Azərbaycanın sosial-iqtisadi inkişaf Strategiyasının icrası ilə bağlı “Sağlam həyat tərzi” İşçi qrupunun iclası keçirilib

post-img

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda 2025-ci ilin 1-ci yarımili üzrə nəzərdə tutulan tədbirlərin icrasının monitorinq və qiymətləndirilmə nəticələri ilə bağlı “Sağlam həyat tərzi” İşçi qrupunun iclası keçirilib.

XQ-yə verilən məlumata görə, işçi qrupun sədri, səhiyyə nazirinin müavini Nadir Zeynalov bildirib ki, hesabat dövründə icraçı qurumlar tərəfindən Strategiyada nəzərdə tutulan tədbirlərin icrası uğurla davam etdirilib. 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ramil Hüseyn Strategiya çərçivəsində görülən işlərin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də qarşıya qoyulan hədəflərə çatmaq üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. 

Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi Sevinc Cabbarova Strategiyanın 2025-ci ilin 1-ci yarımili üzrə nəzərdə tutulan hədəflərinin icrasına dair monitorinq və qiymətləndirmə hesabatını təqdim edib. O, “Vətəndaşların sağlam həyat tərzi” məqsədinin fəaliyyət istiqamətləri üzrə nəticələri, həmçinin qeydə alınan çağırışları və tövsiyələri diqqətə çatdırıb. Sonra İşçi qrupun üzvləri hesabatın nəticələri ilə bağlı çıxış ediblər, təkliflərini dilə gətiriblər.

Qeyd edək ki, Azərbaycan Respublikası Baş nazirinin 12 iyun 2023-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə 8 İşçi qrup yaradılıb. “Sağlam həyat tərzi” İşçi qrupunda Səhiyyə Nazirliyi və İİTKM ilə yanaşı, İqtisadiyyat, Maliyyə, Gənclər və İdman, Elm və Təhsil nazirlikləri, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in rəhbər şəxsləri təmsil olunurlar.



Sosial həyat