Dünya snayperlərinin Bakı döyüşü

post-img

Atıcılarımızın hədəfləri “onluq”dur

Azərbaycanda daha bir nüfuzlu yarış start götürüb. Bu dəfə Avropada ən böyük atıcılıq komplekslərindən biri olan Bakı Atıcılıq Mərkəzi stend və güllə atıcılığı üzrə Dünya kuboku yarışına ev sahibliyi edir. 

Dünyanın ən güclü snayperlərinin müba­rizə apardığı turnirə bu dəfə 85 ölkədən 700 idmançı qatılıb. Azərbaycanı turnirdə 43 atıcı təmsil edir. Bu il gənc idmançılarımızın yük­sək nəticələr əldə etdiklərini nəzərə alsaq, bu yarışın komandamız üçün uğurlu olacağını demək olar. 

Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov jurnalistlərə açıqlama­sında bu il yarışın formatının ötənilkindən bir qədər fərqləndiyini deyib. O, 25 və 50 metr məsafələrə atışların iki dəfə keçiriləcəyini vurğulayıb. Qeyd edilib ki, buna səbəb fev­ralda İspaniyadakı Dünya kuboku yarışında sözügedən atışların müəyyən səbəblərdən keçirilməməsidir. Baş katib maraqlı turnirə şahidlik edəcəyimizə əmin olduğunu bildirib. O, idmançılarımıza, xüsusilə gənclərə inan­dığını söyləyib. 

Atıcılıq Federasiyasının vitse-prezi­denti, Olimpiya çempionu Zemfira Mef­tahətdinova ölkəmizin güclü yarışlara yüksək səviyyədə ev sahibliyini etdiyini deyib. O bildirib ki, Dünya kuboku nüfuz­lu turnirdir və bu yarışda rəqabət, təbii ki, gərgin olacaq:

– Yarışın davam edəcəyi günlərdə ma­raqlı rəqabətin, idman mübarizəsinin şahidi olacağımıza əminik. Atıcılarımız ölkəmizi hər zaman nüfuzlu turnirlərdə layiqincə təm­sil edirlər. Əli Hüseynli, Nurlana Cəfərova, Nigar Nəsirova kimi istedadlı atıcılarımız lisenziya turnirlərində öz qüvvələrini sınadı­lar. Onların lisenziya qazanmaq üçün şansları var idi. Finala qədər irəliləmişdilər. Nəticələr onu göstərir ki, bu idman növü Azərbaycanda kifayət qədər inkişaf edib. İnanırıq ki, idman­çılarımız nailiyyətləri ilə bizi sevindirəcəklər. 

Beynəlxalq İdman Atıcılıq Federasiya­sında (ISSF) Texniki Komitənin üzvü Ab­dulla Al Hammad ölkəmizdə təşkil olunan yüksək səviyyəli tədbirlərə görə Azərbay­can Prezidenti İlham Əliyevə öz təşəkkü­rünü bildirib:

– Azərbaycana gəlmək mənim üçün hər zaman xoşdur. Ölkənizdə müxtəlif növ id­man yarışları yüksək səviyyədə təşkil olu­nub. Dünyanın müxtəlif ölkələrində olmu­şam. İnanın, bu cür şərait hər yerdə olmur. Belə qonaqpərvərliyə və təşkilatçılığa görə minnətdarlığımı bildirirəm. Qarşıda bizi çox maraqlı mübarizə gözləyir. Ümid edirəm ki, bu dəfəki Dünya kubokundan da məmnun qalacaqsınız. 

Abdulla Al Hammad yarış iştirakçılarının öz güclərindən maksimum istifadə etmələri üçün hər bir şəraitin yaradıldığını qeyd edib. 

Beynəlxalq İdman Atıcılıq Federasi­yasının Tüfəng Komitəsinin sədri Deyvid Qudfelou ilk dəfə Bakı Atıcılıq Mərkəzin­də olduğunu, müasir üslublu komplek­sin onda dərin təəssürat yaratdığını qeyd edib. Bakıya ilk dəfə səfər edən britaniyalı qonaq şəhərimizin gözəlliyini, xalqımızın qonaqpərvərliyini vurğulayıb. Bildirilib ki, Azərbaycanın belə idman tədbirlə­rinə evsahibliyi etmək üçün kifayət qədər təcrübəsi var. Deyvid Qudfelou yarışın qaydalarında dəyişikliyin olmadığını da diqqətə çatdırıb:

– Olimpiada ili olması baxımından han­sısa dəyişikliklər nəzərdə tutulmayıb. “Pa­ris-2024”dən sonra müəyyən dəyişikliklərin olacağı gözlənilir. İnanıram ki, Dünya kubo­kunda iştirak edən atletlərin hər biri burada mübarizə aparmaqdan zövq alacaqlar. 

Məlumat üçün bildirək ki, mayın 1-də qeyri-rəsmi məşqlərlə başlayan turnirin ikin­ci günündə yalnız bir növdə təsnifat mərhələ­si olub. Belə ki, pnevmatik tapança ilə 10 metr məsafədən atəş açma yarışlarında qarı­şıq komandalar mübarizə aparıblar. Azərbay­canın iki cütlüyü – Nigar Nəsirova ilə Ruslan Lunyov, Leyli Əliyeva ilə Vladislav Kalmı­kov hədəf önünə keçiblər. Ümumilikdə isə 28 cüt yarışa qatılıb. Bu növdə final mərhələsi mayın 3-də keçiriləcək. 

Dünya kubokunda atıcılar, ümumilikdə stend atıcılığının dairəvi və səngər növlərin­də mübarizə aparacaqlar. Güllə atıcıları isə pnevmatik tapança (10 m), kiçikçaplı tapan­ça (25 m), pnevmatik tüfəngdən (10 m, 50) atəşaçma yarışlarında iştirak edəcəklər. 

Qeyd edək ki, Dünya kuboku mayın 12-dək davam edəcək. 

Leyla QURBANOVA
XQ

İdman