Vaşinqton–Pekin oxu yenidən diplomatik ritmə keçə bilər. ABŞ və Çin arasında son illərdə dəfələrlə gərginləşmiş ticarət münasibətləri yeni bir “sakit dövrə” qədəm qoymağa hazırlaşır. ABŞ Ticarət naziri Hovard Lutnikin verdiyi açıqlamaya görə, iki ölkə arasında mövcud ticarət atəşkəsinin 90 gün müddətinə uzadılması ehtimalı yüksəkdir. Bu bəyanat “Fox News” kanalına verdiyi müsahibə zamanı səsləndirilib və “Bloomberg” tərəfindən yayılıb.
“Bu real nəticə ola bilərmi? Əlbəttə, mümkündür. Lakin yekun qərarı Prezident Trampa buraxaq,” – deyə Lutnik bildirib. Lutnik əlavə edib ki, ABŞ prezidenti Donald Tramp yaxın günlərdə bir neçə ölkə ilə yeni ticarət razılaşmaları bağlamaq imkanını da nəzərdən keçirəcək. Hələlik həmin ölkələrin adları açıqlanmasa da, Trampın bu həftə sonunadək bəzi geniş tarif qərarları imzalayacağı gözlənilir.
Hazırda qüvvədə olan ticarət razılaşmasının müddəti avqustun 12-də başa çatır. Xatırladaq ki, Vaşinqton və Pekin sonuncu dəfə tarifləri qarşılıqlı olaraq azaltmaq, nadir torpaq elementlərinin ixracına dair nəzarət tədbirlərini yüngülləşdirmək və texnologiya transferinə dair bəzi məhdudiyyətləri yumşaltmaq barədə razılığa gəlmişdi. Bu, tərəflərin “gözə-göz” prinsipindən müəyyən qədər uzaqlaşdığı bir mərhələ idi.
Bundan əvvəlki gərgin dövr isə ticarət müharibəsi kimi qiymətləndirilmişdi. 2025-ci ilin aprel ayında Prezident Tramp Çin məhsullarına 145 faiz həcmində rekord tariflər tətbiq etmişdi. Çin də cavab olaraq ABŞ məhsullarına tariflər qoymuş, o cümlədən amerikalı kino istehsalçılarının filmlərinə idxal məhdudiyyətləri tətbiq etmişdi.
Nəhayət, iyunun 11-də tərəflər qarşılıqlı güzəştlərə əsaslanan bir razılaşma imzalayaraq “ticarət müharibəsinə son qoyulduğunu” elan etmişdilər. Müqaviləyə əsasən, Çin ABŞ-a nadir torpaq metalları ixrac etməyi, ABŞ isə Çin tələbələrinə öz universitetlərində təhsil almağa şərait yaratmağı öhdəsinə götürmüşdü.
Yeni danışıqların iyulun 29-da davam etdirilməsi planlaşdırılır. Həm ABŞ, həm də Çin tərəfi bu mərhələdə razılaşmanın uzadılması və ya yenidən formatlaşdırılması üçün siyasi iradə göstərməlidir. Müşahidəçilər bu prosesi həm iqtisadi baxımdan, həm də geosiyasi zəmində diqqətlə izləyirlər.
Mütəxəssislərin sözlərinə görə, ticarət atəşkəsi, sadəcə, iqtisadi deyil, eyni zamanda, siyasi təzyiq alətidir. ABŞ və Çin arasında mütəmadi təzyiq və güzəşt oyunu müşahidə olunur. Bu dəfə atəşkəsin 90 gün uzadılması ehtimalı yüksəkdir, lakin bu yalnız vaxt qazanmaq məqsədi daşıyır. Əsas sual – tərəflər bu vaxt ərzində daha dərin, struktur xarakterli razılaşmaya nail ola biləcəkmi? Bu, həm dünya iqtisadiyyatı, həm də texnoloji təhlükəsizlik baxımından böyük əhəmiyyət kəsb edir.
Bir sözlə, ABŞ və Çin arasındakı ticarət atəşkəsinin uzadılması dünya iqtisadiyyatına müvəqqəti rahatlıq gətirə bilər və qlobal inkişaf üçün müsbət bir siqnaldır. Lakin bu, hələ də böyük qeyri-müəyyənliklərlə müşayiət olunur. Əsas məsələ, tərəflərin bu “sakit dövrü” əsl konstruktiv dialoq və struktur problemlərin həlli üçün istifadə edib-etməyəcəyidir. Əgər fundamental məsələlər həll olunmazsa, gələcəkdə yeni ticarət gərginlikləri qlobal iqtisadiyyatı yenidən təhdid edə bilər. Dünya iqtisadiyyatının gələcəyi, böyük ölçüdə bu iki iqtisadi supergücün uzunmüddətli əməkdaşlıq və ya rəqabət yolunu seçməsindən asılı olacaq.
Səbuhi MƏMMƏDOV,
XQ