Tbilisi Qərbin təhdid hədəfində

post-img

Dünya ikili standartlarla doludur. Birinə rəva görülən qaydalar digərinə qəti şəkildə rəva görülmür. Məsələn, “Xarici təsirin şəffaflığı haqqında” qanun ABŞ-da və Avropa ölkələrində qəbul olunub və ciddi şəkildə ona riayət edilir. Amma Qırğızıstan və ya Gürcüstan belə oxşar qanun qəbul etmək istəyəndə okeanın o tayından da, “Köhnə qitə”dən də etiraz səsləri yüksəlir, təhdidlər və təzyiq rıçaqları işə salınır. Bütün bunlar belə deməyə əsas verir ki, Qərb onun maraqlarına uyğun addım atmaq istəməyən ölkələrə qarşı haqsızlıq edir və geosiyasi ambisiyalarını regional sabitliyin qorunmasından üstün tutur.

Mayın 1-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib. Qanun layihəsinin lehinə 83 deputat, əleyhinə isə 23 deputat səs verib. Gür­cüstanın Baş naziri İrakli Kobaxidze qa­nun layihəsinə üçüncü, yekun oxunuşda səsvermənin iki həftədən sonra keçirilə­cəyini bildirib: “Əlbəttə, bu gün, üçüncü oxunuşda və (prezidentin) vetosunun aradan qaldırılması zamanı nümayişlər olacaq, lakin biz, əlbəttə, bu qanunu qə­bul edəcəyik, uzunmüddətli perspektiv­də biz bunu illər boyu ölkəni qütbləşmə­dən və radikalizmdən sığortalayacağıq”. Qanun layihəsinin yekun oxunuşunun mayın 17-də müzakirəsi planlaşdırılır. Ancaq prezident Salome Zurabişvili de­yib ki, üçüncü oxunuşda qəbul ediləcə­yi təqdirdə layihəyə veto qoyacaq. Bu­nunla belə, hökumət vetonu ləğv etmək üçün səslərə malikdir və bunu edəcəyini bildirib. Hazırda hakim “Gürcü arzusu” partiyası və müttəfiqləri parlamentdəki 150 yerdən 83 yerə, müxalifət isə 55 yerə nəzarət edir. 

“Gürcü arzusu” partiyası aprelin 29-da parlament binası qarşısında qanun layihəsini dəstəkləmək üçün ölkənin hər yerindən insanları toplayaraq böyük nü­mayiş keçirib. Gürcüstanın keçmiş baş naziri və hakim “Gürcü arzusu” partiya­sının təsisçisi Bidzina İvanişvili qanun la­yihəsinə dəstək mitinqində çıxışı zamanı sənədin əleyhdarlarını sərt tənqid edib, eyni zamanda, xarici kəşfiyyat orqanla­rını ölkəsinin daxili siyasətinə müdaxilə etməkdə günahlandırıb. Digər sabiq baş nazir, hazırda “Gürcü arzusu”nun səd­ri olan İrakli Qaribaşvili və digər partiya liderləri bu qanunun ölkənin siyasi mü­hitində şəffaflığı artırmaq məqsədi da­şıdığını deyirlər. Qanun qəbul olunarsa, təşkilatlar və qrupların maliyyə vəsaitinin 20 faizdən çoxunu xaricdən aldığı halda “xarici agent” kimi qeydiyyatdan keçməsi tələb ediləcək. 

