Milli şeirimizin yaddaş çələngi

post-img

Ağalar Bayramov – 70

Onun səsi ilahi vergi, ifası könül məlhəmidir

İllərdir ki, onun ifasında səslənən bədii qiraət nümunələri qəlbimizi fəth edir, gözəlliklərə kökləyir, bizi mübarizəyə səsləyir. O dillənəndə tamaşa salonlarına əvvəl sükut çökür, sonda alqışlar qopur. Yaşının 70-də belə Ağalar Bayramovun səsi hər kəsi duyğulandırır, ecazkar bir aləmə aparır. Çünki onun sənət üçün yanan ürəyi özünü səsində elə büruzə verir ki, biganə qalmaq olmur. 

Bir zamanlar Kazım Ziya, Müxlis Ca­nızadə, Soltan Nəcəfov, Əli Zeynalov, Əminə Yusifqızı, Mikayıl Mirzə, Həsən Əbluc kimi bədii qiraət ustaları səhnələr­də, televiziya və radioda təsirli çıxışları ilə sözün rəngini səslə cilvələndirərdilər. Ha­zırda o cür ifalar az olsa da, var, Ağalar Bayramov isə bu sırada birincilərdəndir. 

Əməkdar artist Ağalar Bayramov 1954-cü il yanvarın 16-da Ucar rayonu­nun Bayat kəndində anadan olub. Vali­deynlərini erkən itirdiyindən nənəsinin himayəsində böyüyüb. Onun bədii zövqü dahi Məhəmməd Füzulini yetirən bir türk boyundan qopub gəlmiş Bayat obasının nəğməli-bayatılı mühitində yoğrulub. İmkansızlıqdan ixtisas təhsilini bir qədər gec alıb. Hazırda məsləhətçi professor­luq etdiyi 100 yaşlı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini 1985-ci ildə fərqlənmə diplomu ilə bitirib. Aktyor və rejissor kimi layiqli çalışmaları olsa da, bədii qiraətə daha çox üstünlük verir, şairlərin könül pıçıltılarını özünün­küləşdirib elə təqdim edir ki, dinləyicilər heyran qalırlar.

Ağalar Bayramovun çıxışları ona görə təsirli olur ki, o, əsl söz sərrafıdır, hər şeiri əzbərləyib səhnəyə çıxmır, yal­nız duyğu və düşüncələrinə hakim kə­silən nümunələri əzbərləyib söyləyir. Elə buradaca əlavə edək ki, onun yaddaşı da həsəd aparılacaq qədər güclüdür. Şair­lər var ki, öz yazdıqlarını yadda saxlaya bilmir, üzündən oxuyurlar. Ağalar müəl­lim isə onlarca, bəlkə də yüzlərcə şairin şeirlərini çağlar bulaq kimi təqdim edir. Onun söz xəzinəsi çox zəngindir, üstə­gəl yanıqlı səsi ilə şeirləri bir qədər də dada-duza gətirir. Səsində canlandırdı­ğı misraların beytlərin, bəndlərin məna yükü uzun müddət dinləyicinin qəlbinə hakim kəsilir. 

Bir neçə filmdə baş rola çəkilib: “Oyun”, türkçülükdən bəhs edən “Tanrı işığı” və Məhəmməd Peyğəmbərə həsr olunmuş “Adın hikməti”. Onun ssenarisi üzrə çəkilmiş və özünün də iştirak etdiyi 11 film–tamaşa televiziyanın qızıl fon­dunda qorunub saxlanılır. Bunlar “Ata­mın kitabı” (Məmməd Araz), “Zamandan kənarda” (Fikrət Qoca), “Heç demirsən, Ələsgərim hardadı?” (Aşıq Ələsgər), “Ələsgərəm, hər elmdən halıyam” (Aşıq Ələsgər), “Yol ayrıcında söhbət” (Məm­məd Araz), eləcə də Mirzə Cəlilin, Əj­dər Olun əsərləri əsasında çəkilmiş ən dəyərli işlərdir. 

O, keçən illər ərzində müxtəlif səp­kili dövlət əhəmiyyətli tədbirlər vasitə­silə dünyanın Köln, Ottava, Oslo, Ko­penhagen, Brüssel, London, Stokholm, Moskva, Sankt-Peterburq, Riqa, İstanbul və başqa şəhərlərində mədəniyyətimizi və ədəbiyyatımızı özünəməxsus səsiylə təbliğ edib.

