Demokratlar kiçik Kennedidən qorxurlar

post-img

Öldürülən ABŞ prezidentinin qardaşı oğlu demokratları qələbədən məhrum edə bilər

2023-cü ildə autsayder demokrat kiçik Robert Kennedi ABŞ prezidentliyinə namizədliyini rəsmən elan edəndə onun uğuruna inananlar elə də çox deyildi. Amma dəfələrlə  qatı sağçı respublikaçıların yanında görünən qalmaqalçı antivakser (vaksin əleyhinə olanlar – İ.R.) fəalı, sui-qəsd nəzəriyyəsi tərəfdarı demokratların namizədi uğrunda Co Bayden ilə rəqabət aparmaqdan çəkinmədi. Hətta Vaşinqton isteblişmentində heç kimin ciddi hesab etmədiyi ABŞ prezidentliyinə iddiaçı elə o zaman xeyli seçicini öz tərəfinə çəkə bildi. Seçki kampaniyasında yeni fiqur üçün görünməmiş dəstək qeydə alındı. Həmin ərəfədə keçirilən ictimai rəy sorğusu göstərdi ki, Baydenin keçmiş seçicilərinin 14 faizi Robert Kennedini dəstəkləməyə hazırdır.

Kiçik Robert Kennedi 1954-cü il yanvarın 17-də keçmiş prezident Con Kennedinin kiçik qardaşı Robert Kennedinin ailəsində dünyaya gəlib. Ailənin 11 uşağından üçüncüsü olan kiçik Robertin yeddi yaşı olanda əmisi ABŞ-ın prezidenti seçilib, baş prokuror vəzifəsini tutan atası isə administrasiyanın əsas söz sahibi olub. 1965-ci ildə ABŞ-ın 35-ci prezidenti Dallasda öldürüldükdən sonra ata Robert Kennedi Nyu-York ştatından senator oldu və 1968-ci ildə prezidentliyə namizədliyini irəli sürmək  qərarına gəldi. İyun ayında seçki kampaniyası zamanı Los-Ancelesdə fələstinli terrorçu Sirhan Sirhan tərəfindən güllələndi. Bu hadisədən sonra kiçik Robert Kennedinin başına çox işlər gəldi. Amma sonda o özünü həyatda təsdiqləməyi bacardı və 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək qərarını verdi. İlk mərhələdə Demokratlar Partiyasının namizədi omaq istəsə də, buna nail ola bilmədi. Lakin partiyanın əsas namizədi olan Co Bayden üçün əməlli-başlı başağrısına çevrilə bildi. 

Beləliklə “The Hill” nəşri yazır: “Demokratlar Partiyasından prezidentliyə namizədlik uğrunda mübarizədə Co Baydenə meydan oxuyan kiçik Robert Kennedi siyasi çevrələrdə getdikcə daha çox narahatlığa səbəb olur”. Nəşrin yaydığı məlumata görə, partiyanın yüksək səviyyəli liderləri belə qənaətə gəlmişdilər ki, “kifayət qədər marginal siyasətçinin nüfuzunun artırması diqqəti yenidən seçilmək istəyən dövlət başçısının kampaniyasından yayındıra bilər”. Ona görə də “Kennedi öz partiyası daxilində sonsuz qəzəb doğurdu. Demokratlar onun reytinqinin son bir neçə sorğuda iki rəqəmli faizlə yüksəldiyini gördülər və isteblişmentin bəzi nümayəndələri onun mesajlarının bir çoxunun seçicilərdə əks-səda doğuracağını etiraf etdilər”. 

Həqiqətən də, Birləşmiş Ştatlarda kiçik Kennedi bir sıra sui-qəsd nəzəriyyələrini dəstəklədiyinə, həmçinin koronavirus pandemiyası zamanı peyvəndlərə qarşı çıxdığına görə marjinal namizəd hesab olunurdu. Mediada isə siyasətçiyə diqqət getdikcə artmaqda idi və bu, Baydenin namizədliyini irəli sürmək üçün kifayət qədər asan prosesə ümid edən Demokrat Partiyasını qıcıqlandırırdı. 

