Heydər Əliyev Mərkəzi və Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun təşkilatçılığı ilə dekabrın 19-da bu yüksək tibb təhsili mərkəzinin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb.
Məclis ölkəmizin diplomdan sonrakı tibb təhsilinin inkişafında mühüm rol oynamış səhiyyə ocağının zəngin tarixinə, elmi-tədris fəaliyyətinə və müasir nailiyyətlərinə həsr edilib.
Heydər Əliyev Mərkəzində keçirilən konfransın açılış mərasimində Səhiyyə Nazirliyinin və Milli Məclisin Səhiyyə komitəsinin rəhbər şəxsləri, eləcə də yerli və xarici ali tibb təhsili müəssisələrinin rəhbərləri, nüfuzlu alimlər və səhiyyə ictimaiyyətinin nümayəndələri iştirak edirlər.
Məclisin əvvəlində səhiyyə naziri Teymur Musayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yubilyar kollektivə və konqres iştirakçılarına ünvanlandığı müraciəti səsləndirib.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə qeyd edib ki, ADHTİ-nin 90 illik fəaliyyəti Azərbaycanın səhiyyə tarixinin çox mühüm bir hissəsidir. Onun sözlərinə görə, institutda çalışan alimlər, həkimlər, müəllimlər Azərbaycan tibb elminin inkişafına mühüm töhfələr verib.
ADHTİ-nin rektoru Nazim Pənahov Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən institut əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsini kollektivin fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirərək dövlət başçısına minnətdarlığını bildirib.
Rektor institutun yaradılması tarixi və keçdiyi şərəfli yol barədə məlumat verib. Qeyd olunub ki, institutun tarixinin bir çox şanlı səhifələri görkəmli dövlət xadimi və unudulmaz səhiyyə təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin adı ilə bağlıdır. Məhz buna görə 1962-ci ildə instituta onun adı verilib.
İki gün davam edən konfrans çərçivəsində tibbin müxtəlif sahələrinin aktual problemlərinə həsr olunmuş 2 plenar iclas və 5 elmi panel təşkil ediləcək. Məclisdə Türkiyə, Böyük Britaniya, Özbəkistan, Rusiya, Gürcüstan, İran, Danimarka, Almaniya və digər ölkələrdən olan mütəxəssislər də məruzələrlə çıxış edib, tibb elminin son nailiyyətləri və müasir yanaşmalar ətrafında geniş müzakirələr aparıblar.
XQ


