Ağ evin husiləri “terrorçu” adlandırması belə qiymətləndirilir
Bayden adminstrasiyasının yanvarın 17-də husiləri yenidən qlobal terrorçular siyahısına qaytarması siyasi dairələrdə geniş müzakirə olunmaqdadır. “Al Jazeera” (“Əl Cəzirə”) yazır ki, ABŞ-ın bu addımı münaqişəni daha da dərinləşdirə bilər. Amma bu, təkcə “Al Jazeera”-nin gəldiyi qənaət deyil.
Əslində 3 il əvvəl Bayden özü prezidentlik fəaliyyətinə başlayandan bir ay sonra, 2021-ci ilin yanvarında siyasi xələfi Donald Trampın Yəmən üsyançılarını daxil etdiyi “terrorçu” siyahısından çıxarmışdı. O zaman dövlət katibi Entoni Blinken bunu “Yəməndəki ağır humanitar vəziyyətin tanınması” ilə bağlı olan bir addım kimi təqdim etmişdi.
Bundan düz 3 il sonra Bayden adminstrasiyası yenidən bu adı husilərə “qaytarır” və onları Qırmızı dənizdə ticarət gəmilərinə hücum etdikləri üçün “xüsusi təyinatlı qlobal terrorçular” (SDGT) adlandırır. İnsan hüquqlarının müdafiəçiləri və siyasi analitiklər bunun dinc yəmənlilər üçün neqativ nəticələr verəcəyi haqqında həyəcan təbili çalırlar. Çoxları əmin deyillər ki, Baydenin atdığı bu addım husiləri hücumlarını dayandırmağa məcbur edə bilər.
Vaşinqtondakı Ərəb Mərkəzinin elmi əməkdaşı, “Human Rights Watch”un Yəmən üzrə tədqiqatçısı işləmiş Afra Nəsir “Al Jazeera”ya müsahibəsində bildirib ki, “mən bu qərarın Yəmənin sadə insanları üçün dağıdıcı nəticələrindən çox narahatam. Husilərin terrorçular siyahısına salınması üsyançılarla, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri başda olmaqla, koalisiya qüvvələri arasında uzun illər müharibənin getdiyi yoxsul Yəməndə humanitar böhranı daha da dərinləşdirəcək”.
BMT-nin məlumatına görə, bu gün Yəmən əhalisinin yarısının – 18,2 milyon insanın yardıma ehtiyacı var. Ölkə ciddi iqtisadi böhran yaşayır, insanların xərcləri artır, bununla yanaşı, əhalinin kütləvi yerdəyişməsi və aclıq baş alıb gedir.
Afra Nəsir deyir: “Bu gün sadə yəmənli ailələr husilərin daxili siyasətindən əzab çəkdikləri kimi, husiləri terrorçu elan edən ABŞ-ın Yəmənə yanlış münasibəti siyasətindən də əziyyət çəkirlər”.
ABŞ-ın Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi mətbuat konfransında bildirib ki, bu gün terrorçu statusu üsyançı husilərə istiqamətlənib, Yəmən xalqına yox. Jurnalistlərin bununla bağlı istənilən sanksiya husilərlə danışıqlara təsir edəcəkmi, sualını isə Kirbi qəti şəkildə belə cavablandırıb: “Heç bir danışıq yoxdur. Bu, müzakirə mövzusu deyil. Bu, husiləri məsuliyyətə cəlb etməkdir”.
Ağ evin sözügedən qərarından bir neçə saat sonra husilər Aden körfəsindəki Amerika gəmilərinə raket zərbələri endiriblər. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat verib ki, Birləşmiş Ştatlara məxsus “Genco Picardy” gəmisinə endirilən zərbədən heyət xəsarət almasa da, gəmi zədələnib.
ABŞ-ın Yəməndəki keçmiş missiyasının rəhbəri Nabil Huri də adminstrasiyanın bu qərarının təsirli olacağına şübhə ilə yanaşır. O deyir: “Düşünmürəm ki, bu qərar üstündə elə də ciddi düşünülüb. SDGT adının verilməsi daha çox təhqirə bənzəyir. Bu köhnə vaxtlarda kimi, rəqibin sifətinə əlcək atılması kimi təhqiramiz bir şeydir”.
Baş vermiş son hadisələr verilən proqnozları təsdiq edir. Yanvarın 22-dən 23-nə keçən gecə ABŞ və Böyük Britaniyanın hərbi təyyarələri yenidən Yəmənin “Ənsər Allah” (husilər) üsyançı hərəkatının mövqelərinə zərbələr endiriblər.
