Bakı şəhər M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası böyük kimyaçı-alim, akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi ilə əlaqədar “Elmə həsr olunmuş ömür” və “Tarixə yazılan ömür” adlı videoçarxlar hazırlayıb.
Videoçarxlarda ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dünya şöhrətli kimyaçı-alim Yusuf Məmmədəliyev haqqında sitatları verilib.
“Elmə həsr olunmuş ömür” adlı 1-ci videoçarxda akademikin elmi fəaliyyəti, dünya neft-kimya sənayesinin tarixinə qızıl hərflərlə yazılan ixtiraları haqqında məlumat verilir. Qeyd olunur ki, Azərbaycan neft-kimya sənayesinin əsasını qoyan alim neftin və neft qazlarının katalitik emalı sahəsinə əvəzolunmaz töhfələr vermiş, İkinci Dünya müharibəsi illərində “Molotov kokteyli” və yüksək oktanlı benzin icad etmişdir. Videoçarxda akademik Y.Məmmədəliyevin Azərbaycan SSR Elmlər Akademiyasının təsisçilərindən biri olduğu, 1947-1950 və 1958-1961-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti seçilməsi haqqında izləyicilərə məlumat verilir.
“Tarixə yazılan ömür” adlı videoçarxda isə bildirilir ki, Yusif Məmmədəliyev Azərbaycanda müxtəlif elm sahələrinin inkişafına yorulmadan xidmət etmiş, onların dünya elm məkanına çıxmasına dəstək olmuş, alim və tələbələrə qayğı göstərmiş, Azərbaycan dilinə böyük önəm vermişdir. Böyük alimimiz XX əsrin 30-cu illərində repressiyalara uğramış dövlət xadimlərinin övladlarını Elmlər Akademiyasında və Bakı Dövlət Universitetində işlə təmin etmişdir. Videoçarxda alimin xatirəsinin əbədiləşdirilməsi və onun təltifləri də göstərilir.
Birici videoçarx böyük alim Yusuf Məmmədəliyevin ən çox sevdiyi dünya şöhrətli Xalq artisti Bülbülün və tanınmış opera müğənnisi Azər Rzazadənin ifalarında Asəf Zeynallının “Ölkəm” mahnısı ilə, ikinci videoçarx isə dahi bəstəkar, Xalq artisti Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürası və Müslüm Maqomayevin “Şah İsmayıl” operasından bir parça ilə müşayiət olunur.
XQ

