Çinli alimlər AMEA-da

post-img

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ölkəmizdə səfərdə olan Çinin Hebei Etnik Araşdırmalar İnstitutunun rektoru, professor Dai Jianbing, Pekin Universitetinin İncəsənət fakültəsinin dekanı professor Penq Feng və Çin Biomüxtəlifliyin Qorunması və Yaşıl İnkişaf Fondunun sədr müavini və baş katibi professor Zhou Jinfeng ilə görüşüb.

Söhbətdə akademik İsa Həbibbəyli Azərbaycan–Çin münasibətlərindən da­nışaraq, əlaqələrimizin yüksələn xətlə in­kişaf etdiyini bildirib. Akademik qeyd edib ki, Azərbaycanla Çin “Bir kəmər, bir yol” layihəsi, eləcə də Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat marşrutları çərçivəsində sıx əməkdaşlıq edir və mü­hüm iqtisadi tərəfdaşlardır.

Ölkələrimizin elmi-mədəni sahədə də sıx əlaqələrinin olduğunu deyən AMEA prezidenti Nizami Gəncəvi adına Ədəbiy­yat İnstitutunda Çin Mədəniyyət Mərkə­zinin fəaliyyət göstərdiyini, Mərkəzin koordinatoru Nərgiz Kərimovanın “Çin ədəbiyyatında arxetiplər” mövzusunda fəlsəfə doktorluğu dissertasiya yazdığını, eləcə də institutda Çin dilinin tədris olun­duğunu diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli çinli qonaq­ların təmsil etdikləri qurumlarla AMEA-nın əməkdaşlıq əlaqələrinin inkişaf etdi­rilməsində maraqlı olduğunu vurğulayıb.

Çinli qonaqlar təmsil etdikləri qu­rumlar haqqında ətraflı məlumat verib, Azərbaycan Milli Elmlər Akademiyası ilə əməkdaşlıq əlaqələrinin genişləndirilmə­sinin əhəmiyyətindən danışıblar.

Çinin Hebei Etnik Araşdırmalar İns­titutunun rektoru Dai Jianbing akade­mik İsa Həbibbəylini iyun ayında Çində keçiriləcək “Xəzər dənizindən Çinədək: ədəbiyyat, texnologiya və sosial həyat” mövzusunda beynəlxalq elmi konfransa dəvət edib.

Daha sonra qarşılıqlı maraq doğu­ran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlıq imkanları müzakirə olunub.

Qonaqlara Azərbaycanın tarixi, o cümlədən Şuşa şəhəri, AMEA və Nizami Gəncəvi haqqında ingilis və rus dillərində yazılmış kitablar hədiyyə edib.

Sonra çinli qonaqlar AMEA Rəyasət Heyətinin tarixi binası ilə tanış olublar.

Q.YUSİFOĞLU
XQ

Son xəbərlər