Şəhid İslam Eyvazova abidə ucaldıldı

post-img

Naxçıvanın Qaraxanbəyli kəndində şəhid İslam Eyvazovun  boya-başa çatdığı evin önündə ucaldılan abidəsinin açılış mərasimi keçirilib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyinin media üzrə məsul şəxsi Günay Malikqızı bildirib ki, İslam kimi oğullar qəhrəmanlıqları sayəsində hər bir azərbaycanlının qəlbində əbədi olaraq özlərinə abidə ucaldıblar. 

“Naxçıvan Qaziləri” İctimai Birliyinin sədr müavini Əli Əlisoy, Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun Xüsusi Təyinatlılar hərbi hissəsinin zabiti Rəşad Həbibov, şəhid anaları adından Fatma xanım, Gülşad ana, şəhid atası Mais Gülməmmədov, Rizvan Həmzəyev, döyüş yoldaşı Əli Musayev qəhrəmanın həyat yolundan danışıblar. 

Şəhidin anası Aytən Eyvazova qeyd edib ki, ötən ay şəhid ailələrinin Şuşa şəhərinə gəzintisi təşkil edilib. Həmin gün o da oğlu İslamın şəhid olduğu yeri görüb. Torpağı ovuclayıb balasının ətrini duyub. 

Sonra qəhrəmanın şərəfinə şeirlər səsləndirilib, Naxçıvan Dövlət Universitetinin tələbələrinin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.

Xatlrladaq ki, İslam Eyvazov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Cəbrayıl, Füzuli, Xocavənd istiqamətlərində vuruşub. Noyabrın 9-da Xocavənddə şəhidlik zirvəsinə yüksəlib. O, Qaraxanbəyli kənd məzarlığında dəfn olunub. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Eyvazov ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 

Səbuhi Həsənov,
“XQ”nin bölgə müxbiri

Naxçıvan   

 

Son xəbərlər