbələrin praktik biliklərini artırmaq, həm də alim və tədqiqatçılara innovativ araşdırmalar aparmaq üçün geniş imkanlar yaradır. “Nanotexnologiya”, “Biomühəndislik”, “Hüceyrə patologiyası”, biologiya, kimya və fizika laboratoriyaları təbiət elmləri və biotexnologiya sahəsində fundamental və tətbiqi tədqiqatlar üçün mühüm elmi platforma rolunu oynayır. Bu laboratoriyalarda aparılan tədqiqatlar yeni materialların öyrənilməsi, bioloji proseslərin araşdırılması və müasir elmi metodların tətbiqi kimi istiqamətləri əhatə edir. Universitetdə fəaliyyət göstərən “İnşaat mühəndisliyi”, “Torpaq mexanikası”, “Mexanika mühəndisliyi”, “Neft mühəndisliyi”, “Elektronika, telekommunikasiya, radiototexnika”, “ Elektrik güc sistemləri”, “Robotexnika” laboratoriyaları tələbələrə praktiki təcrübə qazandırır. Burada tələbələr müasir texnologiyalarla işləməyi öyrənir, layihələr hazırlayır və sənaye problemlərinin həlli istiqamətində tədqiqatlar aparırlar.
Enerji və ekoloji istiqamətlər də universitetin tədqiqat prioritetləri sırasında xüsusi yer tutur. “Bərpaolunan enerji” və “Hava keyfiyyəti” laboratoriyaları bu sahələrdə aparılan araşdırmalar enerji səmərəliliyi və ekoloji təhlükəsizlik kimi qlobal məsələlərə töhfə verir. Bundan əlavə, baytarlıq laboratoriyaları və klinikaları biologiya və tibb sahəsində həm tədris, həm də tətbiqi tədqiqatların həyata keçirilməsinə imkan yaradır. Bu laboratoriyalar tələbələrin praktiki bacarıqlarının formalaşmasına və müasir tibbi-bioloji metodların öyrənilməsinə xidmət edir.
Məqsədimiz gələcəkdə tədqiqat infrastrukturunu daha da genişləndirmək, yeni elmi istiqamətlər formalaşdırmaq və Xəzər Universitetinin yalnız ölkəmizdə deyil, regionda da aparıcı tədqiqat və innovasiya mərkəzlərindən biri kimi mövqeyini möhkəmləndirməkdir. Bu inkişaf yolu universitetin strateji baxışını - bilik, tədqiqat və innovasiya üzərində qurulan müasir universitet modelini əks etdirir.
Məlumdur ki, Xəzər Universiteti Azərbaycan ali təhsil məkanında özünəməxsus mövqeyi olan, dinamik inkişaf yolu keçmiş və müasir akademik mühit formalaşdırmış nüfuzlu elm və təhsil ocağı kimi tanınır. Bir zamanlar böyük ideyalar və cəsarətli akademik təşəbbüslər üzərində qurulan universitet artıq güclü institusional struktura malik böyük bir ali təhsil müəssisəsinə çevrilmişdir. Hazırda altı fakültədə beş mindən artıq tələbə təhsil alır. Universitetdə müxtəlif ölkələrdən gəlmiş tələbə və müəllimlər bir araya gələrək multikultural və beynəlxalq akademik mühit yaradırlar.
Universitetin keçdiyi inkişaf yolu göstərir ki, doğru akademik strategiya, beynəlxalq əməkdaşlıq və elmi yeniliklərə açıq olmaq hər bir ali təhsil müəssisəsini qlobal miqyasda tanınan elm ocağına çevirə bilər.
35 illik tarixə nəzər yetirəndə Xəzər Universitetinin yeni mərhələyə doğru inamla irəlilədiyinin şahidi oluruq: daha güclü tədqiqat universiteti olmaq, beynəlxalq akademik şəbəkələrdə fəal iştirak etmək və Azərbaycan elminə töhfə vermək.
Dünyanın ən nüfuzlu elmi göstəricilərindən biri olan “Nature Index” platformasında universitetin elmi fəaliyyəti yüksək qiymətləndirilir. Qeyd edək ki, “Nature Index” yüksək nüfuza malik beynəlxalq elmi jurnallarda dərc olunan məqalələr əsasında universitetlərin tədqiqat məhsuldarlığını ölçür. 2025-ci ilin göstəricilərinə görə, Xəzər Universiteti təbiət elmləri üzrə 56 elmi məqalə və 7.39 müəlliflik payı göstəricisi ilə Azərbaycan üzrə birinci yeri tutaraq ölkənin aparıcı tədqiqat universiteti kimi mövqeyini möhkəmləndirmişdir.
Bununla yanaşı, universitet dünyanın nüfuzlu qiymətləndirmə sistemlərindən olan “Times Higher Education Impact Rankings” reytinqində yer alaraq qlobal akademik məkanın fəal iştirakçılarından biri kimi tanınır. Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə universitetlərin töhfəsini qiymətləndirən bu reytinqdə Xəzər Universiteti 401–600 aralığında qərarlaşaraq Azərbaycan üzrə ən yüksək göstərici nümayiş etdirmişdir. Bu nəticə universitetin yalnız təhsil və tədqiqat sahəsində deyil, həm də cəmiyyətə, iqtisadi inkişafa və sosial rifaha verdiyi töhfənin beynəlxalq səviyyədə qiymətləndirildiyini göstərir.
