Müasir Azərbaycan incəsənətini öz individual yaradıcılıq fəaliyyəti ilə təmsil edən istedadlı gənc rəssamlardan biri də Pərviz Abasovdur. Maraqlı və bədii üsluba malik olan rəssam rəngkarlıq, heykəltəraşlıq və illüstrasiya sahəsində qeyri-adi əsərlərin müəllifidir. O, öz yaradıcılıq yolunu rəngkarlıqda, rənglərdə tapa bilib. Rəssam düşünür ki, özünü rənglərlə daha yaxşı ifadə edə bilir və istədiyini rahatlıqla tamaşaçıya çatdırır. Pozitiv xarakterə malik olan rəssam əsərlərində rənglərlə yaratdığı emosional pozitivliyi onu izləyən tamaşaçıya ötürə bilir.
Gənc rəssam bir çox sərgi və müsabiqələrdə də iştirak etmişdir. Onun Muzey Mərkəzinin Sərgi Qalereyasında təşkil edilmiş “Biz kimik, məclis onun məclisidir” adlı fərdi sərgisi bura təşrif buyuran qonaqların, xüsusilə də gənclərin böyük marağına səbəb olur. Sərgidə nümayiş olunan “Mərdəkan”, “Bilgəh”, “Ciyər axşamı”, “Şirin söhbət”, “Məhəllə”, “Görüş” və s. əsərlərdə o dövrün toy adət-ənənəsi, məhlədə nərd oynayan Bakı sakinləri, Bakının küçələri təsvir olunmuşdur.
Sərginin ideyası köhnə Bakını və onun ənənələrini yaşatmaqdır. Bu əsərlərin hər biri qədim Bakının hər anını özündə ehtiva edərək, tamaşaçını zamanın səyahətinə aparır. Pərviz Abasovun Bakıya və onun keçmiş adət-ənənələrinə olan məhəbbbəti əsərlər üzərində təkcə mövzu baxımından deyil, həm də çəkilmə tərzi və texnikası baxımından da bir-birini tamamlayır. Unudulmaqda olan köhnə Bakı adət-ənənələri və ona olan bağlılıq rəssamın bu mövzuda silsilə əsərlər yaratmağa cəlb etmişdir.
“Kişi salonu”, “Back to homeland”, “No money, no funny”, “Puzzle”, “Əziz bakılılar və şəhərimizin qonaqları”, “Kubrick”,”Li homies”, “Pul olsaydı gedib gezərdüy arvad”,”Azneft”, “Face of Baku” və s. əsərləri rəssamın mənəvi və bədii səciyyəyə malik olan kompozisiyalarıdır. Pərviz Abasovun yaradıcılığında ilk diqqəti cəlb edən al-əlvan rənglərdir.
O, əsərlərində keçmişi və müasirliyi sintez etməyi çox sevir. Bakının qədim toy adətləri əks olunan əsərlərdə amerikalı hip-hop ifaçıları Tupak və Biggienin kətan üzərində meyxana deyişməsinin təsvirini görə bilərik. Bu sintez onu və əsərlərini digər rəssamlardan fərqləndirən xüsusiyyətdir. Rəssamın düşüncəsinə görə, həyat hər yerdə eynidir, fərqli olan personajlardır.
Sərgidə “Love is..” seriyalı maraqlı rəsmləri və dünya musiqi tarixində yer almış məşhur reper Tupak Amaru Şakurun heykəllərini də görə bilərik.
Qeyd edək ki, Bakının Yasamal rayonunda yerləşən Vernisaj muzeyində də rəssamın 80 ədəd rəngkarlıq, 20 ədəd illüstrasiya və 13 ədəd heykəl işinin nümayiş olunması nəzərdə tutulur. Muzey Mərkəzinin Sərgi Qalereyasında təşkil olunmuş sərgi mayın 5-nə qədər davam edəcək.
Fidan SALMANOVA,
Elşən AĞALAROV (foto),
XQ