Milli musiqimizin vurğunu

post-img

O, tarixçi, jurnalist, tədqiqatçı idi

O, yurdunu Məcnun məhəbbəti ilə sevən Vətən övladı idi, doğma elinin, obasının təəssübünü qeyrətlə çəkən, sözün həqiqi mənasında, ona vurğun olan bir insan idi. Şuşadan, Qarabağdan ötrü ömrünü şam kimi əridən bir şəxsiyyət idi, Vətəninin Vətən daşı idi.

O, cəsarətli idi, qorxmaz idi, döyüşkən idi, heç kəsdən, heç nədən çəkinmədən sözünü birbaşa, kəskin şəkildə deyən bir kişi idi.

O, Firidun Şuşinski idi!

Bu şərəfli ad-familiyanı kim eşitməyib, onun daşıyıcısının yazılarını mətbuatda kim oxumayıb, televiziyada, radioda apardığı verilişlərə kim baxmayıb, qulaq asmayıb? Həqiqətən də, Firidun Şuşinski adı tariximizə böyük hərflərlə və əbədi yazılan şəxsiyyətlərdən idi, cəmiyyətdə özünəməxsus yeri, çəkisi olan vətəndaş idi. Bu sətirlərin müəllifi də özünü ona görə xoşbəxt sayır ki, o kişini düz 40 il tanıyıb və onunla dostluq edib, böyük həmkarından çox şeylər görüb-götürüb, onu özünə yolgöstərən, müəllim sayıb.

Onun keşməkeşli, mübarizələrlə dolu həyat yolu özünü azərbaycanlı sayan hər bir kəsə örnək ola bilər. Yetmiş iki illik uzun bir yolu o qədər də asan keçməyib Firidun Şuşinski. Musiqili bir mühitdə - Şuşa kimi sənətkarlar yurdunda doğulub böyümüşdü Firidun müəllim. Lakin həyatın ağrı-acısını uşaqlıqdan dadmışdı və bu ağrı-acı da ömrünün sonuna kimi müşayiət eləmişdi onu. Bığ yeri təzə-təzə tərləyən vaxtı Şuşa Müəllimlər İnstitutunu bitirib, təyinatla Malıbəyli kənd məktəbinə göndərilmişdi və burda cəmi-cümlətanı dördcə ay işləmişdi. 1942-ci ilin dekabrında 17 yaşı təzəcə tamam olan gənc müəllim könüllü olaraq sovet – alman cəbhələrinə yollanmışdı.

Zaqafqaziya, Şimali Qafqaz, IV Ukrayna, II Belorusiya cəbhələri qoşunları tərkibində uzun və şərəfli bir döyüş yolu keçmişdi, döyüş meydanlarında elə ilk günlərdən fərqlənmişdi. Qələbə şərbətini Genisberq şəhərində içən Firidun döşü orden-medalla dolu, alnıaçıq, üzüağ dönmüşdü Vətənə. Tezliklə əsgər formasını mülki paltarla əvəz eləmiş, Ağdam kolxoz məktəbində ədəbiyyat müəllimi işləməyə başlamışdı...

Ali təhsil almaq həvəsi Firidunu 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə gətirib-çıxardı. Görkəmli pedaqoqların, tarixçi alimlərin mənalı və dəyərli mühazirələri birinci kursda ikən onun fikrində bir mövzunu həmişəlik formalaşdırdı: hələ yetərincə tədqiq olunmamış Qarabağın tarixi ilə məşğul olmaq, bu diyarın şanlı keçmişini araşdırmaq, “Qafqazın konservatoriyası”nın ilk məzunları”nı üzə çıxarmaq və onları müasir oxucuya tanıtmaq və s.

Elə bu fikirlə, bu istəklə də işə girişdi. Boş vaxtlarını, yay və qış tətillərini səmərəsiz keçirmədi. Tələbə olsa da, rayonlara, xüsusən də, Qarabağın şəhər və kəndlərinə üz tutur, bu yerləri oymaq-oymaq gəzir, camaat qarşısında doğma diyarı haqqında mühazirələr oxuyur, əldə etdiyi eksponatlar barədə onlara məlumat verir, öz növbəsində də, yeni-yeni tapıntılarla geri dönürdü.

