Aprelin 19-da AMEA-nın Əsas binasında dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunan “Məhəmməd Füzuli və Şərq folkloru” mövzusunda respublika elmi konfransı keçirilib.
Konfransı giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Akademiyada müxtəlif ölkə nümayəndələrinin iştirakı ilə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə həsr olunan silsilə tədbirlərin təşkil olunduğunu söyləyib. O, Prezident İlham Əliyevin fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimindəki nitqi zamanı Türk dünyası ilə əlaqələri Azərbaycan cəmiyyəti üçün prioritet istiqamət kimi bəyan etdiyini vurğulayıb. “Ölkəmizin Azərbaycanın öz suverenliyini bərpa etməsi artıq tariximizdə yeni mərhələnin başlanğıcıdır”, – deyən AMEA rəhbəri qarşımızda yeni, ciddi çağırışların dayandığını söyləyib.
Akademik İsa Həbibbəyli bugünkü konfransın Məhəmməd Füzulini yeni nəsillərə azərbaycançılıq mövqeyindən çatdırmaq, şairin yaradıcılığını daha dərindən şərh etmək və dünyaya tanıtmaq baxımından elmi əhəmiyyətini vurğulayıb.
O, görkəmli ədibin folklorla əlaqələrinin sovet dövründə dərindən öyrənildiyini deyərək, Məhəmməd Füzuli və folklor mövzusunda çoxsaylı məqalələrin çap edildiyini, dissertasiya işlərinin yazıldığını bildirib.
AMEA rəhbəri çıxışının sonunda “Məhəmməd Füzuli və Şərq folkloru” mövzusunda keçirilən tədbirin şairin bənzərsiz əsərlərinin daha geniş miqyasda tədqiqinə imkanlar yaradacağına, Məhəmməd Füzuli ilə bağlı yeni araşdırmaların meydana çıxacağına, onun şəxsiyyətinin miqyasının yaratdığı imkanlar səviyyəsində Türk dünyası ilə, qardaş türkman və iraq xalqları elmi əlaqələrin genişlənməsinə xidmət edəcəyinə inamını ifadə edib.
Daha sonra AMEA-nın Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov görkəmli Azərbaycan şairi Məhəmməd Füzulinin ədəbiyyatımızdakı müstəsna yerindən danışıb, şairin dünya və Şərq ədəbiyyatı qarşısında tarixi xidmətlərini, Azərbaycan ədəbi dilini əlçatmaz zirvəyə çatdırdığını və bu işi xalq dilinin əsasında gördüyünü vurğulayıb.
Akademik Muxtar İmanov Füzulinin “Kitabi Dədə Qorqud” dastanı ilə səsləşən misralarından nümunələr səsləndirərək, burada eyni üslubi yanaşmanın mövcud olduğunu və bu yanaşmanın təkcə dil səviyyəsində deyil, daha da genişlənərək bayatı, əfsanə, rəvayət, nağıl və dastan poetikası səviyyəsində özünü göstərdiyini bildirib.
Sonra professor Füzuli Bayat “Füzuli yaradıcılığında Orta Şərq və İslam mifləri”, Dr. Sabah Abdullah Kərküklü “Füzuli və İraq-türkman folkloru”, filologiya elmləri doktoru dosent Sərxan Xavəri “Məhəmməd Füzuli: zamanın poetik “stop kadr” anı”, Özbəkistanın Ürgənc Dövlət Universitetinin professoru Nəsibə Sabirova “Füzuli və folklor” və professor Ataəmi Mirzəyev “Füzuli yaradıcılığında folklor nümunələrindən istifadənin təzahür formaları” mövzusunda məruzələrlə çıxış ediblər.
Tədbirdə İraq Strateji Araşdırmalar Mərkəzinin müdiri, İraq–Azərbaycan Dostluq Cəmiyyətinin sədri doktor Mutaz Muhyi Əbdülhəmid, Özbəkistanın ali təhsil müəssisələrinin nümayəndələri, ölkəmizin Ədəbiyyat, Folklor və Dilçilik institutlarının əməkdaşları iştirak ediblər.
Konfrans öz işini bölmə iclaslarında davam etdirib.
Bölmə iclaslarında Məhəmməd Füzulinin zəngin bədii yaradıcılığında folklor qaynaqlarının, milli-mənəvi dəyərlərin araşdırılmasını əhatə edən müxtəlif mövzulu məruzələr dinlənilib, geniş müzakirələr aparılıb.
Qabil YUSİFOĞLU
XQ