Litvada Rusiyadan çərkəzlərə qarşı təqiblərə son qoymaq tələb edilib

post-img

2025-ci il dekabrın 17-də Vilnüsdə - Litva Seymində “Tarix və müasir siyasət kontekstində çərkəz soyqırımı” adlı beynəlxalq konfrans keçirilib. Birləşmiş Çərkəz Şurasının təşkilatçılığı ilə baş tutan konfransda qeyd olunub ki, 1763-1864-cü illərdə Çar Rusiyası çərkəzlərə qarşı etnik təmizləmə siyasəti aparıb, yüzminlə çərkəz öldürülüb, onların yaşayış yerləri dağıdılıb, çərkəzlər sürgün edilib. Sürgündəki iztirablar, xəstəliklər, iqlim şəraiti çərkəz xalqının növbəti milli faciəsinə çevrilib. Toplantıda çərkəzlərə qarşı soyqırımın etirafının vacibliyi tarixi ədalət prizmasından dəyərləndirilib.

Beynəlxalq konfransda Azərbaycanı “İpək Yolu Mədəni və Tarixi Araşdırmalar” İctimai Birliyinin sədri Aida Eyvazlı Göytürk videobağlantı vasitələ çıxış edib. O, deyib ki, Qafqazda yaşayan xalqların soyqırım və köçkünlük faciələri bir-birinə bənzəyir, onların hamısı Rusiyanın əli ilə və yaratdığı şəraitin nəticəsində törədilib: “Bu gün rus şovinizminin qanlı siyasəti nəticəsində krım tatarları, çərkəzlər, kalmıklar, noqaylar, tatarlar öz doğma yurdlarında zindanlara salınır, bəzən izsiz-soraqsız itkin düşürlər. Çərkəz xalqına ədalətin zəfər çalacağı günlərin nəsib olmasını arzulayıram!”.

Konfransda çıxış edən alimlər, vətəndaş cəmiyyəti təmsilçiləri Rusiya Federasiyasında yaşayan çərkəzlərin dil, mədəniyyət və kimlik baxımından ciddi təzyiq altında olduğunu, çərkəz dilində təhsilin sistematik şəkildə azaldıldığını, geri qayıtmaq hüququna maneə törədildiyini və çərkəzlərin siyasi səbəblərdən təzyiqə məruz qaldığını vurğulayıblar.

Konfransın sonunda çərkəz xalqını təmsil edən nümayəndələr Litva Seyminə çərkəz soyqırımının tanınması üçün rəsmi sənədi təqdim ediblər.

XQ



Siyasət