Bu zəhmətkeş və qeyrətli tələbə ilə təsadüfən tanış olan böyük şairimiz Səməd Vurğun 1948-ci ildə ona “Vaqif və Qarabağ” mövzusunda yazı yazmağı tövsiyə etdi. Görkəmli şairin bu tövsiyəsi sanki ona qol-qanad verdi, ruhlandırdı. Və dərhal işə girişdi, əldə elədiyi yeni faktları saf-çürük etdi, ipə-sapa düzdü, maraqlı bir məqalə hasilə gətirib, Səməd Vurğunun stolunun üstünə qoydu. Şairin xeyir-duası ilə “Vaqif və Qarabağ” məqaləsi işıq üzü gördü və bu, onun ilk mətbu əsəri oldu.

Çox çəkmədən məqalə SSRİ Təhsil Nazirliyinin təşəkkürünü aldı. Bunun ardınca gənc tarixçi-tələbə elmi-siyasi mövzuda bir sıra yazılar yazıb, qəzet və jurnallarda dərc etdirdi. Bu silsilə yazılar Firidun Həsənovu ədəbi və elmi ictimaiyyət arasında geniş tanıtdı.

Gənc tədqiqatçı Şərqin böyük oğlu Nəriman Nərimanovla xüsusilə maraqlanır, yeri gələndə, məqalələrində bu siyasi xadimdən sitatlar gətirir, çıxışlarında çox vaxt ona istinad edirdi. Bütün bunlar isə Nəriman Nərimanovun hələ də yaşayan düşmənlərinə, o cümlədən ermənilərə xoş gəlmirdi. Ona görə də “başından böyük danışan və yazan” bu universitet tələbəsi barədə yuxarı dairələrə donoslar göndərilir, onu ali məktəbdən uzaqlaşdırmağa cəhd edirdilər. Hətta bu məsələ Mərkəzi Komitəyə də gedib çıxmışdı.

Azərbaycan KP MK-nın birinci katibi Mir Cəfər Bağırov partiyanın plenumlarının birindəki çıxışında gənc tədqiqatçının “millətçi” Nəriman Nərimanova aludə olmasını vurğulamış və Firidun haqqında belə demişdi: “Gör universitetdə iş nə yerə gəlib çatıb ki, Həsənov familiyalı bir tələbə Nərimanovun kim olduğunu bilməyə-bilməyə mənə müraciət etmişdir. O, “nərimanovçuluq” xəstəliyinə tutulmuşdur”.

1951-ci ildə Firidun Həsənov universitetə “əlvida” deyib, təyinatla iş yerinə göndərildi. Bir müddət Bakıdakı 45 və 61 saylı məktəblərdə həm tarix fənnindən dərs dedi, həm də hər iki məktəbin pedaqoji kollektivinə rəhbərlik etdi. Lakin tədqiqat işləri onu özünə daha çox çəkirdi. Ona görə də Firidun müəllimliyin daşını birdəfəlik atıb, öz sevimli peşəsi ilə - tədqiqatla məşğul olmağa başladı. Ömrü boyu onu özünə yol yoldaşı, həmdəmi seçdi. Üstəlik, doğma şəhərinin adını da özünə təxəllüs götürdü: Şuşinski!

1959-cu ildən başlayaraq Firidun Şuşinski musiqi tariximizin tədqiqi ilə məşğul olmağa, eyni zamanda, Şuşa şəhərinin tarixini yazmağa başladı. Gənc tədqiqatçı müxtəlif vaxtlarda SSRİ-nin iri şəhərlərinə səfərə çıxdı, vaxtının çox hissəsini arxivlərdə, muzeylərdə, elmi kitabxanalarda keçirdi. Qocaman xanəndə və çalğıçıların, incəsənət xadimlərinin, musiqi həvəskarlarının dəfələrlə qonağı oldu, onların xatirələrini qələmə aldı. İran və Türkiyənin dövri mətbuatını gözdən keçirdi.

