Mingəçevir Dövlət Universiteti ilə Türkiyə əməkdaşlığı müəssisələrindən biri olan Orta Doğu Teknik Universiteti arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsinə xidmət edən Anlaşma Memorandumu imzalanıb. Bu münasibətlə MDU-nun rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada səfərdə olub.
Qonaqların ODTU-nun rektor Əhmət Yozqatlıgil ilə görüşündə tərəflər ali təhsil sahəsində mövcud çağırışlar, qlobal akademik trendlər, universitetlərarası əməkdaşlığın yeni modelləri və qarşılıqlı maraq doğuran istiqamətlər ətrafında geniş fikir mübadiləsi aparıblar.
Əhmət Yozqatlıgil universitetlərarası əməkdaşlığın elmin qlobal səviyyədə inkişafı və innovativ biliklərin paylaşımı baxımından mühüm rol oynadığını qeyd edərək imzalanan Anlaşma Memorandumunun Azərbaycan–Türkiyə ali təhsil əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcəyini bildirib. MDU-nun rektoru Anar Eminov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin keçirdiyi beynəlxalq əlaqələrinə toxunaraq bildirib ki, universitetdə elm və tədqiqatda dayanıqlı inkişafı prioritet istiqamət kimi müəyyənləşdirilib. O, ODTU kimi beynəlxalq səviyyədə tanınan elmi-tədqiqat universiteti ilə əməkdaşlığın MDU-nun akademik potensialının güclənməsinə, birgə elmi layihələrin icrasına, eləcə də tələbə və müəllim heyəti üçün yeni beynəlxalq imkanların yaranmasına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Memoranduma əsasən, əməkdaşlıq akademik və tələbə-müəllim mübadiləsinin həyata keçirilməsi, birgə elmi-tədqiqat layihələrinin icrası, akademik proqramların həyata keçirilməsi kimi məsələləri əhatə edir.
İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

