Dostlar ona, sadəcə, Çançal deyirdilər...

post-img

Ötən ilin payızında 4 respublikanın – Azərbaycan, Ukrayna, Tacikistan və Moldovanın Əməkdar məşqçisi olmuş, baş məşqçi kimi 1966-cı ildə “Neftçi”yə, 1974-də isə “Çernomorets”ə (Odessa) SSRİ çempionatının bürünc medallarını qazandırmış mərhum futbol mütəxəssisimiz Əhməd Ələsgərov haqqında qələmə aldığımız yazıda nə vaxtsa haradasa oxuduğum iki misranı da xatırlamışdıq:

Elə ki, işlər azacıq bəd gəlir, 

Dostların imdadına Əhməd gəlir.

İndi ötən əsrin 60–70-ci illərinin “Neft­çi” komandası futbolçularından daha ikisi haqqında deyilmiş misralar da yadıma düşür:

Elə ki, şəstlə Tuayev gəlir, 

Sanki, topun üstünə bir dev gəlir.

Təxminən, bir il əvvəl “Xalq qəzeti” məşhur hücumçu haqqında da oxucula­rının diqqətinə kifayət qədər geniş həcmli yazı çatdırmışdı. Ancaq bu iki misrasız. Deməli, indi həmin boşluğu doldurmuş olduq.

Azərbaycanın yaşlı futbol pərəstiş­karları Robert Çançaleyşvilini də unut­mayıblar. “Neftçi”nin müdafiə xəttinin sol cinahında oynayırdı. Tofiq Axundov, Adil və Yaşar Babayevlər, Vyaçeslav Semiq­lazov, Ravil Cəlilov, İvan Morqunovla birlikdə qapımızın toxunulmazlığı üçün əlindən gələni edirdi. Fədakar oyunu ilə azarkeşlərin sevimlisinə çevrilmişdi. Haqqında onların dilindən səslənən

“Dostlar ona, sadəcə Çançal deyir,

Ləngimə Robert, topu qaç al deyir…” 

misraları da elə-belə, təsadüfən meyda­na gəlməmişdi. Futbol pərəstişkarlarımı­zın nəvazişlə “Çançal” deyə çağırdıqları “4 nömrə” meydanda öz işini yorulma­dan, səylə yerinə yetirirdi.

Həmin iki misraya söykənib, yazı ha­zırlamaq fikrinə düşdükdə, statistikaya müraciət etmək də pis olmazdı. Ruhu şad olsun, yenə köməyimə mərhum həmkarım Abbas Əzimovun 2007-ci ildə nəşr etdirdiyi “Neftçi”-70 kitabı gəldi. Klu­bun 70 illiyinə həsr edilmiş kitabdan mə­lum olur ki, R. Çançaleyşvili beş mövsüm ərzində – 1960–1964-cü illərdə SSRİ çempionatlarında komandamızın şərəfi­ni qorumuşdur. O, üst-üstə 101 oyunun iştirakçısı olmuş və 1 qol da vurmuşdur.

Bu qol 1960-cı il sentyabrın 11-də, 22-ci SSRİ çempionatında o zaman hələ İ.V. Stalinin adını daşıyan Respublika stadionunda qeydə alınmışdır. “Neftçi” –“Moldova” (Kişinyov) görüşünün 45-ci dəqiqəsində Çançaleyşvili hesabı açmış, fasilədən sonra isə qonaqlar cavab topu vurmuşdular. Nəticədə, kuybışevli (indi samaralı) hakim N. Krılov 90 dəqiqənin tamamında 1:1 hesabı qeydə almış və rəqiblər meydandan eyni əhvalla ayrıl­mışlar, onlarda sevinc və məyusluq hiss­ləri qonşuluq etmişdir.

Statistika onu da göstərir ki, R. Çan­çaleyşvili SSRİ çempionatlarında 1960-cı ildə 21, sonrakı 4 ildə müvafiq surətdə 29, 22, 12 və 17 görüşdə meydana çıxmışdır.

Müəllifi məlum olmayan foto isə 1960-cı il iyunun 2-də keçirilmiş “Neftçi”–“Dina­mo” (Kiyev) görüşündə lentə alınmışdır. R. Çançaleyşvili (solda) qonaqların hücu­munun qarşısını almağa çalışır. 

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

İdman