Dağınıq və pərakəndə olan minlərlə sənəd, fotoşəkil, onlarla afişa və konsert proqramı, 300-ə yaxın qrammafon valı və sair nadir əşyalar topladı, yığdığı musiqi materiallarını sistemləşdirdi. Qurban Pirimov, Seyid Şuşinski, Bülbül, Xan Şuşinski, Bəhram Mənsurov və onlarca digər musiqiçilərlə saatlarla, günlərlə söhbət etdi, musiqi mədəniyyətimizin açılmamış səhifələrini öyrəndi. Nəhayət “Şuşa” adlı ilk kitabını (1962) nəşr etdirdi. Bunun ardınca “Cabbar Qaryağdıoğlu” (1964), “Seyid Şuşinski” (1966), Tiflisdə gürcü dilində “Tiflisin köhnə musiqiçiləri” (1969) kitabları ərsəyə gəldi. 1968-ci ildə “Şuşa” rus dilində də çap olundu.

Firidun Şuşinskinin əzablı günləri də elə həmin vaxtdan başladı. Hər yerdən ona hücumlar oldu. Moskva, İrəvan, Tiflis, hətta Bakı mətbuatı ağızlarını Allah yoluna qoyub, bu vətənpərvər, qeyrətli tarixçini tənqid atəşinə tutmağa, ittiham etməyə başladılar. Səbəb də o idi ki, müəllif bu kitabda hər kəsi öz adı ilə vermiş, ermənilərin “milli qəhrəmanı”, tayqulaq Androniki daşnak adlandırmış və vaxtilə onun Azərbaycan və türk xalqlarına qarşı törətdiyi cinayətləri ifşa etmişdi.

Mətbuatda gedən hədyanlar azmış kimi, Firidun Şuşinskini təqib etməyə başladılar. Ona “qatı millətçi”, “burjua millətçisi”, “xalqlar dostluğunun düşməni” damğası vurdular. Düz 8 il qəzet-jurnal redaksiyaları qapılarını onun üzünə bağladı. Firidun Şuşinski o illəri belə xatırlayırdı: “Şuşa” kitabının üstündə başım nələr çəkmədi. Ermənilərin əlindən üç il Şuşaya gedə bilmədim. Hər yerdə məni daşa basırdılar. Evimin qapısını və pəncərələrini dəfələrlə sındırdılar, telefonumu kəsdilər. Bir neçə dəfə mənə sui-qəsd etdilər.

Nəhayət, ermənilərin təzyiqi ilə Azərbaycan KP MK “Şuşa” kitabını büroda müzakirəyə qoydu. Burda iştirak edən bəzi partiya və dövlət xadimlərinin, yazıçıların, tarixçilərin Firidun Şuşinskinin ünvanına demədikləri söz qalmadı, “burjua mövqeyindən yazılan” kitabın yandırılması tələb olundu. Və... Və o vaxt Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsində çalışan Heydər Əliyevin göstərişi ilə bu qeyrətli tarixçinin təqib olunmasına son qoyuldu. Sonralar Firidun Şuşinski etiraf edirdi: “Əgər ulu öndər Heydər Əliyev olmasaydı, bu qarğa-quzğunlar, az qala dərimi soyacaqdılar”.

Sonralar ümummilli lider Heydər Əliyev özü də bu barədə söyləmişdi: “Xatirimdədir, mən hələ Mərkəzi Komitənin birinci katibi seçildiyim ərəfədə Şuşa haqqında bir kitab çıxmışdı. Müəllifi Firidun Şuşinski idi. Bu kitabı çox gözümçıxdıya salmışdılar. Xüsusən, ermənilər. Təəssüf ki, Bakıda olan ziyalılar da bu kitabın qəti əleyhinə çıxırdılar. Həmin kitabı mənə çatdırdılar. Oxudum, gördüm ki, yaxşı kitabdır... Nə isə, mən o zaman ermənilərin hücumunun qarşısını aldım”.

Artıq 70-ci illərin əvvəllərində Firidun Şuşinskinin adı musiqi tarixçisi və tənqidçisi kimi bütün ölkədə məşhurlaşmışdı. O, illər uzunu idi ki, yorulmadan, tükənməz tədqiqat ehtirası, sonsuz yaradıcılıq enerjisi ilə elmi axtarışlarını davam etdirir, yeni yazıları ilə Azərbaycan musiqi mədəniyyəti tarixinin boş səhifələrini doldururdu.

