Dilim-dilim olan dilimiz...

post-img

Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dövlət müstəqilliyimizin başlıca rəmzlərindən biridir. Zaman-zaman ana dilimizin keşikçiləri bu dəyərli mirası qoruyub, cilalayıblar. Təəssüf ki, indi doğma dilə yad münasibət meylləri də nəzərə çarpır. 

Hələ əsrimizin əvvəllərin­də – 2001-ci ildə qəbul edil­miş “Azərbaycan Respubli­kasında dövlət dili haqqında” Qanununa əsasən, “Azər­baycan Respublikası ərazi­sində bütün xidmət sahələ­rində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı, digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda elanlarda (lövhələrdə, tablolarda, pla­katlarda və s.) dövlət dili ilə yanaşı, digər dillərdən də is­tifadə oluna bilər. Lakin onla­rın tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki ya­zıdan sonra gəlməlidir”. Bu qanunun tələblərinə əməl edilməməsi cəmiyyətdə mə­yusluq doğurub.

“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Prezident fərma­nında qeyd edilir: “Şəhər və qəsəbələrimizin görkəminə xələl gətirən əcnəbi dilli löv­hələr gənc nəslin Azərbay­cançılıq ruhunda tərbiyəsinə mənfi psixoloji təsir göstərir”. Göründüyü kimi, kimlərsə bu fərmana da məhəl qoymur­lar. Əcnəbi dillərin təbliğat­çılarına çevrilmiş obyektlərin sahibləri təkcə Prezident fər­manına deyil, dövlətin rəsmi azərbaycançılıq ideologiya­sına da etina etmirlər. 

Xatırlayırıq ki, bir müddət əvvəl “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyi Bakının mərkə­zi prospekt və küçələrində monitorinq keçirib. Təkcə 1 küçədə aparılan monito­rinq zamanı məlum olub ki, ərazidəki 42 ticarət və xid­mət obyektindən 41-də (!) Azərbaycan dilindən ümu­miyyətlə istifadə edilməyib. Digər ərazilərdə də utan­dırıcı vəziyyət yaranıb. Bu yaxınlarda redaksiyamızın qonağı olan Xalq şairi Sa­bir Rüstəmxanlı bu barədə sualımızın cavabında dedi ki, Bakının mərkəzində rek­lamların 90 faizi kənar söz­lərdən ibarətdir. Axı, bizim dilimizin imkanları yetərincə­dir, nədən qondarma sözlər dilimizə gətirilsin? 

Təqdim etdiyimiz fotokol­lajdan hər şey aşkarca bəlli olur... 

Bir problem də bəzi rek­lam-ünvan lövhələrinin, necə deyərlər, sınıq-salxaq vəziy­yətə düşməsi və “şikəstliyin” aradan qaldırılmamasıdır. Nizami Kino Mərkəzinin yanındakı bir lövhə xeyli vaxtdır ki, bu vəziyyətdədir: “Əfsanə” adlanan lövhədən “f” və “a” hərfləri düşüb və “Ə...s...nə” oxunur (Əcaba, ora girmək üçün əsnəmək lazımdırmı?). 

Görünən budur ki, mil­lətin varlığını təsdiq edən ana dilimiz hazırda Bakı küçələrindən sıxışdırılıb. Yad dillərdə yazılmış, nara­zılıq yaradan, əsəbləri tarı­ma çəkən reklam, plakat və lövhələr paytaxtımızın üzqa­rasına çevrilib. Anlaşılandır ki, reklamsız bazarda yer tutmaq mümkün deyil, buna görə istər rəqəmsal, istərsə də ənənəvi reklamlardan istifadə zəruridir. Amma bu zaman reklam dilinin bərbad hala salınması anlaşılan de­yil. 

Az qala addımbaşı Ba­kının dil mənzərəsi ilə bağlı xoşagəlməz mənzərələrlə üzləşirik. Bu qanun pozun­tuları mütləq aradan qaldı­rılmalıdır. Bakı Şəhər İcra Hakimiyyəti öz səlahiyyətləri daxilində buna qarşı barış­maz mövqe tutmalı, paytaxt küçələrində “Azərbaycanda dövlət dili haqqında” qanuna riayət edilməsinə nəzarəti gücləndirməlidir. 

Əli NƏCƏFXANLI
XQ



Mədəniyyət