Novruz gülüşü

post-img

Yaxşı eləyib heç nə yazmamışam…

Cavan oğlan nəşriyyata gəlib nəsr şöbəsinin müdiri ilə görüşdü. Əyləşəndən sonra sıxıla-sıxıla soruşdu:

– Bağışlayın, sizdə böyük əsərlərin çap vəziyyəti necədir?

– “Böyük əsərlər” deyəndə nəyi nəzərdə tutursunuz?

– Məsələn, povest, roman– ətindir Hər adamın povestini, romanını çap etmirik.

– Bəs, şeir, hekayə necə?

– Yaxşı şeir, hekayə olanda qəbul edirik. Amma bu, hələ çap etməyə söz vermək demək deyil. Yəqin, siz də nə isə yazıb gətirmisiniz?

– Yox, yox!

– İndiyədək bir şey yazmısınızmı?

– Yaxşı eləyib heç nə yazmamışam..

Demokratiya bəs necə olur?

– Əliqulu, bu qəzetlər niyə gündən-günə çoxalır?

– Partiyalar niyə çoxalırsa, qəzetlər də elə...

– Deyirəm, bu qədər qəzetlərin səhifələrini yazı ilə doldurmaq da çətindir ey...

– Çətinliyi-zadı yoxdur. O bunu söyür, bu onu. Bir partiya o birilərini camaatın gözündən salmaq istəyir, o biri partiya da bu birilərini. Bir qəzet hansısa vəzifəliyəsə xidmət edir, o biri qəzet başqa imkanlıya. Pul axtaran qələm sahibləri pul qazanan vəzifə sahiblərini qəzetlərində tənqid edirlər. Ağıllı, uzaqgörən mənsəb sahibləri isə əvvəlcədən bəzi qəzetçilərin “bığının altından” keçirlər ki, onlar haqqında pis şeylər yazmasınlar. Necə deyərlər, “Əl-əli yuyar, əl də üzü”.

– Əliqulu, bəs bunun axırı necə olacaq?

– Burada nə var ki, demokratiya belə olur də...

Qardaş, elə mənə sat...

İki qardaşdan biri o birinə deyir ki, gəl, mənim öküzümü birlikdə çıxaraq bazara, sataq. 

Malı çəkirlər bazara. Öküzün sahibi dəllal tapıb onun cibinə pul basır ki, heyvanı təri əsin, yaxşı pula getsin. Dəllal başlayır tərifə, nə başlayır! Öküzü o qədər tərifəyir ki, o biri qardaş hər şeyi unudub dillənir:

– Qardaş, sən belə gözəl öküzü özgələrinə niyə satmaq istəyirsən? Elə mənə sat, niyə yada qismət olsun?

Göndər bazara

– Ağəz, sənin canın üçün, bizim kişi işləməkdən ölür. Səhər gedir işə, axşam gəlir. Yazığın bir dərisi qalıb, bir sümüyü.

– Sən də ağ eləmə, hələ bilmirsən kişilər nədən ölürlər. Kişiləri öldürən bircə şeydir: siyahını ver əlinə, hər gün göndər bazara. Sənin canın üçün canları elə yollarda çıxacaq. Bir yandan da od tutub yanan qiymətlərin istisi ürəklərini bişirəcək. Görmürsən, gündə birini infarkt vurur?!

Əzrayılın yadından çıxıb

Teatrlardan birində 87 yaşında, üzündən nur yağan, qocaman aktyor çalışırdı. Cavan sənətkarların hamısı onu sevirdi. O da daim gənclərlə birlikdə olur, onlarla dostluq edir, köməyini, məsləhətini əsirgəmirdi.  Kişi bircə gün məşqə gəlməyəndə hamı narahatçılıq keçirirdi ki, görəsən nə olub. Bir də ki hamı onun çox yaşamağının sirrini öyrənmək istəyirdi. Qocaman aktyor isə bir dəfə ağzından qaçırıbmış ki, 1937-də tutulub, 5 il türmədə yatıb. Odur ki, 87 yaşlı aktyorun uzun yaşamağının sirrini kim soruşurdusa yoldaşları deyirlər:

– Bilirsiniz, “37”də tutulanların çoxu türmədə ölüb. Əzrayıl elə bilir ki, bu kişi də o zaman ölüb. Yəqin, sonralar türmə dağıdılıb, tutulanların da siyahısı itib. Çox şübhəsiz, bu kişi artıq o vaxtdan Əzrayılın yadından çıxıb...

Xeyrəddin Qoca

Yazıçı-dramaturq

Mədəniyyət