"Qara dəlik" qalaktikasından necə “qaçdı”?

post-img

1970-ci illərdən bəri alimlər ehtimal edirdilər ki, bəzi superkütləli "qara dəlik"lər yerləşdikləri qalaktikaları tərk edə bilər. Bu fikir ilk dəfə real müşahidələrlə təsdiqlənib. “Ceyms Uebb” kosmik teleskopunun köməyi ilə alimlər RCP 28 adlı cırtdan qalaktikadan kənara atılmış superkütləli "qara dəliyi"n izini aşkar ediblər.

2023-cü ildə “Habbл” teleskopunun arxiv şəkillərində RCP 28 qalaktikasından uzaqlaşan nazik və işıqlı qaz zolağı diqqət çəkmişdi. Birbaşa "qara dəliyi"n hərəkəti müşahidə olunmasa da, alimlər qalaktikanın mərkəzində yerləşən superkütləli "qara dəliyi"n qalaktikaların toqquşması zamanı güclü proseslər nəticəsində kənara atıldığını düşünmüşdülər.

Daha sonra Yel Universitetindən Piter van Dokkumun rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu “Ceyms Uebb” teleskopundakı xüsusi cihazla bu obyektin müşahidəsini aparıb. RBH-1 adlandırılan bu “qaçaq” "qara dəliyi"n Yerdən təxminən 7,5 milyard işıq ili uzaqlıqda yerləşdiyi müəyyən edilib.

Araşdırmalar göstərib ki, bu "qara dəliyi"n kütləsi Günəşin kütləsindən 10 milyon dəfədən çoxdur. O, saniyədə təxminən 1000 kilometr sürətlə hərəkət edir və keçdiyi mühitdə qazı qızdıraraq onu güclü şəkildə dəyişir. "Qara dəliyi"n arxasında qalan ionlaşmış qazdan ibarət uzun “quyruq” təxminən 70 milyon il ərzində formalaşıb. Bu müddətdə RBH-1 Süd Yolu qalaktikasının diametrinə bərabər məsafə qət edib.

Bu qaz quyruğunun ön hissəsində güclü zərbə dalğası müşahidə olunub. Bu dalğa qazı sıxaraq qızdırır və ulduzların yaranmasına mane olur. Lakin dalğadan sonra təzyiq azalır, qaz soyuyur və məhz bu bölgələrdə yeni ulduzlar yarana bilər.

Alimlər RBH-1-in mənşəyini iki ehtimalla izah edirlər. Birinci ehtimala görə, iki superkütləli "qara dəliyi"n birləşməsi zamanı yaranan güclü “təkan” yeni "qara dəliyi" qalaktikadan kənara atıb. İkinci ehtimala əsasən isə, bir neçə "qara dəliyi"n qarşılıqlı təsiri nəticəsində o, qalaktikanın mərkəzindən çıxarılıb.

Beləliklə, “Ceyms Uebb” teleskopu ilk dəfə olaraq qalaktikadan qaçan superkütləli "qara dəliyi"n mövcudluğunu təsdiqləyib. Bu kəşf alimlər üçün yeni tədqiqat istiqaməti açır və gələcəkdə oxşar hadisələrin başqa qalaktikalarda da axtarılmasına imkan yaradır.

Hazırladı:

S.ELAY

XQ

Maraqlı