Xəbər verildiyi kimi, Azərbaycan yazarları qardaş Türkiyədə yaradıcılıq səfərində olublar. İstanbul Kültür Universitetində Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anarla görüş keçirilib, ertəsi gün isə Türk Ədəbiyyatı Vaqfında “Qobustan” dərgisinin Türkiyə özəl sayının təqdimat mərasimi olub. “Qobustan”ın baş redaktoru, yazıçı-dramaturq Pərvin Nurəliyeva bizimlə söhbətində İstanbul görüşləri barədə ətraflı məlumat verib. Aşağıda onun dediklərini təqdim edirik.
– Səfərimiz maraqlı tədbirlərlə yadda qaldı. “İki çağın yazarı: Anar” adlı görüşdə universitetin müəllim heyəti və tələbələr iştirak edirdilər. Filologiya fakültəsinin dekanı, professor Fatih Göksal Türk dünyasının böyük yazarı Anarın türkiyəli gənclərlə görüşünün əhəmiyyətindən söz açdı. Universitetin əməkdaşları Vahit Türk, İsa Kocakaplan çıxışlarında Anarın ümumtürk ədəbiyyatının zənginləşməsində xidmətlərindən danışdılar. Yazıçı-tərcüməçi İmdat Avşarın Xalq yazıçısının yaradıcılığında Türkiyə mövzusu ilə bağlı geniş məruzəsi maraqla dinlənildi. O, gənclərə Türkiyənin və özəlliklə türk ədəbiyyatının Azərbaycandan necə göründüyünü anlamaq üçün məhz Anarın əsərlərini, o cümlədən böyük türk şairi Nazim Hikmət haqqında “Kərəm kimi” romanını və TÜRKSOY-da yayımlanan “Çağdaşlarım” kitabını oxumağı tövsiyə etdi. Mətbuat Şurasının sədri, AYB-nin sədr müavini Rəşad Məcid Anarın Türkiyə sevgisindən maraqlı məqamlara işıq tutdu. Onun “Yaşamaq haqqı” traktatı ilə ümumtürk tarixini və mədəniyyətini böyük ustalıqla incələdiyini vurğuladı və həmin əsəri gözəl dərslik kimi dəyərləndirdi. Mən isə gənclərə Anar yaradıcılığında əks etdirilmiş xoşbəxtlik reseptlərini anlatdım.
Xalq yazıçısı Anar tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi və türk gənclərlə görüşün ondan ötrü xüsusi əhəmiyyət daşıdığını dilə gətirdi. O, iki qardaş xalqın ədəbiyyatının daha da yaxınlaşması üçün belə görüşlərin əhəmiyyətli olduğunu vurğuladı. Mətnlərində və bioqrafiyasında Türkiyənin necə özəl yer tutması ilə bağlı səslənən fikirlərə əlavə olaraq dedi: “Mən hələ əlifbanı öyrənmədən, oxuyub-yazmağı bilmədən də öncə anam mənə türk şairlərinin şeirlərini, əsasən də Nazım Hikmətin “Günəşi içənlərin türküsü” kitabını oxuyardı. Sonralar isə özüm oxudum müxtəlif türk şairlərini və çox sevdim, haqlarında məqalələr, kitablar yazdım”.
Sonra iştirakçıların alqışları ilə Anara xatirə hədiyyəsi təqdim edildi, gənclər yazıçıya kitab imzalatdılar. Növbəti gün isə Türk Ədəbiyyatı Vəqfi Xalq yazıçısı Anarı “Türk dünyasının ağsaqqalı” mükafatına layiq gördü. Onu da əlavə edim ki, qardaş ölkəyə yaradıcılıq səfəri çərçivəsində Xalq yazıçısı Türkiyənin “Yeni şəfəq” qəzetinə, TRT telekanalına müsahibələr verib, həmçinin TVNET kanalının canlı efirində sualları cavablandırıb.
Pərvin Nurəliyeva səfər çərçivəsində İstanbulda Türk Ədəbiyyatı Vaqfında “Qobustan” dərgisinin Türkiyə özəl sayının təqdimatı ilə bağlı fikirlərini də açıqladı:
– Dərgimizin özəl sayı AYB-nin Türk Ədəbiyyatı Vaqfı və “Türk ədəbiyyatı” dərgisi ilə qarşılıqlı əməkdaşlığının məhsuludur. Razılaşmaya əsasən, “Türk ədəbiyyatı” dərgisi ilə “Qobustan”ın hərəsinin bir sayı Azərbaycana və Türkiyəyə həsr olunmalı idi ki, bu da uğurla reallaşdı.
Mərasimdə Türk Ədəbiyyatı Vaqfının rəhbəri, şair Sərhat Kabaklı Ustad Anarın yaratdığı və hələ sovet dövründən ümumtürk mədəniyyətini təbliğ edən “Qobustan” dərgisinin Türkiyə özəl sayının buraxılmasını tarixi hadisə adlandırdı. Ədəbiyyatşünas alim, professor Ramazan Korkmaz, Xalq yazıçısı Anar, “Türk ədəbiyyatı” dərgisinin baş redaktoru İmdat Avşar, Mətbuat Şurasının sədri, şair Rəşad Məcid bizim dərgi ilə bağlı səmimi ürək sözlərini dilə gətirdilər. Mən də öz çıxışımda bu il “Qobustan”ın 55 yaşının tamam olduğunu və yubiley ilimizə Türkiyə özəl sayı ilə qədəm qoymağımızdan şərəf duyduğumuzu söylədim. Onu da deyim ki, mərasimdə Rəşad Məcid və mən “Əhməd Kabaklı adına ədəbiyyat mükafatı”na layiq görüldük.
Hazırladı:
Əli NƏCƏFXANLI
XQ