Elektron səsvermə
Hüquq və İnsan Haqları İnstitutunun “Elektron səsvermə: konseptual, hüquqi və praktiki aspektlər” adlı yeni tədqiqat işi çapdan çıxıb. Kitab İnstitutun əməkdaşları İ.Əliyev, G.Ələsgərova, N.İbrahimli, G.Abasova və A.Ariflinin həmmüəllifliyi ilə ərsəyə gəlib.
Tədqiqat işi seçki hüququnun həyata keçirilməsini təmin edən seçki prosesinin əsas xüsusiyyətlərinin, problemlərinin, bu proseslə bağlı uğurlu təcrübələrin və inkişaf perspektivlərinin müasir texnoloji tərəqqi kontekstində hüquqi təhlilinə həsr edilib. Kitabda seçkilərin nəzəri və hüquqi məsələləri, o cümlədən elektron səsvermədən istifadə etməklə seçki prosesinin həyata keçirilməsinin praktiki və problemli aspektləri tədqiq edilərək gərəkli tövsiyələr verilib.
Nəşr 90 səhifəlikdir və seçki prosesinin iştirakçıları, hüquqşünaslar, alimlər, tələbələr, eləcə də seçkilərlə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
İnsan hüquqları
“Silahlı münaqişələr zamanı və münaqişədən sonrakı vəziyyətlərdə insan hüquqlarının müdafiəsi: beynəlxalq-hüquqi aspekt” adlı kitab (rus dilində) da həmin institutun məhsuludur.
Üzeyir Məmmədovla Turqay Hüseynovun redaktorluğu ilə nəşr olunan vəsaitdə beynəlxalq insan hüquqları və beynəlxalq humanitar hüququn ümumi məsələləri, silahlı münaqişələr zamanı ayrı-ayrı insan hüquq və azadlıqlarının müdafiəsi, eləcə də münaqişədən sonrakı dövrdə onların bərpası və həyata keçirilməsi xüsusiyyətləri araşdırılıb. Bu tədqiqat işində beynəlxalq-hüquqi sənədlərdən, universal və regional səviyyəli məhkəmə və kvaziməhkəmə orqanlarının praktikasından və presedentlərindən, habelə doktrinadan geniş istifadə edilib.
İnsan hüquqları üzrə magistr təhsili alan tələbələr üçün nəzərdə tutulan nəşrdən universitetlərin tələbə, doktorant və müəllimləri, hərbi və ya hüquq-mühafizə təhsili müəssisələrinin kursant və müdavimləri də istifadə edə bilərlər.
Qabil YUSİFOĞLU
XQ


