Ölkəmiz 4 milyon ton Qazaxıstan nefti nəql edib

post-img

Martın 12-də “Prezident Heydər Əliyev” tankeri ilə Aktau limanından yola salınan Qazaxıstan neftinin 427-ci partiyası bir gün sonra “Azərtrans” Səngəçal terminalına çatıb. Bununla da, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “KazMunayQaz” şirkəti Qazaxıstan neftinin ölkəmizin ərazisi ilə daşınması layihəsi çərçivəsində tranzit həcmini 4 milyon tona çatdırıblar. İndiyədək tranzit edilən xam neftin 3,8 milyon tonu “Tengiz”, 200 min tonu isə “Kaşağan” yatağının payına düşür.

Qazaxıstan neftinin Azərbaycan üzərindən reallaşdırılan tranziti layihəsi çərçivəsində indiyədək ümumi daşımaların 2 milyon 85 min 729,243 tonu “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyətinin tanker donanmasına məxsus gəmilərlə həyata keçirilib. Həmin həcmin 1 milyon 962 min 983,243 tonu “Tengiz”, 122 min 746 tonu isə “Kaşağan” yatağından olan neftin payına düşür.

“Tengiz” neftinin ilk partiyası 2023-cü il martın 23-də, “Kaşağan” neftinin ilk partiyası isə 2025-ci il yanvarın 27-də Aktaudan Bakıya çatdırılıb. Qeyd edək ki, Aktau limanından Səngəçal terminalına tədarük edilən Qazaxıstan nefti sonradan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə Ceyhan limanına nəql edilir, oradan isə dünya bazarlarına göndərilir. Layihədə Azərbaycan tərəfini Dövlət Neft Şirkətinin törəmə müəssisəsi olan “SOCAR Midstream Operations” MMC təmsil edir.

Xatırladaq ki, 2022-ci ilin noyabrında SOCAR və “KazMunayQaz” Aktau–Ceyhan marşrutu üzrə BTC vasitəsilə ildə 1,5 milyon ton “Tengiz” neftinin tranziti ilə bağlı Çərçivə Sazişi imzalayıblar. 2024-cü ilin mart ayında SOCAR və “KazMunayQaz” illik tranzit həcmlərinin artırılması, eləcə də Qazaxıstan neftinin alqı-satqısı üzrə Strateji Əməkdaşlıq Memorandumuna imza atıblar. Ötən il yanvarın 15-də isə iki qurum arasında “Tengiz” həcmlərinə əlavə olaraq ildə 240 min ton “Kaşağan” neftinin tranzitini nəzərdə tutan Çərçivə Sazişi imzalanıb.

Məlumat üçün bildiririk ki, BTC vasitəsilə Azərbaycandan “Azəri-Çıraq-Günəşli” nefti və “Şahdəniz” kondensatı, eləcə də digər mənbələrdən xam neft və kondensat həcmləri nəql olunur. BTC-nin hazırkı ötürmə gücü gündə 1,2 milyon barel və ya ildə 50 milyon ton təşkil edir. 2006-cı ilin iyun ayında istismara verilən 1768 kilometrlik BTC kəməri ilə 2025-ci ilin sonunadək, ümumilikdə, təqribən 619 milyon ton (4,7 milyard bareldən çox) xam neft nəql edilərək Ceyhan limanından 6 min 145 tankerlə dünya bazarlarına yola salınıb.

XQ

İqtisadiyyat