Universitet dünyanın aparıcı ali təhsil müəssisələrinin qiymətləndirildiyi nüfuzlu “QS World University Rankings” siyahısında qlobal miqyasda tanınan universitetlər sırasında göstərilir. Bu reytinq yalnız universitetlərin akademik reputasiyasını deyil, həm də tədqiqat məhsuldarlığını, beynəlxalq əməkdaşlıqları və məzunlarının nüfuzunu qiymətləndirən mühüm göstəricilərdəndir. Bununla yanaşı, Avropa universitetləri arasında aparılan qiymətləndirmələrdə Xəzər Universitetinin adı qitənin tanınmış ali təhsil müəssisələri sırasında çəkilir. Azərbaycanın ali təhsil sisteminin beynəlxalq səviyyədə tanıdılması baxımından belə nəticələr xüsusi əhəmiyyət daşıyır.
Xəzər Universitetinin elmi nüfuzunun artmasının əsas göstəricilərindən biri də tədqiqatların sitat göstəriciləri və beynəlxalq elmi nəşrlərdir. Universitetin alimləri müxtəlif sahələr üzrə aparıcı beynəlxalq jurnallarda yüzlərlə elmi məqalə dərc etmiş, bu tədqiqatlar isə dünya alimləri tərəfindən minlərlə dəfə sitat gətirilmişdir. Bu fakt universitetdə aparılan elmi araşdırmaların yalnız yerli səviyyədə deyil, beynəlxalq elmi ictimaiyyət üçün də maraq doğurduğunu və elmi biliklərin inkişafına töhfə verdiyini göstərir. Müxtəlif beynəlxalq konfranslarda, elmi forumlarda və akademik layihələrdə fəal iştirak edən əməkdaşlarımız əldə etdikləri nəticələri dünya elmi ictimaiyyəti ilə bölüşürlər.
Sadaladığım uğurları, beynəlxalq reytinqlərdəki mövqeyi, yüksək sitat göstəriciləri və nüfuzlu jurnallarda dərc olunan tədqiqatları haqqında bəhs edərkən bir həqiqəti anladım: Xəzər Universitetinin gücü yalnız tədris proqramlarında, müxtəlif tədqiqat mərkəzləri və laboratoriyalarında və ya tədris binalarında deyil, məhz burada çalışan insanlardır. Biz universitet olaraq insanlara yalnız bir resurs kimi deyil, həm də bir dəyər və sərvət kimi yanaşırıq. Burada əməkdaşlar diqqətlə seçilir, inkişaf etdirilir və onların potensialının üzə çıxarılması üçün hər cür şərait yaradılır. Bizim üçün müəllimlərimiz, əməkdaşlarımız, həm də tələbə və məzunlarımız çox qiymətlidirlər. Onlar Xəzər ailəsinin ayrılmaz tərkib hissəsi, bizim ən böyük sərvətimizdir. Universitetin mahiyyətini və ruhunu formalaşdıran da məhz bu insanlardır.
Fəxr edirik ki, Xəzər Universitetinin tələbələri və məzunları güclü və çevik düşüncəyə sahib, dünyaya açıq baxa bilən, fərqli düşünməkdən çəkinməyən, insanlara hörmət və sevgi ilə yanaşan, başqalarına qarşı ədalətli olmağı bacaran fərdlər kimi formalaşırlar.
Eyni sözləri universitetin müəllim və əməkdaşları haqqında da demək olar. Xəzərdə çalışan insanlar yalnız öz sahələrinin mütəxəssisləri deyil, eyni zamanda, gənclərə yol göstərir, onların inkişafına töhfə verir və universitetin dəyərlərini yaşadırlar. Onların zəhməti, sədaqəti və peşəkarlığı olmasaydı, universitetin uğur qazanması mümkün olmazdı.
Qarşıdakı illərdə bu yolu şərəflə davam etdirmək, dəyərləri qorumaq və Xəzərin inkişafını yeni mərhələyə istiqamətləndirmək əsas məqsədimizdir. Axı, Xəzər Universitetinin yaranması, formalaşma tarixçəsi bir tədris ocağının uğur hekayəsi deyil. Bu, həm də parlaq ideyaların, insanların əzmkarlığının və sabaha inamın təntənəsidir. Bu uğur hekayəsinin müəllifləri Xəzərin tələbələri, məzunları, müəllim və əməkdaşlarıdır. Elə buna görə də Xəzər Universitetinin gələcəyi haqqında düşünərkən, ilk növbədə, burada çalışan insanlar gözlərim önündə dayanırlar.
Bu gün universitetin rektoru kimi ötən illərə nəzər salanda yalnız bir təhsil müəssisəsinin inkişafını deyil, həm də işıqlı bir ideyanın, zəngin akademik mədəniyyətin və peşəkar insanların birliyinin formalaşdığını görürəm. Bir vaxtlar tələbə kimi oturduğum auditoriyalar, müzakirələr apardığımız dəhlizlər, saatlarla vaxt keçirdiyimiz kitabxana bu gün mənim üçün tamam başqa məna kəsb edir. Universitetin qurucusu, professor Hamlet İsaxanlının zəngin akademik irsi mənim üçün böyük etimad və eyni zamanda böyük məsuliyyətdir.
Raziyə İSAYEVA,
Xəzər Universitetinin rektoru




