Oyanış, paklıq, xoş diləklər bayramı

post-img

Təbiətin yaranışından ilham alan Novruz əsrlərdir ki, xalqımızın ən əziz bayramlarından biri kimi qeyd edilir. Bu bayramın tarixi eramızdan əvvəl VI yüzilə kimi gedib çıxır.

Türklər İslamı qəbul etdikdən sonra da Novruzu qutlamağı davam ediblər.  Osmanlı sarayında insanlara Novruziyyə adlanan şirniyyatlar paylanıb. Qayı boyuna daxil olan qarakeçililər isə 21 martda Ərtoğrul qazinin türbəsinə toplanaraq yeni günü qeyd ediblər. 

Novruzun Azərbaycanla bağlılığı isə Cəmşid şahla bağlı rəvayətə əsaslanır. Əfsanəvi hökmdar Cəmşid yeni saray tikdirib və taxta çıxıb. O, vəzir-vəkili, əyanları bu saraya çağıraraq Tanrıya şükür etməyə və insanlarla adil davranmağa çağırıb. Bir mənbəyə görə, Cəmşid uzun müddətli səyahətindən sonra öz taxtını ən bəyəndiyi məkan olan Azərbaycanda qurdurub və bu da 21 mart gününə təsadüf edib. Başqa versiyaya görə isə Cəmşid  Azərbaycanda ov edərkən oxu daşa dəyib və qığılcımdan od yaranıb. Bunu görənlər oda səcdə edib, həmin günü Novruz adlandırıblar. Bu da Novruzun Azərbaycana aid bayram olduğunu ortaya çıxarır.

Qədim insanlar müxtəlif nəğmələr qoşaraq təbiəti oyanmağa çağırıblar. Onlardan biri də “Qodu-Qodu”  nəğməsi olub. örkəmli türkoloq Mirəli Seyidovun araşdırmasına görə, Qodu günəşi oyandıran mifoloji ünsürdür. Bu, qədim türk mifologiyasından qaynaqlanan nəğmədir. Onun 2 funksiyası olub:  günəşi çağırmaq və yağışı kəsmək. Bu baxımdan qədim insanlar belə oxuyurlarmış:

Qodu gülmək istəyir

Qoymayın ağlamağa.

Novruzun digər müxtəlif oyunları da olub. Onlardan biri də “Borü və keçi” oyunu idi. Belə ki, ailə quran bəylə gəlin bu oyunu oynayırmış. Bəy gəlinin əlindəki keçini almaq istəyir, gəlinin adamları da qol-qola tutaraq, bəyin ona yaxınlaşmasına mane olurlarmış. 

Novruz ədəbiyyatımızda da mühüm yer tutur. Nizami əncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai və digər klassiklərimiz yaradıcılıqlarında Novruza ehtiramlarını ifadə ediblər. Milli kiinomuzda isə üseyn Seyidzadənin  “Dəli Kür”, Tofiq Tağızadənin “Yeddi oğul istərəm”  filmlərində Novruz bayramı yada salınıb. Onlar Novruza qadağaların olduğu sovet dövründə milli bayramımızı kino lentinin yaddaşına köçürərək, xalqımıza təqdim ediblər. 

Uzaq əsrlərdən gələn Novruz bayramı tonqallarının bu gün azad edilən torpaqlarımızda alovlanması fərəh doğurur.

Ceyhun MİRZƏLİ

 

Sosial həyat