İsveç XİN: Terrorizmə qarşı mübarizədə Türkiyə ilə əməkdaşlıq edəcəyik

post-img

İsveç terrorla mübarizədə Türkiyə ilə sıx əməkdaşlığı davam etdirəcək.

Bunu mətbuat konfransında İsveçin xarici işlər naziri Tobias Billström Türkiyə parlamentinin İsveçin NATO-ya qəbulu ilə bağlı qanun layihəsinin təsdiqlənməsini şərh edərkən deyib.

Xarici işlər naziri Türkiyə Böyük Millət Məclisinə (TBMM) təşəkkürünü bildirib və “NATO çərçivəsində Türkiyə ilə sıx əməkdaşlığı davam etdirəcəklərini” qeyd edib.

Billströmün sözlərinə görə, proses Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təsdiqi ilə başa çatmalıdır.

İsveçli nazir “Anadolu”nun İsveçin NATO-ya üzvlüyünün Türkiyə ilə münasibətlərinə necə təsir edəcəyi ilə bağlı sualına da münasibət bildirib: “Təbii ki, Türkiyə Böyük Millət Məclisinin təsdiqi əvvəllər bağladığımız müqavilələri dəyərli etdi. Biz 2022-ci ildə Madriddə NATO-nun Zirvə toplantısında Üçtərəfli Memorandum (Türkiyə, Finlandiya və İsveç) haqqında razılığa gəldik və saziş daha sonra Vilnüsdə bağlandı. Bu müqavilələr qüvvədə qalır. Terrorla mübarizəmiz Türkiyə ilə sıx əməkdaşlıq çərçivəsində davam edəcək”.

 

P.ƏMİRCANOV

XQ

Dünya