İspaniyada bir yük gəmisinə dünyanın ən böyük “vakuum” yelkəni quraşdırılıb. Bu yelkən aerodinamik sorulma prinsipi ilə işləyir və adi yelkənlərlə müqayisədə yeddi dəfə daha güclü qaldırıcı qüvvə yaradır. Yelkən əvvəlcədən hazır vəziyyətdə gətirilib və gəmiqayırma zavodunda qısa müddətdə quraşdırılıb.
Layihə kommersiya gəmilərində yanacaq sərfiyyatını və ətraf mühitə zərərli tullantıları azaltmaq məqsədi daşıyır. 22 metr hündürlüyündə olan eSAIL sistemi Santander şəhərindəki Astander tərsanəsində Fluvius Tavy adlı yük gəmisində quraşdırılıb. Bu gəmi Niderlandın Amasus Shipping şirkətinə məxsusdur.
bound4blue şirkətinin hazırladığı bu avtonom yelkən sistemi həmin gəmi sahibi üçün ikinci layihədir. Bu da gəmi sahiblərinin külək enerjisindən istifadəyə marağının artdığını göstərir.
Daha əvvəl eyni sistem Amasus şirkətinə məxsus Eems Traveller gəmisində quraşdırılmışdı. Həmin gəmi “vakuum” yelkənlərdən istifadə edən ilk universal yük gəmisi olmuşdu.
DNV tərəfindən sertifikatlaşdırılan bu sistem artıq bir neçə iri gəmiçilik şirkətinin gəmilərində də istifadə olunur. Aparılan qiymətləndirmələr göstərib ki, bu texnologiya yanacağa ciddi qənaət etməyə və tullantıları azaltmağa imkan verir.
Yelkən tam avtomatik işləyir, külək şəraitinə özü uyğunlaşır və ekipajın müdaxiləsinə ehtiyac duymur.
Hazırladı:
S.ELAY
XQ

