“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, geniş nəqliyyat şəbəkəsinin qurulması, ictimai nəqliyyatdan istifadənin səmərəliliyinin artırılması və avtobus parkının modernləşdirilməsi prioritet məsələlər kimi qeyd olunub.
Bu barədə XQ-yə AYNA-dan məlumat verilib.
Sərnişinlərə keyfiyyətli və təhlükəsiz xidmətin göstərilməsi, eyni zamanda, ekoloji cəhətdən təmiz nəqliyyat növlərindən istifadə bu sahənin inkişafında mühüm rol oynayır.
Avtobus parkının genişləndirilməsi və yenilənməsi ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) tərəfindən genişmiqyaslı işlər həyata keçirilir. Görülən işlərin nəticəsində hazırda Bakı şəhərində marşrut xətlərində gündəlik 2300-ə yaxın avtobus istismar olunur. Avtobus parkının mərhələli yenilənməsi çərçivəsində ötən il ərzində paytaxta 293 yeni avtobus gətirilib. Gəncə şəhərində də 2025-ci ildə bütövlükdə avtobus parkının yenilənməsi həyata keçirilib və 280 yeni avtobus alınaraq sərnişinlərin ixtiyarına verilib. Ümumilikdə 2025-ci ildə ölkə üzrə 800-dən artıq avtobus yenilənib. Elektrikli nəqliyyat vasitələrinin tətbiqi sahəsində də mühüm irəliləyişlər əldə edilib. Hazırda Bakı şəhərinin avtobus parkında 368 elektrikli avtobus mövcuddur. Elektriklə işləyən avtobusların sayının artırılması ekoloji mühitin qorunmasına, səs-küyün və zərərli tullantıların azalmasına xidmət edir.
Sərnişindaşımanın daha səmərəli təşkili, marşrutların düzgün tənzimlənməsi və xidmət keyfiyyətinin artırılması baxımından avtobus parkları mühüm əhəmiyyət kəsb edir, əlçatanlığını genişləndirərək şəhər mobilliyinin dayanıqlı inkişafına töhfə verir.
Bu çərçivədə martın 5-də “BakuBus” MMC tərəfindən paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsində “Albalılıq elektrik avtobus deposu” istifadəyə verilib.
4,3 hektar ərazini əhatə edən yeni avtobus parkının tikintisinə 2025-ci ilin iyul ayında başlanılıb. Parkın ərazisində inzibati bina, müasir yuma kompleksi, təmir mərkəzi fəaliyyət göstərir. Depoda 2025-ci ildə Azərbaycanda istehsal edilən 167 ədəd “BYD” markalı tam elektrik mühərrikli avtobusa xidmət göstəriləcək.
Avtobusların 48 ədədi 77, 102 ədədi isə 81 nəfərlik sərnişin tutumuna malikdir. Nəqliyyat vasitələrinin fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə 42 ədəd 240 kVt gücünə malik enerjidoldurma cihazı quraşdırılıb. Sözügedən avadanlıq həddindən artıq gərginlik, cərəyan, faza itkisi və digər risklərə qarşı çoxsaylı mühafizə funksiyaları ilə təchiz edilib.
Yeni avtobuslar 8 qəsəbə və 1 kənd üzrə – Mərdəkan, Şüvəlan, Bilgəh, Buzovna, Qala, Maştağa, Ramana və Nardaran qəsəbələri, eləcə də Məmmədli kəndini “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirəcək.
Avtobusların gündəlik təmizliyinin təmin edilməsi məqsədilə yaradılan müasir yuma məntəqəsi eyni vaxtda 2 avtobusa xidmət göstərir və proses 4 dəqiqə ərzində tamamlanır. Kompleksdə ekoloji tələblərə xüsusi diqqət yetirilir, istifadə olunan suyun 85 faizi təmizlənərək təkrar dövriyyəyə qaytarılır. Təmir mərkəzində texniki xidmətin operativ təşkili məqsədilə yağlama və çilingər işləri üçün 8, qəza təmiri və boyama işləri üçün isə 7 boks fəaliyyət göstərir. Yeni avtobus parkının istifadəyə verilməsi yalnız paytaxtın nəqliyyat sisteminin modernləşdirilməsinə deyil, eyni zamanda ölkənin iqtisadi və sosial inkişafına da mühüm töhfə verir. Layihə çərçivəsində 365 sürücü, 78 nəfər inzibati və texniki heyət olmaqla ümumilikdə 443 nəfər daimi işlə təmin edilir.
Qeyd edək ki, “BakuBus” tərəfindən 2024-cü ildə 160, 2025 və 2026-cı illərdə isə 200 elektrikli avtobus alınıb. Cari il ərzində əlavə 169 avtobusun alınması nəzərdə tutulur. Eyni zamanda, özəl daşıyıcılar tərəfindən də ekoloji təmiz elektrikli avtobusların alınması həyata keçirilir. Bütün bu tədbirlər nəticəsində isə yaxın zamanlarda Bakıda yalnız ekoloji təmiz nəqliyyat vasitələrinin xidmət göstərməsi təmin ediləcək.

