Dillər özgə – duyğular doğma

post-img

Yuxusuz gecə

Həlak olmuş

əsgər yoldaşım

ağzı açıq uzanıb aya baxırdı

sanki ayla danışırdı

o gecə mənimçün

ağırdı, çox ağırdı

o gecə güllə yağışı yağırdı

mən səngərdə

sevgi məktubu yazırdım

heç kim anlamaz necə

yapışmışdım mən həyatdan o gecə.

Cuzeppe Unqaretti (İtaliya)

Tərcümə edəni: Adil MİRSEYİD 

***

KİM ANLAR

Mürgü döyən gölə Ay işığında

Sevginin rəsmini cizsəm kim anlar?

Tumurcuq çırtlayıb, gül açdığında

Yağışın saçını çözsəm kim anlar?

 Eşq - süd bəyazı, kin - kömür qarası,

Könlümü göynədir hər dost yarası...

Ət oldum, bıçaqla sümük arası,

Cəlladla əhdimi pozsam, kim anlar?

Doğumda yalan var, ölümdə gerçək,

Nəyə işarədir, balıq, quş, böcək?

Qırıq könülləri toplayıb tək-tək,

Köksümün üstünə düzsəm, kim anlar?

Yazlamı açılır qışın düyünü,

Haqlamı çözülür işin düyünü?

Ağlımdan keçəni - düşündüyümü

Oxusam kim anlar, yazsam, kim anlar?

Ziya Osman SABA Türkiyə)

***

Son gecəm mənim

Nəyim var, ayrılıb hər birisindən

Könülsüz-könülsüz gedirəm, ancaq 

Bu xəz kürküm mənim – qurd dərisindən

Heç bilmirəm kimə qismət olacaq.

 

Kimi kövrəldəcək isti yun şalım,

Kim mənim itimə sahib çıxacaq?

Üstü firuzəli gümüş qolbağım

Kimin biləyində parıldayacaq?

 

Kimin olasıdır, gözümü yumsam,

Bu məktublar kimin, çiçəklər kimin...

İçimdən sürüşən sonuncu misram,

Bir də sən, bir də sən, son gecəm mənim!

Marina SVETAYEVA (Rusiya)

Çevirəni Mahir N. QARAYEV

***

MƏNCƏ

Məncə, bitki xalqıq biz.

Xəzan olarkən

Bu qədər səssiz qala bilməyin

başqa adı varmı? 

Başqa səbəbi ola bilərmi

Yenidən doğulacağına inanaraq,

Yuxunun döngələrində

Qorxmadan

Ölümə qədər

Getmə cəsarətinin?

Məncə, biz bitki xalqıq -

Heç görmüsünüzmü 

Bir ağac nə vaxtsa üsyan eləsin?

Ana BLANDİANA (Rumıniya)

Tərcümə edəni: Jalə İSMAYIL

 







Mədəniyyət