Stiv Cobsun ibrətli hekayətləri

post-img

“Apple” şirkətinin qurucusu, yeni texnologiyalar erasının dahilərindən sayılan amerikalı Stiv Cobs (1955-2011) dövrünün ən uğurlu iş adamlarından və zəngin insanlarından idi. Qəlbində böyük həyat eşqi, qurub-yaratmaq arzusu vardı. 

Lakin Stiv həyatının son illərində qara ciyərin xərcəngi xəstəliyi ilə  mübarizə aparmalı olmuşdur. Onu nə saysız var-dövləti, nə də şöhrəti ölümün pəncəsindən xilas edə bilməmişdir. Bütün bunlar Stivi çox düşündürmüş, həyat və ölüm haqqında düşüncələrini səsləndirməyə sövq etmişdir. 

Maraqlıdır ki, 56 yaşında dünyasını dəyişən Stiv Cobsun ölümündən ötən 13 il ərzində onun həyatı və fəalyyyətinə olan maraq nəinki azalmamış, əksinə, ilbəil artmışdır. Son illər mərhumun həyatın mənası barədə olduqca səmimi, ibrətamiz düşüncələri sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardandır. 

Cobs yazırdı: “Xəstə vəziyyətdə çarpayıda uzananda bütün həyatımı yada salır, anlayıram ki, məşhurluğum və sərvətim qaçılmaz ölüm qarşısında mənasızdır. Maddi şeyləri tapmaq, almaq olar. Amma bir şey var ki, onu tapmaq və almaq olmaz – bu, həyatdır. İndi xəstəxana palatasında yatıram, nəhayət, ölmək haqqında düşünürəm. Sərvət həyatımda öyrəşdiyim həqiqətdir. Hazırda ağır xəstə olarkən yatağımda uzanıb ömür yoluma baxanda əldə etdiyim bütün uğurların və məşhurluğun mənasız olduğunu anlayıram. Bir sözlə, qaçılmaz ölüm qarşısında ən yüksək nöqtə...” 

Cobsun sadəlik və qənaətcillik haqqında fikirləri də diqqətəlayiqdir. O yazırdı: “Biz nə qədər yaşa doluruqsa, o qədər də müdrikləşirik, 30 dollarlıq saatla 300 dollarlıq saat eynidir, hər ikisi eyni zamanı göstərir. Biz 150 min və ya 20 min dollarlıq avtomobildə eyni yolu gedirik, məsafə hər ikisində eynidir və hər ikisi bizi nəzərdə tutduğumuz ünvana gətirib çıxaracaq. Yaşadığımız 3 yüz və ya 3 min  kvadratmetrlik evlərin hər ikisi eynidir. 

Sizin həqiqi daxili xoşbəxtliyiniz maddi şeylərdən yaranmır, olmur. Siz yalnız sizi xatırlayan, sevən dostlarınız olduqda xoşbəxtsiniz! Tez getmək istəyirsinizsə, tək gedin. Amma əgər uzağa getmək istəyirsənsə, birlikdə gəzin”.

Cobs insanlara israrla düzgün qidalanmağı məsləhət görürdü. Yazırdı ki, “adamlar yeməyi dərman kimi yeməlidirlər, əks halda dərmanı yemək kimi yeyəcəklər”. 

Cobsun həyati tövsiyələrinin əsas məğzi budur ki, insanlar həyatın qədrini bilsinlər, dostlarını, doğmalarını unutmasınlar, dünya malına göz dikməsindər.  

Əziz oxucu, Cobsun həyat və ölüm haqqında fikir düşüncələrinin bir çoxu yeni olmasa da, düşündürücüdür. Görünür, məhz buna görə bu gün planetimizdə yaşayan milyonlarla insan Stiv Cobs kimi şəxsiyyətlərin həyat barədə qənaətlərinə diqqət kəsilirlər. 

M.HACIXANLI
XQ

 

Dünya