Tədqiqatçı-alim öz qəhrəmanlarına vurğunluğu ilə min cür əzab-əziyyətə qatlaşaraq uzaq-uzaq şəhərlərə səfərə çıxır, klassik musiqiçilərimizi arayıb-axtarır, yüksək duyum və həssaslıqla görkəmli xanəndələr və çalğıçılar barədə maraqlı yazılar yazaraq onların sənəti və şəxsiyyəti ilə oxucuları tanış etməklə musiqi tariximizi zənginləşdirirdi.

Qeyd edək ki, musiqi irsimizi, ifaçılıq sənətimizi ona qədər öyrənən və bu sahədə xüsusi tədqiqat aparan ikinci bir şəxs olmamışdır. “Milli musiqimizin bir çox yeni səhifəsini açan bu fitri istedadlı musiqişünasa Azərbaycan xalqı minnətdar olmalıdır”. Bu sözlər respublikanın Xalq artisti Tofiq Quliyevə məxsusdur.

Ümumiyyətlə, Firidun Şuşinskinin istər məqalələri, istərsə də bir-birinin ardınca çıxan kitabları musiqi ictimaiyyətimiz tərəfindən böyük rəğbətlə qarşılanır, yüksək qiymətləndirilirdi. 1970-ci ildə nəşr olunan “Azərbaycan xalq musiqiçiləri” kitabı yazıçının şöhrətini ölkəylə bir etdi. Bəstəkar Fikrət Əmirovun ön sözü ilə həyata vəsiqə alan bu sanballı, fundamental əsər müəllifin silsilə tədqiqatlarının ümumi toplusu idi. Burda xalqımızın mənəvi xəzinələrindən birinin - musiqi xəzinəsinin ən maraqlı, ən aktual məsələlərinə toxunulur, adları unudulmuş görkəmli musiqiçilərin təkcə ömür yolları və yaratdıqları əsərlər yox, həm də onların milli musiqi mədəniyyətimizin inkişafındakı böyük xidmətləri göstərilirdi.

Təsadüfi deyil ki, bu əvəzsiz kitabın musiqişünaslıq baxımından əhəmiyyətini və aktuallığını nəzərə alan Moskvanın “Sovetskiy kompozitor” nəşriyyatı 1979-cu ildə onu nəfis şəkildə nəşr edərək rusdilli oxucuları da milli xəzinəmizlə tanış etdi.

Özünün bütün bədii təfəkkür enerjisini əsirgəmədən bu mühüm sahəyə sərf edən Firidun Şuşinskinin respublika radiosu və televiziyasında apardığı silsilə verilişlər də praktiki əhəmiyyətinə və kütləviliyinə görə böyük əhəmiyyət kəsb edirdi. Bu baxımdan, onun “İfaçılıq sənəti” proqramı o zaman Azərbaycan televiziyasının ən populyar verilişlərindən hesab olunurdu.

Firidun Şuşinski xalq musiqimizin, muğamlarımızın keşiyində həmişə silahlı bir əsgər kimi dayanırdı. Tarın, kamanın, el havalarının qəlbinə kimsə dəydimi, ürəyinə toxundumu, o, dərhal silahını qaldırır, həyəcan təbili çalaraq musiqi cəbhəsində baş verən bütün xoşagəlməz halları tənqid atəşinə tuturdu. Həyəcan təbilinin səsi isə çox vaxt eşidilir, nəticə çıxarılırdı. Ömrünün qürub çağında Firidun müəllim musiqi sahəsində apardığı mübarizə tarixini gələcək nəslə çatdırmaq üçün “Musiqişünasın düşüncələri” adı altında çap etdirdi. Ona daha bir əzab-əziyyət gətirən, haqsızlıqlara məruz qoyan bu kitab Firidun müəllimin sağlığında sonuncu kitabı oldu.

Bir payız günü Firidun Şuşinski (20.X.1925–25-X.1997) haqq dünyasına üz tutdu. Amma çox nigaran getdi. Muğamlarımız, milli çalğı alətlərimiz, xalq musiqimizlə bağlı hələ sinəsi dolu idi. Doğma Şuşasının, Qarabağının düşmən tapdağında olmasının acıdan-acı nisgili ilə gözlərini əbədi yumdu.

Vasif QULİYEV,
“Şuşa” qəzetinin redaktoru,
Əməkdar jurnalist

Mədəniyyət