Ağalar Bayramov Vətən, yurd-yu­va sevgili şeirləri daha böyük coşğu ilə ifa edir. Bu nümunələri səsləndirəndə sanki od püskürür, alov saçır. “Ayağa dur Azərbaycan”, “Məndən ötdü”, “Azər­baycan dünyam mənim”, “Vətən”, “Azər­baycan bayrağı” və digər bu kimi şeir­lərlə sanki halal ana südünün qətrələrini dinləyiciləri ilə bölüşür. Aşıq Ələsgər, Rəsul Rza, Fikrət Qoca, Musa Yaqub, Nəriman Həsənzadə, Ramiz Rövşən, Zəlimxan Yaqubun yaradıcılığına sevə-sevə müraciət edir. Səhnədə ilk dediyi bədii parça Rüstəm Behrudinin "Vətən" şeiri olub. Bu yaxınlarda Ağalar Bayra­mov Rəsul Rza Ədəbiyyat Ocağı İctimai Birliyinin Rəsul Rza mükafatına layiq görülüb. 

1990-cı ildən üzübəri dövrü mətbu­atda Ağalar Bayramovun yaradıcılığı haqqında 100-dən çox məqalə, 70 şeir yazılıb. Unudulmaz şairimiz Məmməd Aslanın “Yurd həsrətinə od vuran bir səs”, Əlirza Xələflinin: “Səsin üç rəngi”, Ələmdar Quluzadənin “Səsin qüdrəti”, Tahir Aydınoğlunun “Xalq ruhunun əfsunedici səsi”, Qəşəm Nəcəfzadənin “Ağalar Bayramov – səs teatrı” kimi yazıları bu sıradandır. 

...Dilçi-alim, professor Tofiq Hacıyev Ağalar Bayramovun sənətini özünəməx­sus tərzdə dəyərləndirib: “Təbii ki, xəmi­ri, çörəyi dada gətirən duzdur. Dilin də, danışığın da ürəyə yatması, zövqü oxşa­ması ifaçının, söz sahibinin bəlağətindəki duzdan asılıdır. Bu gün yazıçı, şair, artist, müğənni bolluğunda usta qiraətçi azlığı aşkar görünür. Bu az olan sənətkarların içərisində Əməkdar artist Ağalar Bayra­mov öz ifasının duzu ilə seçilir. Onun səs tembri bir ilahi vergidir. İfasının bütün da­dı-duzu onun içindədir”.

Böyük şairimiz Musa Yaqub bir şeirin­də Ağalar Bayramova müraciət edib və həmin şeirin rədifi (Nə deyim?) əslində, bütün həqiqətləri üzə çıxarıb:

İl ağacın nə mübarək böyüyür,

Yarpaq-yarpaq, dənə-dənə, nə deyim?!

Bir şerimdə sözüm yarımcan olsa,

O sözümü dirildənə nə deyim?! 

Mərhum Xalq şairi Fikrət Qoca isə Ağaların sənətinin ictimai məzmununu belə dəyərləndirib: “Ağalar Bayramovun görüşünə məişət qayğıları ilə gələnlər evlərinə Dövlət, Vətən qayğıları ilə qayı­dırlar.”

“Vətən” poemasını, “Azərbaycan bay­rağı” şeirini dinləməkdən doymadığımız Ramiz Qusarçaylı deyir: “Ağaların ifası­nı, bir qayda olaraq, belə dəyərləndirir: “Ağalar mənim ən həssas, özüm qədər doğma bir oxucumdur. Şeirlərimi onun dilindən eşidəndə elə bilirəm ki, bunları mən yox, Ağalar yazıb”.

Ayaz Arabaçı da onun ifalarından ruhlanaraq yazır: 

Olsa da orda-burda nəfəsimi təngidən,

Haqqa doğru yürüşdə yoxdu məni ləngidən,

Bilməmiş olmazsınız ruhumdakı “Cəngi”dən,

Hər kəlməsi qılıncam, hər sözü qan oğlanam… 

Heç zaman endirmədim sözü zirvədən dizə,

Həmişə uca tutdum bayrağını qələmin.

Əjdər Ol isə Ağalar Bayramovun di­lindən yazıb: 

Şeir qarşısında, söz qarşısında,

Azərbaycanımın öz qarşısında

Ağalar başını əyir deyirəm,

Mənəm, Ağalaram, şeir deyirəm.

Bəli, yarım əsrdən bəri şeirlər demək­lə zövqümüzü oxşayan dəyərli sənətka­rımız öz yaradıcılığını durmadan inkişaf etdirib, səsi, qiraəti, müəllimliyi, vətənpər­vərliyi, aktyorluğu ilə həsəd aparılacaq uğurlar qazanıb.

Əziz dostumuz, gözəl sənətkarımız Ağalar Bayramovun 70 yaşı mübarək ol­sun!

Əli NƏCƏFXANLI
XQ

Mədəniyyət