Co Baydenin namizədliyini dəstəkləyən müttəfiqləri ciddi narahatlıq keçirirlər.  Çünki onun partiyadan namizədliyi artıq müzakirə mövzusu olmasa belə, kiçik Kennedi yenə diqqət mərkəzindədir. Kennedi prezident seçkilərində müstəqil namizəd kimi iştirak etmək niyyətini bəyan edəndən Demokratlar Partiyasının nümayəndələri ona qarşı tənqidləri sərtləşdirmək qərarına gəliblər. 

 “The Hill” qəzeti vurğulayır ki, Baydenin müttəfiqlərinin və liberal təşkilatların kiçik Kennediyə qarşı “səylərini gücləndirmələrinə” son günlər onun seçkilərdə qalib gələcəyi təqdirdə vəkil Nikol Şanahanı ABŞ-ın vitse-prezidenti təyin etməyə hazır olduğunu bəyan etməsi olmuşdur. KİV-in məlumatına görə, Nikolun sərvəti yüz milyonlarla dollar dəyərləndirilir. Baydenin tərəfdarları ehtiyat edirlər ki, bu, müstəqil siyasətçi namizədə seçki kampaniyasına əlavə vəsait yatırmağa imkan verəcək və öz növbəsində, hazırkı Amerika lideri üçün "noyabrda fəlakətə çevrilə bilər". 

Demokratlar diqqəti kiçik Kennedinin bəzi siyasi məsələlərdə “mübahisəli mövqe” tutmasına yönəltmək niyyətindədirlər. Mətbuat demokratların siyasi strateqlərindən biri Duq Qordondan belə bir sitat gətirir: "Demokratlar Kennedi və Şanahan haqqında həqiqəti açmaq üçün hər fürsətdən istifadə etməlidirlər". Onun fikrincə, Baydenin tərəfdarları vurğulamalıdırlar ki, Kennedinin seçkidə qalib gəlmək üçün real şansı yoxdur. O, yalnız Baydendən səsləri qoparmaqla ABŞ-ın eks-prezidenti respublikaçı Trampın seçilməsinə kömək edə bilər”. 

Nəşrin yazdığına görə, demokratlar müstəqil namizədə qarşı şəxsi hücumlara əl atmaq niyyətindədirlər. Onlar artıq kiçik Kennedi haqqında məlumatlar toplamağa hazırlaşırlar ki, bu məlumatlardan müstəqil namizədi tənqid etmək üçün istifadə edə bilsinlər.

“NBC News” xəbər verir ki, demokratlar kiçik Kennedinin namizədliyindən çox qorxurlar. Onlar hesab edirlər ki, bəzi əsas ştatlarda seçicilərin hətta kiçik bir hissəsi Co Baydenə yox, ona səs versə, bu, Trampın qalib gəlməsinə imkan verən həlledici amil ola bilər. Ona görə də Kennedinin seçkilərdə iştirakına mane olmaq üçün hər şeyi edirlər. Bu, 2024-cü il seçkilərində yeni bir tendensiyadır, əvvəllər demokratlar, sadəcə olaraq, üçüncü tərəfin namizədlərinə məhəl qoymurdular.

Belə bir vaxtda ikipartiyalı qrup da üçüncü tərəfin təklifi ilə Ağ evə iddia edə biləcək namizədləri müəyyən edə bilməyib. “No Labels” siyasi qrupu namizədinin olmaması səbəbindən seçki marafonundan geri çəkildiyini elan edib. Deməli, prezident Bayden və sabiq prezident Trampın daha bir rəqibi azaldı. Bu xəbər, əlbəttə, bəzi demokratların potensial mərkəzçi namizədin müdaxiləsi ilə bağlı narahatlıqlarına son qoyur. Buna baxmayaraq, demokratlar “konkret bir namizədin qalmasından dəli olurlar” və təbii ki, bu da Robert Kennedidir.