Vaşinqton və London bəyan edib ki, husilərin bütün hədəflərinə “əlavə silsilə adekvat və zəruri zərbələr” endirilib. Avstraliya, Bəhreyn, Kanada və Hollandiya əməliyyatın həyata keçirilməsini dəstəkləyiblər. Yəmənin ərazisinə “zəruri” və “proporsional” zərbələrin endirilməsini kim müəyyənləşdirib, bu haqda bir söz belə deyilmir. Əməliyyatların göstərilən ölkələr tərəfindən dəstəklənməsinə gəldikdə isə, aydın məsələdir ki, bu, ABŞ–İngiltərə hərbi əməliyyatlarına beynəlxalq hüquqi don geyindirmək cəhdindən başqa bir şey deyildir.
Britaniyanın “The Guardian” nəşrinin xəbər verdiyi kimi, yanvarın 23-də ilk saatlarda husilərin mövqelərinə 25-30 raket və bomba zərbəsi endirilmişdir ki, bu da ilk dəfə endirilən hava zərbələri dalğasından 2-3 dəfə azdır. Qarşı tərəfin verdiyi məlumata görə, həmin hava zərbələrindən husilərin hərbi infrastrukturuna ciddi zərər dəyməyib. “Ənsər Allah” hərəkatı isə qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə Qərbin gəmiçilik şirkətlərinə məxsus konteyner daşıyan tankerlərini atəşə tutaraq bununla Qəzza sektorundakı fələstinliləri dəstəklədiklərini nümayiş etdiriblər.
Xəbər verilir ki, ABŞ və Britaniyanın Yəmənin Husi hərəkatına qarşı həyata keçirdiyi son hücumlar zamanı təyyarələrdən, həmçinin hərbi gəmilərdən buraxılan “Tomaqavk” qanadlı raketlərdən istifadə edilib. Bununla belə, keçən dəfə olduğu kimi, bu dəfə də İngiltərənin 4 “Tayfun” qırıcı təyyarəsi Britaniyanın Kiprdəki “Akrotiri” bazasından səmaya qalxaraq hərbi uçuşlar həyata keçirib. Amerikalılar isə regionda yerləşdirdikləri “Duayt Eyzenhauer” avasiya daşıyan gəmisi başda olmaqla, zərbə qrupunu işə salmışlar.
“Ənsər Allah” hərəkatının nümayəndəsi Məhəmməd əl-Buhayti bəyan edib ki, şiə hərəkatı Qərbin maraqları üçün çalışan kommersiya gəmilərinə, həmçinin ABŞ-ın, Britaniyanın və onların müttəfiqlərinin hərbi gəmilərinə hücumları davam etdirəcək. “Amerika–Britaniya təcavüzü Yəmən xalqının zülmə məruz qalan Qəzzaya görə mənəvi və humanitar öhdəliklərini yerinə yetirmək naminə nümayiş etdirdiyi qətiyyəti daha da gücləndirir. Bu gün Yəmənlə ABŞ-Britaniya koalisiyası arasında müharibə gedir”, – deyə əl Buhayti bəyan edib.
“The Washington Post” qəzeti isə yazır ki, ABŞ Prezidenti Co Bayden adminstrasiyasının atdığı səhv addım husilərlə münaqişənin “uzunmüddətli hərbi kampaniyaya çevrilmək” riskini artırır və bu da Baydenin Rusiya və Çinə fokuslanan ABŞ xarici siyasətini çətinləşdirə bilər”.
Qəzet, həmçinin göstərir ki, Amerikanın husilərlə münaqişəsi bu yaxınlara qədər Yəmən ərazisinin əhəmiyyətli hissəsini cəsarətlə öz nəzarətinə alan və Səudiyyə Ərəbistanı ilə uzun sürən müharibəyə davam gətirən üsyançı “Ənsər Allah” hərəkatının nüfuzunu daha da gücləndirəcək.
Şərhçilər, hətta husilərə qarşı hərbi kampaniyada amerikalıların təsdiqini tapmış ilk itkilərinə işarə edərək göstərirlər ki, Vaşinqton bu yaxınlarda özünün iki hərbçisini – “dəniz pişiyi”ni itirib. Onlar dənizdə Yəmən üçün göndərilən silahları ələ keçirməyə cəhd göstərərkən gəmidən suya düşmüş və boğulub ölmüşlər.
Baş verənlərdən belə bir qənaət hasil olur ki, Yaxın Şərqdə lokal münaqişələrin sonu hələ görünmür.
Hazırladı:
İlqar RÜSTƏMOV
XQ

