Danimarka poçt xidməti dekabrın 30-da son məktubunu çatdıracaq və 400 ildən artıq davam edən ənənəyə son qoyacaq. Bu barədə The Guardian yazır.
Bu il əvvəl poçt çatdırılmasını dayandırmaq qərarını elan edən PostNord – 2009-cu ildə İsveç və Danimarka poçt xidmətlərinin birləşməsi nəticəsində yaradılan şirkət – bildirib ki, Danimarkada 1500 iş yerini ləğv edəcək və 1500 qırmızı poçt qutusunu çıxaracaq. Şirkət bunu “Danimarkanın ən rəqəmsallaşmış ölkələrdən biri” olduğunu vurğulayaraq izah edib. Məktublara tələbin “kəskin şəkildə azaldığını”, eyni zamanda, onlayn alış-verişlərin artdığını qeyd edən PostNord indi diqqətini paket çatdırılmasına yönəldəcək.
Bu ayın əvvəlində satışa çıxarılan 1000 brend poçt qutusu üç saat ərzində satılıb. Yaxşı vəziyyətdə olan qutular 2000 Danimarka kronu, orta vəziyyətdə olanlar isə 1500 Danimarka kronu qiymətinə alıcı tapıb. Daha 200 qutu yanvarda hərracda satılacaq.
Danimarkalılar məktub göndərmək üçün hələ də Dao çatdırılma xidmətindən istifadə edə biləcəklər.
Danimarka poçt xidməti ölkədə məktubları 1624-cü ildən çatdırır. Son 25 ildə Danimarkada göndərilən məktubların sayı 90 faizdən çox azalıb. Lakin mövcud məlumatlar göstərir ki, gənclər arasında məktub yazmaq ənənəsi bəlkə də yenidən canlanır.
S.ELAY
XQ