“NBC News” telekanalı bu tarixçə haqqında  geniş materiallar yazan   siyasi şərhçi Aleks Sitz-Valddan aldığı müsahibədə ilk olaraq soruşur: “Bir çox demokratlar üçün bugünkü xəbərlər “Urra!” kimidir, elə deyilmi? Artıq bülletenlərdə “No-Labels” olmayacaq. Amma indi demokratların ciddi şəkildə əleyhinə birləşməyə başladıqları əsas təhlükə kiçik Kennedidir”.

Həqiqətən, demokratlar bunun öhdəsindən gəlmək üçün səyləri səfərbər etdilər. Nə üçün onlar düşünürlər ki, indi Kennedi Bayden üçün Trampdan daha böyük təhlükə yaradır?

Alex Sitz-Vald deyir: “Bəli, bunun tarixlə əlaqəsi var. Tək mənim həyatımda demokratlar iki prezident postunu, onlara görə, sol qanadlı namizəd spoyler (işpozan - red) olduqları üçün itiriblər. 2000-ci ildə Ralf Neyter və 2016-cı ildə Cill Şteyn.

Demokratlar hesab edirlər, bu seçkidə nəticələrin fərqi o qədər kiçik olacaq ki, hətta bəzi əsas ştatlarda seçicilərin cüzi bir hissəsi, 1-2 faizi belə Baydenə deyil, Kennedyə səs versə, bu, həlledici amilə cevriləcək və Tramp qalib gələcək. Kennedinin prezident seçiləcəyi təqdirdə Nikol Şanahanı vitse-prezident postuna namizəd elan edəcəyini bəyan edəndən sonra onlar daha çox narahat olmağa başlayıblar. Məsələ təkcə onda deyil ki, o, səsvermədə iştirak etmək üçün lazım olan çoxlu pulu gətirə bilər”.

Yeri gəlmişkən, onu da qeyd edək ki, Şanahan “Google”un yaradıcısı Sergey Brinin keçmiş həyat yoldaşıdır və kifayət qədər imkanlı bir qadındır.

Alex Sitz-Vald daha sonra bildirir: Bəli, bu, çox vacibdir. Həm də bu barədə danışanlara görə vacibdir. Onlar özlərini daha çox solçu fikirlərə sahib olanlar kimi göstərirlər. Nikol Demokrat Partiyasının keçmiş donorudur, əlbəttə, sabiq demokratdır. Onlar da deyirlər ki, “bura bax, əgər sən keçmiş demokratsansa, Demokratik Partiyadan narazısansa, gəl bizə qoşul, burada sənin gəlişinə şaddırlar”. 

Reportyor Kennediya qarşı səfərbər olan qüvvələr və onların kampaniyaları haqqında danışaraq bildirir ki, “xüsusi qruplar yalnız üçüncü tərəflərlə qarşılaşmaq üçün yaradılmışdır. Demokratik Milli Komitənin öz gündəliyi var. Onların Kennedinin tədbirlərində onu trollamaq üçün mobil reklam lövhələri var”.

Kennedini seçki marafonundan kənarda saxlamaq üçün mümkün olan bütün leqal səyləri göstərirlər. Əlbəttə, bu, keçmişdə üçüncü tərəf namizədləri ilə necə davrandıqlarından tamamilə fərqli bir yanaşmadır. Əvvəllər, ümumiyyətlə, onlara məhəl qoyulmurdu, guya onlar, sadəcə, mövcud deyillər. İndi isə lazım gələrsə, onları batırmaq üçün milyonlarla dollar xərcləyirlər”.

Bütün bunlar onu göstərir ki, ABŞ-da prezident seçkisində çoxgedişli şahmat oyunu oynanılır. Demokratlar yaxşı başa düşürlər ki, Co Baydendən başqa hər hansı namizədə səs vermək elə Donald Trampa səs vermək olacaq. Bu isə demokratların namizədi Bayden üçün əsl fəlakət olacaq. 

İlqar RÜSTƏMOV  
XQ

 

Dünya