Gənc rəssamın əlvan boyaları

post-img

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi kitabxanasında gənc rəssam Almaz İdrisovanın fərdi sərgisi açılıb. Sərgi 28 May Azərbaycanın Müstəqillik Gününə həsr olunub.

Sərgidə rəssamın “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hazırladığı “Kölgədə qalan xəyallar” adlı pannosu təqdim olunur. Bu panno İstanbul, Anka­ra, Tbilisi və başqa şəhərlərdə keçirilən beynəlxalq sərgilərdə, eləcə də respub­lika müsabiqələrində nümayiş olunub. Rəssamın digər rəsmi “Şəhid Samir Kaçayevin xatirəsinə” adlanır. Sərginin eksponatlarına “Melodiya”, “İpək yolu”, “Payız qızı”, “Yuxu“, “Atəş və su”, “Frida Kalo və mən” (Frida Kalo meksikalı rəs­samdır) adlı rəsmlər də daxil edilib. 

Almaz xanımın sərgilənən rəsmləri kətan üzərində yağlı boya ilə işlənilib. İb­tidai nümunələrinin tarixi XIII əsrə gedib çıxan bu texniki üslub təravətini hələm-hələm itirmir. Əlbəttə, müəyyən kom­binələr də edilir və bu rəsmləri daha da cəlbedici göstərir. Almaz İdrisova xanı­mın işləri də bu baxımdam istisna deyil.

Gənc rəssam Bakıdakı 246 nömrə­li tam orta məktəb-liseyi bitirib. 2016-cı ildə Azərbaycan Dövlət Rəssamlıq Aka­demiyasının qrafika fakültəsinə qəbul olunub. Hazırda təsviri sənət və sənət­şunaslıq fakültəsinin sənətşunaslıq ix­tisasının magistratura pilləsində təhsil alır. Gənc olsa da, indi artıq onun tələ­bələri də var. Rəssam həm respublika­da, həm də ölkə hüdudlarından kənarda 100-ə yaxın sərgi və müsabiqələrdə iş­tirak edib. 

Onu da qeyd edək ki, Almaz İdriso­va ötən həftə Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günləri çərçivəsində qar­daş ölkənin səfirliyinin, YAP Yasamal Rayon Təşkilatının və Beynəlxalq Qa­lereyanın birgə dəstəyi ilə təşkil olunan xeyriyyə sərgisində də fəal iştirak edib.

Almaz xanım kitabxanada açılan sərgiyə gələnlərin yetərli qədər olma­sına sevinir. Bu, ölkəmizdə incəsənətə marağın daha da artmasının, gənclərə, onların yaradıcılığına diqqət göstərilmə­sinin nümunəsi kimi fərəh doğurur. 

Sərgi ilə tanışlığımız zamanı Almaz İdrisova bizə bir sirr də açaraq dedi:

– Bacım Mariya da rəssamdır. Birlik­də təhsil alırıq. Mariya milli kompozisi­yaları işləməyi sevir. Mənsə, gördüyü­nüz kimi, ən çox portret janrına üstünlük verirəm. Əsasən yağlı boya ilə, qismən də akrillə işləyirəm. Biz eyni zamanda Bakının 9-cu mikrorayonundakı “Al­mart studio” adlanan emalatxanamızda 100-ə qədər yeniyetməyə təcrübəmizi öyrədirik. İstedad və həvəsləri onların da bu sənətə ömürlük bağlanacaqlarına inam yaradır. 

Almaz xanımın kitabxanada fərdi sərgisi bir ay davam edəcək. Sonra isə növbə bacısı Mariya İdrisovanın olacaq. Gedib baxmağa dəyər.

Ə.DOSTƏLİ
XQ

Mədəniyyət