Bu il idman həyatımız Qubadan yön alacaq

post-img

II YAZI

2024-cü il ərzində Qubanın Azərbaycanın İdman Paytaxtı seçilməsi rayon sakinlərinin razılığına səbəb olub. Sevindirici haldır ki, digər bölgələrimiz kimi, bu gözəl diyarda da idmana maraq böyükdür. Bu yazıda, əsasən, rayonun kəndlərində idmanın inkişafından söhbət açacağıq. 

Rayonda ən gözəl məkanlardan biri – Vəl­vələçayın sahilində yerləşən eyni adlı kənddə­ki kikboksinq zalında gələcəyin döyüş ustaları yetişir. Zalda məşqi əslən Talabıqışlaq kən­dindən olan Murad Səlimov keçir. O, əvvəl­lər kənddə idmanla məşğul olmaq üçün şərait olmadığından Quba rayonunun mərkəzində Əməkdar məşqçi, kikboksinq üzrə Azərbay­can millisinin böyük məşqçisi Telman Məhər­rəmovun rəhbərliyi altında kikboksinqlə məş­ğul olub, nailiyyətlər qazanıb. M.Səlimov idmanın muay-tay növü üzrə klublar arasın­da keçirilən Avrasiya çempionudur. Hazırda kikboksinqin K1 versiyası üzrə peşəkar dö­yüşlərdə iştirak edir. Aktivində 2 qalibiyyət, 2 məğlubiyyət, 1 nokaut var. 27 yaşlı gənc artıq yetirmələrinin uğurları ilə fəxr edə bilər. Onlardan Elton Bağırov, Nicat Azadov Azər­baycan çempionları, Sənan Mirzəyev “Baku Open” və ölkə çempionatının mükafatçısıdır. 

Telman Məhərrəmovla da görüşmək für­səti qazanırıq. 

Murad Səlimov kimi çoxlu yetirmələri olan T.Məhərrəmov, həm də bu idman növü üzrə Şimal bölməsinin rəhbəridir. Onun ye­tirmələrindən yeniyetmələr arasında dünya, gənclərin Avropa çempionu Murad Gəncə­liyev, yeniyetmələr arasında qitə çempiona­tının mükafatçıları Emil Gəncəliyev, Elton Hacıyev, kişilər arasında dünya, gənclərin Avropa çempionatlarının mükafatçısı Allah­verdi Dəmirov və digərlərinin adları böyük qürurla çəkilir. Telman müəllim bu gənclərin bəzilərinin 10 kilometrlərlə yol qət edərək məşqlərə gəldiyini deyir. 

Onlardan Əliməmmədoba kəndindən olan Murad Gəncəliyevlə söhbətləşirik. Kənddə 11-ci sinifdə təhsil alan Murad İta­liyada 2022-ci ildə yeniyetmələr arasında keçirilən dünya çempionatında qızıl medal qazandıqdan 1 il sonra Türkiyədə, Avropa çempionatında gənclər arasında çempion olub. Həmin il qardaşı Emil isə yeniyetmələ­rin yarışında gümüş mükafatçı olub. Murad deyir ki, kəndlərində yalnız cüdo zalı fəaliy­yət göstərir. Digər idman növləri ilə məşğul olmaq istəyən uşaqlar bunun üçün xeyli uzaq yol qət etməli olurlar. 

Qubada daha bir idman növü üzrə mütəxəssislə tanış oluruq. “Quba” Taek­vondo Klubunun direktoru, Quba rayon OEUGİŞM-in baş təlimatçısı, Əməkdar məşqçi Elşən Vəlibəyov taekvondonun Qu­bada 1992-ci ildən uğurla inkişaf etdiyini bildirdi. Özü və QRİOEUGİŞM baş məşqçisi kimi çalışan qardaşı Tural Vəlibəyov uzun illərdir ki, bu bölgədə məşqçi və mütəxəssis kimi saysız-hesabsız idmançı yetişdiriblər. 

Elşən Vəlibəyov deyir: 

– Klubumuz mərkəzdə yerləşsə də, Alek­seyevka və Qaraçay kəndlərində də bölmələri var. Təkcə ötən il Gülşən Aydayeva, Məryəm Cəfərova, Əlmurad Rzayev, Humay Da­daşov, Səyyad Dadaşov Azərbaycan çempi­onatının qalib və mükafatçıları olublar. Tural Vəlibəyovun yetirməsi Səyyad Dadaşov həm də Avropa çempionudur. 

Qubalı uşaqlar şahmata da maraq göstə­rirlər. Quba rayon İOEUGİŞM-in məşq­çi-müəllimi, məktəblilər arasında dünya çempionu Şəhriyar İsgəndərov həm də Olim­piya Kompleksində uşaqlara bu intellektual idman növünün sirlərini öyrədir. O qeyd edir ki, 5-6 yaşdan başlayaraq həm qızlar, həm də oğlanlar həvəslə məşqlərə yazılırlar. 

Qubanın Birinci Nügədi, eləcə də Əl­məmmədoba kəndlərində cüdo zalları fəaliyyət göstərir. Məşqçi-müəllim Vaqif İsmayılovun dediyinə görə, idman qurğu­larında kənd uşaqları böyük həvəslə məş­ğul olurlar: 

– Quba OİK ilə yanaşı, hər iki kənddə uşaq və yeniyetmələrə cüdonun sirlərini öy­rədirəm. Sevindirici haldır ki, oğlanlarla ya­naşı, qızlar da cüdoya maraq göstərirlər və məşqlərə həvəslə gəlirlər. Yetirmələrim ölkə­daxili yarışlarda, eləcə də beynəlxalq turnir­lərdə uğurlar qazanırlar. 

Vaqif İsmayılov Beynəlxalq Cüdo Fe­derasiyasının Akademiyasında təhsil alaraq biliklərini daha da zənginləşdirdiyini deyir. 

Quba kəndlərində belə zalların fəaliyyəti çox vacibdir. Uşaqlar burada həm idmanla məşğul olaraq möhkəmlənir, həm də asudə vaxtlarını səmərəli keçirirlər.

Qubanın idman həyatından söz düş­müşkən güləş, gimnastika, ağırlıqqaldırma, boks, sambo, üzgüçülük və digər növlər üzrə uğurları da unutmaq olmaz. Bu il həmin na­iliyyətlərin daha da artacağına heç bir şübhə yoxdur. Çünki bunun üçün potensial da var, zəmin də... 

P.S. Qubaya səfərimizi planlaşdırarkən havanın soyuq və qarlı olacağından xəbərdar idik. Amma ilin bütün fəsillərində heyrəta­miz və sirli təbiəti ilə insanı məftun edən bu bölgənin füsunkar gözəlliyi ilə qışda daha da cazibədar göründüyünü kim bilmir ki... Əmi­nik ki, turizm mərkəzlərindən biri kimi məş­hur olan Quba, həm də idman bölgəsi kimi də şöhrət qazanacaq. 

Leyla QURBANOVA
XQ

Bakı–Quba–Bakı

İdman