O, dünyanın ən nəcib və ən həssas insanlarından biri idi. Gözlərindəki gülüş, üzündəki təbəssüm, çöhrəsindəki nurani-pirani gözəllik hələ də gözlərimdən getməyib. Adı özünə, özü də adına yaraşırdı. Dinib-danışanda zərif duruşu ilə nərgiz-bənövşə kimi qönçələnirdi.
Nəfəsindən yaz ətri gələn Nərgiz mamam yaddaşıma inci kimi o qədər şirin xatirələr düzüb ki... Novruz bayramının əziz günləri yaxınlaşdıqca Nərgiz mamamı daha çox xatırlayıram. Elə bilirəm ki, yenə kəndimizin o başındakı evindən başlanan yolu əlinə alıb, silsilə dağların ucqarında, zirvə ucalığında qərar tutan evimizə qonaq gələcək. Gəlişi ilə qardaşı uşaqlarına çıraqbanlıq edəcək. Nəğməkar kənd evimizi yenə şadlıq-şadyanalıq bürüyəcək. Sevinc-sevincə qarışacaq. Naz-nemətlə bəzənmiş qələmkar süfrəmizin başında bizimlə üz-üzə oturub bayramımızı şirinləşdirəcək. İliyimizə işləyən allı-güllü söhbətləri ilə uşaq qəlbimizi isindirəcək.
Görəcəyik ki, Novruz axşamında bulaqlar qaynam-qaynam qaynayır. Suların gözü durulur, torpağın canındakı təmizlik suynan üzə çıxır. Dağların, dərələrin, çayların, bulaqların, yal-yamacların növrağı başlayır. El-obanın büsatı, adamların suru ayaq tutub yeriyir. İnsanlar mehribanlaşır, nənələr cavanlara “surun yerisin” deyib alxış edirlər.
Bu günümüzdə bəzi bayram adətləri və inanclar sıradan çıxsa da, Novruzun gözəl adətləri qalmaqdadır. Bayram günü kəndimizdə qızlar gözəllik işığında bulaq başına cəm olar. Əllərini bulaq suyunda yuyarlar. Ürəklərində arzu-dilək tutarlar.
Adamlar köhnə umu-küsünü, ağrı-acını yaddan çıxarar. İnsanların əhvalı yaxşılaşar, hər evə bolluq, bərəkət gələr. Novruz bayramı insanları birliyə, bərabərliyə çağırar. Belə əziz günlərdə qonaq getmək, qonaq qarşılamaq, könülləri sevindirmək savab sayılır. Novruzda verilən bayram payı, pay verilən ocağa bolluq, firavanlıq arzulamaq anlamına gəlir.
Bizim ruhumuzun, könlümüzün, sevincimizin bayram payı Nərgiz mamamla gələrdi. O, bizə gələndə dərdlərini götürüb, köksünü ötürüb gəlməzdi. Ürəyinə dolan istəklə, xoşgörü ilə gələrdi. Yal yolundan payi-piyada qalxıb, doqqaz qapımızdan məni səsləyən başı çalmalı, əli xonçalı pay gətirən o xanım-xatın ağbirçək Nərgiz mamam idi. Onun büllur səsinə tərəf yüyürürdüm. Məni bağrına basıb üzümdən öpəndə nəfəsindən gül ətri gəlirdi. Hər dəfə Novruz gələndə o ətirdən ötrü burnumun ucu göynəyir.
...Qəhrəman sovet xalqı oddan- alovdan keçib Yer kürəsində sülhün, azadlığın bayrağını ucaldanda, müharibənin dəhşətləri bizim ailəmizdən də izsiz ötüşməmişdi. Atam ön cəbhədə, anam da arxa cəbhədə hər cür çətinliyə sinə gərmişdi. Müharibəyə qədər və müharibədən sonra doğulan bacı-qardaşlarım boy atıb böyüdükcə ailəmizin qayğıları da böyüyürdü. Ailəmiz çoxuşaqlı idi – 12 bacı-qardaş! Atamız müharibə qazisi, anamız “Qəhrəman ana” idi.
Nərgiz mamam ailəmizin qayğılarını, gün-güzəranını yaxşı bilirdi. Ürəyini şirin qayğılarla ona görə yükləyirdi, ona görə qayğımıza qalırdı ki, başqalarından heç nə ummayaq. Qonşuların uşaqlarında gördüyümüz hər şirinliyə umsunmayaq. Beləcə, əziz günlərdə ümidimizə arxa-dayaq olurdu.
O, hər bayramda öz taleyinin şirin qayğılarını ürəyinə yükləyib bizə gəlirdi. Bilirdi ki, özünün övladı olmadı, bəxtinə bir gün doğmadı. Amma qardaşının balalarının yanına bayram payı ilə dolu xonçalarla gəldiyi hər gün doğmadı.
Kaş ki, o günlər bu günlər olaydı. İndi nə o balaca Həzi var, nə də Nərgiz mamam. Bayram olunca ürəyimi duyğular yenərdi. Nərgiz mamam gətirdiyi bayram payı kimi, şirin sözlərlə danışardı, dinərdi. Onun hər gəlişi, hər sözü-söhbəti dilimdə nəğməyə dönərdi:
Sevincimiz qanadlanıb,
Nərgiz mamam bizə gəlib.
Noğullanıb, nabatlanıb,
Nərgiz mamam bizə gəlib.
Pay gətirib ətək-ətək,
Üzü nurlu bu ağbirçək
Bir çiçəkdi özü gerçək, -
Nərgiz mamam bizə gəlib.
Ürəyində pir gizlənib,
Xonçasında dür gizlənib,
Yollar, izlər nərgizlənib,
Nərgiz mamam bizə gəlib.
Kəndimizə Novruz gələli dağlara səs-səda düşür. Gözəldağın başında yandırılan gur tonqallar Novruzun gəlişindən xəbər verir. Borçalının hər yerində olduğu kimi, Faxralıda da bir qələbəlik, bir coşqunluq olur ki, gəl görəsən. El-obalarımızın yeniyetmə cavanları bir yerə yığışıb at belində cıdır yarışına çıxırlar. Cıdırda sürəkli qaçan atlarla önə çıxanlara nəmər verilir.
Novruz axşamlarında evlərdə al-əlvan şamlar yandırılır. Süfrələrə yeddi löyün şirniyyat düzülür. Bayram xonçasında belinə qırmızı lent bağlanmış səməni qoyulur. Novruzun yaşıl qurşağı sayılan səməni yazın sorağından xəbər verir.
Ocaqda yeddi adda ləziz yemək bişirilir. Qohumlar, qonşular bir-birinin qapısını döyür, pay verib, pay alırlar. Uşaqlar bayram payı almaq üçün “baca-baca” oynayırlar.
Novruzun əziz günlərində, gəlişi ilə ailə-ocağımızı nurlandıran Nərgiz mamamın ömrü yadımda şirin noğul, sehrli nağıl kimi qalıb. Özü də bir gün ömrümüzdən nağıl kimi köçüb getdi. İndi Nərgiz mamam öz nağıl ömrü ilə ürəyimdə naçar yaşar. Hər Novruz gələndə könlümdə nərgiz kimi açar yaşar.
Həzi HƏSƏNLİ,
şair-publisist

