“Sözün də su kimi lətafəti var”

post-img

Nitqin xüsusi bir üsulu olan poeziya bədii zövqün heyrətamiz ifadəsi, adi danışığın əlvan boyalarda təqdimatıdır. Bu “söz oyunu” şeiriyyət, qeyri-adi təsvir, ahəng – qafiyə, heca və sairlə cilalanır. Kant yazırdı ki, poeziya incəsənət növləri arasında ilk yeri tutur. Qısası, bu, sözdən söz çıxarmaq sənəti, dilin məna, səs və ritm elementlərindən müəyyən nizam içində istifadədir.

Dünyada ən qədim şeirləri eramızdan əvvəl 23-cü əsrdə Akkad kralı Sarqonun qızı Şahzadə En-hedu-ana Şumer himn­ləri kimi yazıb və ilk olaraq, gənc bir qızın yanaqlarını gül ilə müqayisə edib. Min illərdən bəri insanları heyrətləndirən poeziyaya gözəlliyin qeyri-adi baxış bucağından bəlağətli etirafı da demək olar və bu, bəlkə də, izaholunmaz bir fəlsəfədir. Təşbehlər, bənzətmələr onu fərqli bir musiqi halına gətirir. Bir fikir də var ki, poeziya həqiqət axtarışının bir üsuludur. Məsələn, müqəddəs Qurani-Kərim də qafiyələr üzərində qurulub. 

Ulu öndər Heydər Əliyev deyib: 
“...Mən şeirə də, mahnıya da çox hissiyyatlı adamam. O misraları, o sözləri, o musiqini həyəcansız dinləyə bilmirdim. Bizim mədəniyyətimizin nə qədər dərinliyi var, yüksəkliyi var! Biz nə qədər zənginik!.. İnsanlara şeir qədər, ədəbiyyat qədər, mədəniyyət nümunələri qədər güclü təsir edən, yəni insanların mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərinin formalaşmasına bu qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur”.  

Xalq şairi Bəxtiyar Vahabzadə isə poeziyanı idrakın gözü adlandırıb: “Əbədi bir od kimi öz içindən közərib,hey yanır şeirim mənim. Bu günümdən sabaha boylanır şeirim mənim”.

Hər il yaz gələndə – martın 21-də Dünya Poeziya Günü qeyd olunur. Amma, bizcə, ilin bütün günləri poeziya ilə bağlıdır. Bu həm də ölkələrin, millətlərin etibarlı ünsiyyət vasitəsidir. Təsadüfi deyil ki, ötən il Ankarada, TÜRKSOY Yazarlar Birliyi yaradılıb. Qurumun Baş katibi Sultan Rayev deyib ki, bu çətir altında türk dünyası ədəbiyyatlarının əlaqələrinə körpü atmaq, qardaş türk boylarını yaxınlaşdırmaq istəyirik. Unutmaq lazım deyil ki, ədəbiyyat mədəniyyətin şah damarındakı qandır. Türk dünyasının böyük düşüncə adamı İsmayıl Qaspıralının dediyi kimi, “Dildə, işdə, fikirdə birlik” düşüncəsi gerçəkləşdirilməyə başlanıb.

Bu yaxınlarda AYB Natəvan klubunda Azərbaycan Ədəbiyyat Fondunun və Ümumdünya Yazıçılar Təşkilatının (ÜYT) birgə təşkilatçılığı ilə “Azərbaycan ədəbiyyatının dünya ədəbiyyat platformalarına inteqrasiyası” mövzusunda dinləmə keçirilib. ÜYT-nin sədri, şair Marqarita Al vurğulayıb ki, Azərbaycan bu təşkilat üçün xüsusi statuslu bir ölkədir. Belə ki, məhz bizim ölkəmiz ÜYT-nin yaranması ideyasının beşiyi sayılır. 2019-cu ildə BMT xətti ilə Bakıda dünyanın 52 ölkəsinin iştirakı ilə keçirilən 3-cü “LiFFt” festivallar festivalı zamanı belə bir böyük miqyaslı ədəbiyyat təşkilatının yaranması zərurəti səsləndirilib. Tezliklə Nigeriyanın paytaxtı Abudja şəhərində Ümumdünya Yazıçılar Təşkilatının “Biz eyni planetin insanlarıyıq” adı altında 1-ci konqresi keçiriləcək, üzv ölkələr arasında poeziya və nəsr müsabiqəsi təşkil ediləcək, qaliblərin əsərləri 4 dildə almanax kimi nəşr olunacaq.    

Onu da qeyd edək ki, AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin orqanı – “Dünya Ədəbiyyatı” dərgisi də artıq 10 ildir, tərcümə sahəsində önəmli işlər görür. İndiyə kimi Moldova, Türkiyə, İran, Oman, İsrail və digər ölkələrin ayrıca ədəbiyyat sayları nəşr edilib.   

Azərbaycanın ürəyi həmişə şeirlə, poeziya ilə döyünüb. 44 günlük Zəfər yürüşü ilə azad edilmiş Qarabağda “Vaqif Poeziya Günləri”nin bərpası könlümüzü riqqətə gətirir. Nəhayət, bu il həm də Füzuli ilidir – dahi şairin 530 yaşı qeyd olunur. Prezident İlham Əliyev 25 yanvar 2024-cü ildə bu barədə sərəncam imzalayıb.  

Bu misralar Məhəmməd Füzuliyə məxsusdur:

Artıran söz qədrini sidq ilə qədrin artırar,

Kim nə miqdar olsa,  əhlin eylər ol miqdar söz.

Bir günümüz də şeirsiz, nəğməsiz keçməsin!

 



Mədəniyyət