102 yaşlı lənkəranlı seçicinin prezident seçkilərində 34 övladı, nəvə-nəticəsi də səs verəcək
Kələntərlilər Lənkəranda tanınmış nəsildir. Belə bir ailədə doğulmuş, bir əsrin kürəyini yerə vurmuş el ağsaqqalı Kamal Kələntərlini 30 il olar ki, tanıyıram. Bölgə müxbiri kimi çalışdığım ilk illərdən onunla ünsiyyətdə olmuşam. Həmişə dövlətçiliyə sədaqəti, ictimai fəallığı, yüksək ziyalı keyfiyyətləri, bir də şən zarafatları ilə seçilib, sevilib. Təsadüfi deyil ki, o, uzun müddət Lənkəran Rayon Ağsaqqallar Şurasına bacarıqla rəhbərlik edib.
Düz 80 il əvvəl Kamal Kələntərli pedaqoji məktəbi bitirdikdən sonra bir müddət Lerikin ucqar dağ kənd məktəblərində müəlim işləyib. Sonralar Bakı Kooperasiya Texnikumunu və Ümumittifaq Kooperasiya İnstitutunun Bakı filialında təhsilini artıran Kamal müəllim Lənkəranın ayrı-ayrı kəndlərində istehlak cəmiyyətlərinin sədri, rayon maliyyə şöbəsində inspektor, cənub bölgəsində dəmir yolu restoranlar birliyinin sədri vəzifələrində çalışıb. Dövlətçiliyə və xalqına sədaqətlə xidmət edən Kamal müəllim 1992-ci ildə təqaüdə çıxıb. YAP üzvüdür, uzun müddət rayon Ağdaqqallar şurasına rəhbərlik edib.
Məni onunla jurnalist həmkarlarım Ağaddin Babayev və Sərraf Talıb tanış ediblər. Birlikdə dəfələrlə ətirli Lənkəran çayı içmişik. Sonra tez-tez şəhər tədbirlərində görüşmüşük. Mənim də artıq nəvələrim olduğunu biləndə dediyi sözləri bu gün də təbəssümlə xatırlayıram: “Sən də babasan, – dedi. – Onda gərək mənə babaların babası deyəsən, çünki sən ailə quranda mən artıq baba idim”.
Bir dəfə Kamal Kələntərlini “Yeddi oğul istərəm” filmindəki Kələntər dayıya bənzətmişdim. İnciməmiş və qayıdıb demişdi ki, ad və zahiri görünüş öz yerində, amma mən elə də qəddar deyiləm ki, “Ürəyimi nişan al, Kələntər dayı, ağrıdır, axı” – desinlər...
Kamal babanın 100 yaşı tamam olanda icra hakimiyyətinin başçısı Taleh Qaraşov müavinləri ilə birlikdə onu evində zəyarət edib, xoş arzularını çatdırıb. Həmin gün yubiley tortu kəsilib, ona fəxri fərman və qiymətli hədiyyə təqdim edilib. Ölkənin hər yerindən təbriklər alan el ağsaqqalı dostlarının onu unutmadığından xeyli məmnun olub.
Bu yaxınlarda AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin və Fiziologiya İnstitutunun əməkdaşları Kamal babaya baş çəkiblər. 10 ilə yaxındır ki, o, uzunömürlü kimi mütəmadi tədqiq olunur. Uzunömürlülüyün fiziologiyası laboratoriyasının aparıcı elmi işçisi, dosent Sevinc Hüseynova qeyd edib ki, uzunömürlünün fiziki göstəriciləri yaşına görə normaldır, əllərində tremor yoxdur, yaddaşı mükəmməl, nitqi səlisdir, arterial təzyiqi adətən normada olur. Yaxşı eşidir, lakin bir az zəif görür. Hərəkətlidir. Jurnalistlərin verdiyi suallara aydın və əhatəli cavabları ilə diqqəti cəlb edir.
Dünən Ağaddin Babayevə zəng vurub Kamal babanı soruşdum. Onunla əlaqə saxladıqdan sonra bildirdi ki, 102 yaşlı seçicinin əhvalı yaxşıdır. Özü də fevralın 7-də seçki məntəqəsinə gedərək bu xoş günlərə, işıqlı sabahlara səs verməkdə qərarlıdır. Onun dedikləri: “Həmin gün hava pis olsa və məntəqəyə gedə bilməsəm, xahiş edəcəyəm, seçki qutusunu evimə gətirsinlər. Başqa cür ola bilməz. Çünki mən 18 yaşımdan seçkilərdə fəal iştirak etmişəm. Bu vaxtadək 100 dəfədən artıq səsimi səslərə qatmışam, daim ictimai-siyasi fəallıq göstərmişəm, indi də seçkilərdən kənarda qala bilmərəm. Qalib Azərbaycana, Qarabağı 30 illik işğaldan qurtarmış, suverenliyini tam bərpa etmiş dövlətimizə sidq-ürəklə səs verəcəyəm. Sağlıq olsun, 7 fevralda görüşərik”.
Sağlıq olsun, Kamal baba! Sizin bu yaşda da ictimai-siyasi fəallıq göstərməyiniz gənclər üçün əsl örnəkdir!
Əli NƏCƏFXANLI
XQ