Əslində, gürcü hökumətinin istəyində heç bir qanunazidd əməl yoxdur. Belə qanunlar Qərb ölkələrində çoxdan qəbul olunub. Məsələn, ABŞ-də ilk müvafiq qanun 1938-ci ildə qəbul edilib. Xarici Agentlərin Qeydiyyatı Aktı adlanan qa­nun xarici hökumətləri və Amerika si­yasətində xarici fiziki və qurumları təmsil edən xarici agentlərdən öz fəaliyyətlərini və maliyyə mənbələrini açıqlamağı tələb edir. Xarici agent “xarici vəkalətçinin əmri, xahişi, göstərişi və ya nəzarəti ilə” fəaliyyət göstərən və eyni zamanda, “xarici vəkalət verənin maraqları naminə siyasi fəaliyyətlə” məşğul olan şəxsdir (fiziki və ya hüquqi). Qanunun məqsədi “hökumətin və Amerika xalqının bu cür şəxslərin bəyanatlarına və hərəkətlərinə qiymət verməsini” asanlaşdırmaqdır. 

Siyasi fəallıq ABŞ federal hökumə­tinin və ya “ictimaiyyətin hər hansı bir hissəsinin” ABŞ-nin daxili və ya xarici si­yasəti ilə bağlı və ya xarici hökumətə və ya siyasi partiyaya münasibətdə mövqe­yini dəyişməyə yönəlmiş fəaliyyət kimi müəyyən edilir. Qanunun icrasına da ABŞ Ədliyyə Nazirliyinin Milli Təhlükəsiz­lik Departamentinin Əks-kəşfiyyat şöbə­sinin daxilindəki xüsusi bölmə cavabdeh­lik daşıyır. Bu qanunun pozulması 5 ilə qədər azadlıqdan məhrumetmə ilə cəza­landırılır. Okeanın o tayında xarici agent­lərə qarşı digər qanunlar da qüvvədədir. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, xarici agentlərin ABŞ-dəki fəaliyyəti də 18 U.S.C. § 951, Public Law 893, 50 U.S.C. §§ 851-857, Vurhis Aktı 18 U.S.C. § 2386 və digər qanunlar və icra sərən­camları ilə məhdudlaşdırılıb. 

Göründüyü kimi, ABŞ-də xarici agentlər məsələsi ciddi nəzarət al­tındadır. Birləşmiş Ştatların bu vacib məsələni diqqət mərkəzində saxlaması milli təhlükəsizliyin qorunması ilə birba­şa bağlıdır. Axı hansı dövlət istəyər ki, xaricdən maliyyə dəstəyi alan qüvvələr daxili sabitliyə təhlükə yaratsınlar? Buna görə amerikalıların ard-arda müvafiq qa­nunlar qəbul etməsi məntiqli qarşılana bilər. Gürcüstan da daxili təhlükəsizliyi sual altına alan fəaliyyət növlərinə nə­zarət etmək istəyir. Axı qonşu ölkədə bununla bağlı rəsmi məlumatlar da ve­rilir. Məsələn, ötən ay Gürcüstan parla­mentinin spikeri Şalva Papuaşvili bildir­mişdi ki, Gürcüstanın ziyanına fəaliyyət göstərən və radikal olan bəzi qeyri-hö­kumət təşkilatları Qərbdən maliyyələ­şir. “Şəxsən mən birbaşa diplomatiya nümayəndələri ilə və birbaşa donorların rəhbərliyi ilə bir neçə dəfə danışmağıma baxmayaraq, beynəlxalq yardım sahə­sində mövcud standartları kobud şəkildə pozan bir neçə nəfər var”, - deyən cənab Papuaşvili müxalif “Mtavari” telekanalı­nın maliyyələşdirilməsini Gürcüstandakı seçkilərə birbaşa müdaxilə adlandırmış­dı. Ölkə hakimiyyəti onu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin ən böyük müxalifət partiyası olan Vahid Mil­li Hərəkatın maraqlarını təbliğ etməkdə günahlandırmışdı.

