İsveçdəki diplomatlar, siyasətçilər və diplomatik missiya əməkdaşları üçün nəzərdə tutulmuş “Diplomatic World Sweden” veb-saytı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və Avropanın bu prosesə artan marağı ilə bağlı analitik məqalə dərc edib.
AZƏRTAC xəbər verir ki, məqalədə onilliklərlə davam edən qarşıdurmadan, bağlanmış sərhədlərdən və dağıdılmış infrastrukturdan sonra Cənubi Qafqazın tədricən yeni mərhələyə qədəm qoyduğu qeyd olunur. Söhbət qəfil barışıqdan deyil, praqmatik iqtisadi əməkdaşlığa əsaslanan tədricən yaxınlaşmadan gedir. Bu dəyişikliyin simvollarından biri onilliklər ərzində ilk dəfə olaraq Azərbaycan yanacağının Ermənistana dəmir yolu ilə çatdırılmasıdır.
Müəlliflər vurğulayırlar ki, nəqliyyat və enerji əlaqələrinin bərpası tərəflər arasında etimadın gücləndirilməsində mühüm element kimi qəbul edilir. Bu proses Brüsseldə diqqətlə izlənilir, burada İrəvan və Bakı arasında münasibətlərin yaxşılaşması Cənubi Qafqaz vasitəsilə Avropa ilə Asiya arasında yeni nəqliyyat, ticarət və enerji dəhlizlərinin yaradılması üçün bir fürsət kimi qəbul edilir.
Məqalədə TRIPP dəhlizinin inkişaf etdirilməsi təşəbbüsünə və Ermənistan, Azərbaycan, Türkiyə və Avropa İttifaqının iştirakı ilə dördtərəfli əməkdaşlıq formatının yaradılması ideyasına xüsusi diqqət yetirilir. Vurğulanır ki, bu cür layihələrin uğurlu həyata keçirilməsi yalnız davamlı siyasi dialoq, əsas infrastruktur və Avropa tərəfindən uzunmüddətli öhdəliklərin mövcud olduğunda mümkündür.
Sonda deyilir ki, region yavaş-yavaş təcrid siyasətindən uzaqlaşaraq praktik addımlara — dəmir yolu xidmətlərinin bərpasına, yük tranzitinə və peşəkar əlaqələrin genişləndirilməsinə doğru irəliləyir.