Ancaq Gürcüstan hökumətinin milli maraqlarını müdafiə etməyə qalxması Qərbi razı salmır. Artıq ABŞ və Avropa İttifaqı rəsmi Tbilisinin ünvanına təhdid­lər yağdırmağa başlayıblar. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Gürcüstanda baş verənlərlə bağlı yeni açıqlama yayıb. Açıqlamada deyilir ki, “Bu qanun və “Gürcü arzusu”nun an­ti-Qərb ritorikası Gürcüstanı təhlükəli trayektoriyaya sürükləyib: “Gürcüstan hökumətinin bəyanatları və hərəkətləri Aİ və NATO üzvlüyünü şərtləndirən demok­ratik dəyərlərə uyğun gəlmir və bununla da Gürcüstanın Avro-Atlantik inteqrasiya yolunu təhlükə altına qoyur”. 

Mətndə daha sonra rəsmi Tbilisiyə xəbərdarlıq edilir ki, qanun layihəsi gö­türülməsə, iqtisadi çətinliklərlə üzləşə­cəcək: “Gürcüstan iqtisadiyyatını, de­mokratiyasını gücləndirmək və Rusiya təcavüzünün qarşısını almaq üçün 32 il ərzində Gürcüstana göstərdiyimiz xarici yardımı yanlış xarakterizə edən şərhlər Gürcüstan hökuməti və xalqı ilə qurdu­ğumuz möhkəm əlaqələri əsaslı şəkildə pozur”. Bununla yanaşı, Metyu Miller sosial şəbəkədəki səhifəsində daha sonra bu təhdidi paylaşıb: “Gürcüstan hökumətinin Kremldən ilham alan “xarici təsir” qanunlarını təbliğ etməsini pisləyi­rik. Bu, ABŞ-Gürcüstan münasibətlərinə xələl gətirir və Gürcüstanın Aİ və NATO istəklərinə təsir edəcək. Biz hər kəsi dinc toplantılara hörmətlə yanaşmağa və gər­ginliyin qarşısını almağa çağırırıq”. 

Avropa İttifaqı da eyni təhdidlər səs­ləndirib. Ötən ilin dekabrında Gürcüstana namizəd statusu verən Brüssel bəyan edib ki, blokun dəyərlərinə “uyğun olma­yan” qanun layihəsinin qəbulu ölkənin üzvlük ümidlərini pozacaq. Aİ rəsmisi Peter Stanonun sözlərinə görə, bu qa­nun “Avropa dəyərlərinə uyğun gəlmir”: “Bu, Avropa İttifaqının gözləntilərini doğ­rultmur. Bu qanun qəbul ediləndə, hətta, Gürcüstanın Avropa İttifaqı ilə yaxınlaş­masına mane ola bilər”. Göründüyü kimi, Avropa İttifaqı indi Gürcüstanı hədələyir ki, bu qanunun qəbulu Aİ-yə üzvlük pro­sesini donduracaq. Üstəlik, vizasız rejim kimi mühüm nailiyyət də müzakirə möv­zusuna çevrilib. 

Ancaq bütün təhdidlərə baxmayaraq, “Gürcü arzusu”nun liderləri bildirirlər ki, bu qanun Qərbdən bəzi qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsində şəf­faflıq yaratmaq üçün lazımdır, çünki bəzi hallarda ölkədə inqilabi ssenarilər məhz Qərb pullarının köməyi ilə hazırlanır. Gö­rünür, rəsmi Tbilisinin belə istəyə düş­məsi Cənubi Qafqaz regionunu qlobal Qərb-Cənub qarşıdurmasında toqquş­malar meydanına çevirməyi planlaşdıran Qərb dairələrinin strategiyasına uyğun gəlmir. Ona görə də, “Gürcü arzusu” ikili standartlara məruz qalıb və Avropaya in­teqrasiya yolundan dönməyəcəyini bildir­məsinə baxmayaraq, Qərbin təzyiqi azal­mır. Əksinə, küçənin təzyiqinin artmasına yönəlmiş belə bəyanatlar səsləndirməklə Qərb regionda, şübhə yoxdur ki, ayırıcı xətlər yaratmağa çalışır.

S.ELAY
XQ

Siyasət